Foto: internet
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında yaşaşan məcburi köçkünlər onlara verilmiş evlərin təmirə ehtiyac olduğu barədə sosial şəbəkələrdə paylaşımlar edirlər. Onlar yardımçı fərdi təsərrüfat obyektləri tikmək üçün dövlətdən maliyyə yardımı da istəyirlər.
Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyindən APA-ya bildirilib ki, sakinlərin bir ildən artıq yaşadıqları evlərdə təbii istismar nəticəsində yaranan cari təmir ehtiyaclarının, eləcə də əlavə tikili, toyuq hini, tövlə və digər yardımçı təsərrüfat obyektlərinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulmayıb. Bu cür tikililər ilkin yaşayış layihələrinə daxil edilmədiyindən onların inşası üçün ayrıca dövlət vəsaiti ayrılmır.
Bununla yanaşı, evlərin tikintisi və ya sakinlərə təhvil verilməsi zamanı yol verilmiş mümkün qüsurlarla bağlı əsaslandırılmış müraciətlərin araşdırıldığı qeyd olunub. Bildirilib ki, yaşayış sahəsinin təhlükəsizliyi və yararlılığına təsir göstərən tikinti qüsurları konkret faktlarla təsdiqlənərsə, məsələyə qanunvericiliyə uyğun qaydada baxılacaq.
Xüsusi nümayəndəlik bir ildən artıq yaşayışdan sonra evlərin ümumi şəkildə “yararsız” adlandırılmasının kifayət etmədiyini vurğulayıb. Qurumun mövqeyinə görə, belə iddialar konkret qüsurlar göstərilməklə və müvafiq texniki baxışın nəticələri ilə əsaslandırılmalıdır.
İyul ayında Ağdərə rayonunun Həsənriz kənd sakini Elnarə Səlimova ailəsinə təklif edilən evin altı nəfərin, o cümlədən üç azyaşlının yaşaması üçün uyğun olmadığını bildirmişdi. Onun sözlərinə görə, əvvəlcə bir yaşayış sahəsi kimi istifadə olunan ev sonradan arakəsmələrlə iki hissəyə bölünüb. Nəticədə bəzi otaqlar pəncərəsiz və olduqca dar vəziyyətə düşüb, otaqlardan birinə isə çarpayı yerləşdirmək mümkün olmayıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həmin vaxt bildirmişdi ki, Elnarə Səlimova ona təklif olunan evə köçməkdən imtina edib. Qurum məsələyə köçürülmənin növbəti mərhələsində yenidən baxılmasının mümkün olduğunu açıqlamışdı.
“Böyük Qayıdış” layihəsi çərçivəsində verilmiş evlərin tikinti keyfiyyəti ilə bağlı başqa şikayətlər də sosial şəbəkələrdə yayılıb. Aprel ayında Cəbrayıla köçürülmüş sakinlərdən biri ona verilən evin aşağı fasad və kürsülük hissəsində suvaqla üzlüyün qopduğunu göstərən videomüraciət paylaşmışdı. Sakin həmin evdə cəmi bir ay yaşadığını bildirərək tikintinin keyfiyyətindən narazılığını ifadə etmişdi.
Şikayət sosial şəbəkələrdə geniş yayılandan bir gün sonra həmin şəxsin əvvəlki çıxışına görə üzr istədiyi və artıq şikayətinin olmadığını bildirdiyi başqa bir video yayımlanmışdı. Çoxsaylı sosial şəbəkə istifadəçiləri üzr videosunun dövlət qurumlarının təzyiqi altında çəkildiyini iddia etmişdilər.
“Politfm”



