Foto: Ermənistan Antikorrupsiya Komitəsinin yaydığı videodan kadr, şəkildəki üzlər komitə tərəfindən bulanıqlaşdırılıb
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, onun böyük oğlu Sedrak Koçaryan və daha dörd nəfər korrupsiya xarakterli cinayətlərlə bağlı araşdırma çərçivəsində saxlanılıb.
Bu barədə “Armenpress” məlumat yayıb.
Ermənistanın Antikorrupsiya Komitəsinin açıqlamasında digər dörd nəfərin adları açıqlanmayıb.
İstintaqın iddiasına görə, Koçaryan prezident olduğu dövrdə vəzifə imkanlarından istifadə edərək yaxın şəxslərlə əvvəlcədən razılaşma əsasında ictimai və iqtisadi əhəmiyyət daşıyan bir sıra qiymətli əmlakı dövlət mülkiyyətindən çıxararaq müxtəlif şirkətlərin adına rəsmiləşdirib.
Yerevanda Açaryan və Tsarav Ağbyur küçələrinə bitişik 8,3 hektarlıq torpaq sahəsi 44 milyon 657 min drama satın alınıb. 2002-ci ildə həmin ərazidə “Play City” əyləncə mərkəzi tikilib. İki il sonra — 15 noyabr 2004-cü ildə torpaq sahəsinin sahibi olan “Fast Kart” şirkətindəki 50 faizlik pay bağışlama yoluyla keçmiş prezidentin oğlunun adına rəsmiləşdirilib.
“Kaskad” kompleksinin sol tərəfində yerləşən 2 hektarlıq torpaq sahəsi 39 milyon 630 min drama satın alınıb. Daha sonra bu sahə Yerevanın daha əlverişli ərazisində yerləşən eyni ölçülü başqa dövlət torpağı ilə dəyişdirilib. Əvəzində əldə olunan torpaq sahəsi isə 1 milyard 741 milyon 931 min drama satılıb.
Paronyan küçəsi, 8 ünvanında yerləşən və “Yeraspasarkum” dövlət qapalı səhmdar cəmiyyətinin balansında olan bina 40 milyon drama satın alınıb. Sonradan həmin ərazidə tikilən çoxmənzilli binadakı bazar dəyəri 331 milyon 800 min dram olan 600 kvadratmetrlik kommersiya sahələri və avtomobillər üçün iki dayanacaq yeri saxta alqı-satqı müqavilələri ilə keçmiş prezidentin oğlunun adına rəsmiləşdirilib.
Geqarkunik vilayətində yerləşən “Kaputak Sevan” kurort kompleksi 83 milyon 669 min drama satın alınıb. Kompleksin sahibi olan “Art Build” şirkətindəki 50 faizlik pay 2010-cu il yanvarın 15-də bağlanmış saxta alqı-satqı müqaviləsi ilə keçmiş prezidentin oğlunun adına keçirilib.
Tsitsernakaberd şosesi, 7/1 ünvanındakı Olimpiya Ehtiyatları üzrə Uşaq-Gənclər İdman Məktəbinə məxsus 29 min kvadratmetrlik torpaq sahəsi və həmin ərazidə yerləşən 1700 kvadratmetrlik bina 12 milyon 267 min drama satın alınıb. 2008-ci ildə orda premium səviyyəli “Orange Fitness” fitnes klubu tikilib. Əmlakın sahibi olan şirkətin 50 faizlik payı 2009-cu ildə saxta sövdələşmə yolu ilə keçmiş prezidentin oğlunun yaratdığı şirkətin adına rəsmiləşdirilib.
İstintaqın iddiasına görə, Koçaryan iki binanın dövlət mülkiyyətindən çıxarılaraq “Piazza Grande” şirkətinə verilməsini təşkil edib və bunun müqabilində rüşvət alması barədə dəlillər var. Söhbət Vazgen Sarkisyan küçəsi, 20 ünvanında yerləşən və tarix-mədəniyyət abidəsi sayılan Zabitlər Evindən, eləcə də Nalbandyan küçəsi, 16 ünvanındakı yarımçıq tikilidən gedir. İddiaya görə, Koçaryana rüşvət kimi ümumi dəyəri 2 milyard 633 milyon 934 min dram olan 56 daşınmaz əmlak verilib. Əmlakın əsl sahibini və mənşəyini gizlətmək üçün həmin obyektlər saxta alqı-satqı müqavilələri ilə keçmiş prezidentin ailə üzvlərinin və onlarla əlaqəli qurumların adına rəsmiləşdirilib.
İstintaqın araşdırdığı başqa bir epizod Admiral İsakov prospekti, 22 və 22/4 ünvanlarında yerləşən, Müdafiə Nazirliyinə məxsus torpaq sahələri ilə bağlıdır. Elmi-istehsalat stansiyasının tikintisi üçün nəzərdə tutulan ərazi də daxil olmaqla, bu torpaqların ümumi bazar dəyəri 1 milyard 393 milyon 870 min dram olub. Lakin həmin sahələr keçmiş prezidentə yaxın şəxsə məxsus şirkətə bazar dəyərinin dörddə biri qiymətinə satılıb.
İstintaqın iddiasına görə, torpaq sahələrinin xeyli ucuz qiymətə satılması və “Toyota” şirkətinin Ermənistanda nümayəndəlik açmasına maneəsiz şərait yaradılması müqabilində 2006-cı il mayın 9-da “Toyota Yerevan” şirkətindəki 30 faizlik pay rüşvət kimi Koçaryana verilib. Payın cinayət yolu ilə əldə edildiyini gizlətmək üçün bu pay saxta alqı-satqı müqavilələri ilə keçmiş prezidentin oğlunun adına rəsmiləşdirilib.
Avqustun 25-də Koçaryanın ailəsi ilə əlaqəli onlarla ünvanda axtarış aparılıb. Robert Koçaryanın digər oğlu, parlamentin deputatı Levon Koçaryanın evində də axtarış keçirilib.
Koçaryanın ofisinin rəhbəri Baqrat Mikoyan baş verənləri hakimiyyətin keçmiş prezidentə və ailəsinə qarşı “növbəti hücumu” adlandırıb.
Müdafiə tərəfi saxlanmalar və axtarışlarla bağlı məlumatları dəqiqləşdirməyə çalışdığını bildirib.
“Politfm”



