Ukrayna qüvvələri Rusiyanın Yaroslavsk şəhərindəki “Slavneft-YANOS” neft emalı zavodunu vurublar; 28 avqust 2026 (foto: “Exilenova+”)

 

 

Rusiya silahlı qüvvələri avqustun 28-də səhər saatlarında Zaporojye şəhərində yerləşən “Episentr” tikinti hipermarketinə PUA ilə hücum edib. Zərbə nəticəsində ticarət mərkəzinin binasına ciddi ziyan dəyib, 2 min kvadratmetr ərazini əhatə edən güclü yanğın başlayıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, avqustun 27-si saat 18:00-dan etibarən Rusiya ordusu ölkəyə ümumilikdə 164 zərbə və imitasiya PUA-sı ilə hücum edib. Onların təxminən yarısının reaktiv mühərrikli olduğu, hücumda “Shahed”, “Gerbera” və “Parodiya” tipli aparatlardan istifadə edildiyi bildirilir.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorovun məlumatına görə, hücum zamanı dörd nəfər yaralanıb. Hadisə yerindən yayılan foto və videolar zərbənin dinc sakinlərin istifadə etdiyi ticarət obyektinə düşdüyünü göstərir. Əraziyə təcili tibbi yardım və xilasetmə briqadaları cəlb olunub.

PUA-ların Rusiyanın Oryol, Bryansk və Millerovo ərazilərindən, eləcə də işğal olunmuş Donetskdən və Krımdakı Qvardeyskoye məntəqəsindən buraxıldığı qeyd olunur.

Ukraynanın Hava Hücumundan Müdafiə qüvvələri ölkənin şimal, cənub, şərq və mərkəzi regionlarında 137 PUA-nı vurduğunu və ya radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirdiyini açıqlayıb. Buna baxmayaraq 16 məntəqədə birbaşa zərbə, dörd məntəqədə isə vurulmuş dronların qalıqlarının düşməsi qeydə alınıb.

Son vaxtlar Rusiya ordusunun Ukraynanın müxtəlif şəhərlərində ticarət obyektlərini hədəfə alması hallarının artdığı bildirilir. Avqustun 27-də Xarkovun Osnovyanski rayonundakı ticarət mərkəzinə PUA zərbəsi nəticəsində 40 yaşlı kişi həlak olub, dörd nəfər yaralanıb. Avqustun 15-də isə Zaporojyedə ticarət mərkəzi və sənaye müəssisəsi dron hücumuna məruz qalıb.

Ukrayna qüvvələrinin hücumları

Rusiya rəsmilərinin məlumatına görə, Ukraynaya məxsus PUA-lar Yaroslavla və Rusiyanın ilhaq etdiyi Sevastopola hücum edib.

Sevastopola Rusiyanın rəhbər təyin etdiyi Mixail Razvojayev bildirib ki, zərbə nəticəsində beşmərtəbəli yaşayış binası zədələnib. Binanın pəncərələri qırılıb, eyvanlara ziyan dəyib və sonuncu mərtəbədə yanğın başlayıb. Onun sözlərinə görə, yaxınlıqda yerləşən uşaq bağçasının korpusları da zədələnib. Hücum zamanı dörd nəfər yaralanıb.

Yaroslavl vilayətinin rəhbəri Mixail Yevrayev isə neft emalı zavodunun yaxınlığında Yaroslavldan Moskva istiqamətinə nəqliyyatın hərəkətinin dayandırıldığını açıqlayıb. Hücumun nəticələrinin aradan qaldırılması ilə əlaqədar şəhərdə iki uşaq bağçasının gün ərzində bağlı qalacağı bildirilib.

“Astra” nəşri, eləcə də Ukraynanın “Exilenova+” və “Supernova+” monitorinq kanalları Yaroslavldakı “Slavneft-YANOS” neft emalı zavodunun vurulduğunu yazıblar.
Daha sonra Yevrayev hücum nəticəsində bir nəfərin öldüyünü, 27 nəfərin yaralandığını açıqlayıb. Onun sözlərinə görə, yaralılardan 10-u dron qalıqlarının şəhərlərarası avtobusun üzərinə düşməsi nəticəsində xəsarət alıb.

Yevrayev 67 PUA-nın hamısının zərərsizləşdirildiyini, tələfat və dağıntıların isə dron qalıqlarının sənaye infrastrukturu, yaşayış məntəqələri və ticarət obyektlərinin üzərinə düşməsi nəticəsində yarandığını iddia edib.

Saratov və Moskva vilayətlərində də hücumlar olub

Saratov vilayətinin rəhbəri Roman Busarqin PUA hücumu təhlükəsi barədə xəbərdarlıq edib. “Astra” yerli sakinlərə istinadən Engels şəhərində partlayış səslərinin eşidildiyini yazıb.

“Supernova+” kanalının iddiasına görə, hücumun hədəfi Engels hərbi aerodromu olub və ərazidəki Tu-95 bombardmançı-raketdaşıyan təyyarə yanıb. Aerodroma hücum edilməsi və təyyarənin zədələnməsi barədə məlumat rəsmi şəkildə təsdiqlənməyib.

“Supernova+” və “Exilenova+” kanallarının məlumatına görə, Moskva vilayətinin Pavlovski Posad şəhərində gecə saatlarında “Maqnit” şəbəkəsinə məxsus supermarketdə yanğın baş verib. Bundan əvvəl şəhərdə partlayış səslərinin eşidildiyi bildirilmişdi. “Astra” şəhərin üzərində qara tüstünün göründüyünü yazıb.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov mağazaya zərbə endirilməsi barədə məlumatı təsdiqləyib. Onun sözlərinə görə, partlayış dalğası yaxınlıqdakı poliklinikaya da ziyan vurub: böyüklər şöbəsinin 46 pəncərəsi qırılıb. Buna baxmayaraq, tibb müəssisəsi fəaliyyətini davam etdirir.

“Politfm”