Foto: “Novaya qazeta”

 

 

Avqustun 25-dən 26-na keçən gecə Ukrayna qüvvələri Rusiyanın Nijni Novqorod vilayətindəki iri neft emalı müəssisəsinə zərbə endiriblər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, Kstovo şəhərində yerləşən “Lukoyl-Nijeqorodnefteorqsintez” zavodunun vurulduğunu və müəssisənin ərazisində yanğın başlandığını təsdiqləyib.

Baş Qərargahın məlumatına görə, Rusiyanın ən böyük neft emalı müəssisələrindən olan bu zavod ildə təxminən 17 milyon ton neft emal edə bilir. Müəssisədə avtomobil benzini, dizel və aviasiya yanacağı, mazut və başqa neft məhsulları istehsal olunur. Ukrayna tərəfi zavodun Rusiya ordusunun yanacaq təminatında iştirak etdiyini bildirir.

Tambov vilayətinin Kotovsk şəhərində isə “Wildberries” onlayn ticarət platformasına məxsus logistika mərkəzi vurulub. Vilayətin qubernatoru Yevgeni Pervışov yanğının təxminən 100 min kvadratmetr ərazini əhatə etdiyini və mərkəzin tamamilə məhv olduğunu bildirib. İki nəfərin yaralandığı açıqlanıb (“Reuters”).

Rusiya Müdafiə Nazirliyi avqustun 25-i saat 20:00-dan avqustun 26-sı saat 07:00-dək ölkənin 15 bölgəsində və Rusiya tərəfindən ilhaq olunmuş Krımda 426 Ukrayna dronunun vurulduğunu və ya ələ keçirildiyini iddia edib. Bu rəqəm müstəqil mənbələr tərəfindən təsdiqlənməyib (“Associated Press”).

Rusiya yerli hakimiyyət orqanlarının məlumatına görə, Lipetsk vilayətində düşən dronun yaratdığı yanğında bir kişi və 14 yaşlı yeniyetmə həlak olub. Belqorod vilayətində isə dron zərbəsi nəticəsində bir qadının öldüyü bildirilir.

Rusiya ordusu Ukrayna ərazisinə 162 dron buraxıb

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya avqustun 25-i saat 18:00-dan avqustun 26-sı səhərədək Ukraynaya 162 dron buraxıb. Hücumda “Shahed” tipli dronlardan, onların reaktiv mühərrikli variantlarından, “Gerbera” dronlarından və “Parodiya” adlı imitasiya aparatlarından istifadə olunub.

Hava hücumundan müdafiə qüvvələri ölkənin şimalında, cənubunda və şərqində 134 dron vurub və ya radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirib.

Dronların 18 ərazidə hədəfə dəydiyi, daha üç ərazidə isə vurulmuş aparatların qalıqlarının düşdüyü qeydə alınıb.
Hücumun dəf edilməsinə aviasiya, zenit-raket qoşunları, radioelektron mübarizə və pilotsuz sistem bölmələri, həmçinin mobil atıcı qruplar cəlb olunub.

Çerniqov polisinin məlumatına görə, yaşayış evinə düşən dron 39 yaşlı qadının və 4 yaşlı qızının həyatına son qoyub. Onun 14 yaşlı qızı isə xəstəxanaya yerləşdirilib.
Bu gün – avqustun 26-sı Çerniqovda matəm günü elan olunub.

Rusiya qüvvələri bir neçə saat sonra Çerniqova yenidən zərbə endiriblər. Dörd nəfərin yaralandığı, dağıntılar altında qalanlar ola biləcəyi bildirilir (“Suspilne Çerniqov”).

“Politfm”