Foto: CNN
ABŞ-ın maliyyə naziri Skott Bessent bazar ertəsi İrana iqtisadi təzyiqi artıran yeni tədbirləri açıqlayıb. Bu tədbirlər çərçivəsində 60 fiziki şəxs, təşkilat və gəmiyə qarşı sanksiyalar elan olunsa da, İranla ticarəti davam etdirən ölkələrə yönələn daha sərt ikinci dərəcəli sanksiyalar hələlik tətbiq edilməyib. Bessent bildirib ki, ticarəti davam etdirən ölkələr dollar əsaslı maliyyə sistemindən kənarlaşdırıla bilər.
Bu barədə “Reuters” məlumat yayıb.
Bessent sanksiyaların hansı ölkələri hədəf alacağını və nə vaxt qüvvəyə minəcəyini açıqlamaqdan imtina edib. O, həmin ölkələrə yeni tələblərə əməl etmələri üçün vaxt veriləcəyini bildirib. ABŞ Maliyyə Nazirliyi 60 fiziki şəxs, təşkilat və gəmiyə qarşı yeni sanksiyalar elan etsə də, siyahıya İranın neft ticarətinə yardım göstərməkdə şübhəli bilinən heç bir Çin maliyyə institutu daxil edilməyib.
Yeni sanksiyalarla bağlı xəbər yayılmazdan əvvəl İran ABŞ-nin istənilən iqtisadi tədbirinə cavab olaraq həm hərbi addım ata, həm də Fars körfəzindən neft ixracını daha da azalda biləcəyi barədə xəbərdarlıq etmişdi.
“ABŞ-nin sanksiyalarına tam hazırıq. Təbii ki, düşmənlər bizə qarşı iqtisadi terror hücumu həyata keçirmək niyyətindədirlər. Ancaq bizim də öz vasitələrimiz var və bu oyunu necə oynamağı bilirik. Biz artıq yalnız müdafiə mövqeyində deyilik. Düşmənlər hücum gözləsinlər” – Bessentin açıqlamasından sonra İranın iqtisadiyyat naziri Əli Mədənizadə belə deyib.
İranla ABŞ iyun ayında müharibəyə son qoymağa yönəlmiş müvəqqəti saziş imzalamışdılar. Amma “İslamabad memorandumu” kimi tanınan bu razılaşma çox keçmədən iflasa uğrayıb.
“Politfm”



