Trişuli şəhəri, Nepal; 26 avqust 2026 (foto: “Reuters”)
Çinin Tibet Muxtar Rayonu və Nepal arasındakı dağlıq ərazidə buzlaq, qaya və torpaq kütləsinin uçqunu nəticəsində yaranan qəfil daşqın böyük dağıntılara və insan tələfatına səbəb olub. Son rəsmi məlumatlara görə, Nepalda 270, Tibetdə isə üç nəfər həlak olub. Ümumilikdə 1 300-dən çox insan itkin sayılır (“Associated Press”).
Nepal tərəfdə 826 nəfərin itkin düşdüyünü bildirilir. Nepal Turizm Şurasının məlumatına görə, onların 517-si xarici vətəndaşdır. Tibet tərəfində isə 558 nəfərdən xəbər yoxdur; Çin dövlət mediası itkinlərin azı 260-nın əcnəbi olduğunu açıqlayıb.
Rəqəmlər müxtəlif qurumların ayrı-ayrı siyahılarına əsaslandığından və sərhədin hər iki tərəfində koordinasiya çətinlikləri yaşandığından yekun say dəyişə bilər. Bəzi şəxslərin birdən çox siyahıya daxil edilməsi ehtimalı da istisna olunmur.
İtkinlər arasında Hindistan, ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada və digər ölkələrin vətəndaşları var. Onların bir hissəsi dağ yürüşündə olan turistlər, digərləri isə hindular və buddistlər üçün müqəddəs sayılan Kaylaş dağı və Manasarovar gölünə gedən zəvvarlardır.
Daşqına nə səbəb olub?
İlkin məlumatlarda hadisənin 4,4 bal gücündə zəlzələ nəticəsində baş verdiyi ehtimal edilirdi. ABŞ Geoloji Xidməti sonrakı təhlillərin bölgədə zəlzələ olmadığını göstərdiyini açıqlayıb. Qeydə alınan seysmik dalğalar buz, qaya və torpaq kütləsinin hərəkəti nəticəsində yaranıb.
Peyk görüntülərinin ilkin təhlilinə əsasən, buz və qaya uçqunu Tibet tərəfdə, Nepal–Çin sərhəd-keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə Lhende çayına düşüb. Bunun ardınca su, palçıq və qaya parçalarından ibarət güclü axın dərələrlə aşağı hərəkət edərək yaşayış məntəqələrini vurub. Uçqunu hansı amilin yaratdığı isə hələ araşdırılır (“The Guardian”).
Hadisə yerindən yayılan videolarda nəhəng su və palçıq kütləsinin sərhəd məntəqəsini, yaşayış binalarını və nəqliyyat vasitələrini saniyələr ərzində götürüb apardığı görünür. Bütöv kəndlər və bazar əraziləri dağılıb, yollar, körpülər və enerji obyektləri ciddi zərər görüb.
Nepalın Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi üzrə Milli İdarəsinin məlumatına görə, azı 35 avtomobil körpüsü, 45 asma körpü və təxminən 40 kilometr yol zədələnib (“Radio Nepal”).
Xilasetmə əməliyyatları davam edir
Axtarış-xilasetmə işlərinə Nepal ordusu və polisi, helikopter heyətləri, eləcə də Çinin fövqəladə hallar üzrə qüvvələri cəlb olunub. Nepaldakı xilasetmə əməliyyatlarında 5000-dən çox hərbçi və polis iştirak edir. Tibet hakimiyyəti isə təxminən 800 xilasedici, 150 avtomobil, xüsusi təlim görmüş itlər və sürətli qayıqlar səfərbər edib.
Yolların dağılması, elektrik enerjisinin və rabitənin kəsilməsi əməliyyatları çətinləşdirir. Çin rəsmiləri yuxarı axarda yaranmış təbii bənd gölünün ikinci daşqın riski yaratdığını bildirərək ətraf ərazilərdə yaşayanları təxliyə ediblər.
BMT və humanitar tərəfdaşları hadisə yerinə tibbi ləvazimat, ərzaq, sığınacaq vasitələri və personal göndərərək peyk görüntüləri vasitəsilə fəlakətin miqyasını qiymətləndirirlər.
ABŞ Nepal üçün 500 min dollar həcmində təcili yardım və fəlakətlər üzrə mütəxəssislər göndərəcəyini açıqlayıb. Böyük Britaniya isə beş milyon funt-sterlinq yardım ayıracağını və xilasedici heyət göndərməyə hazır olduğunu bildirib.
Sağ qalanların sözlərinə görə, su və palçıq axını qəfil və böyük sürətlə gəldiyindən insanların təxliyəsi üçün, demək olar ki, vaxt qalmayıb. Axtarışlar davam etdikcə ölənlərin sayının artacağı gözlənilir.
“Politfm”



