Foto: CNP/Keystone Press Agency/
ABŞ Prezidenti Donald Tramp İrana qarşı ciddi iqtisadi zərbə endirəcəyini vəd edib. Bu açıqlama ABŞ-nin maliyyə naziri Skott Bessentin Vaşinqtonun gələn həftə Tehrana qarşı indiyədək görünməmiş tədbirlər tətbiq edəcəyini bildirməsindən bir gün sonra – cümə günü verilib.
“Reuters” xatırladır ki, ABŞ, BMT və Avropa İttifaqı 1970-ci illərin sonlarından etibarən İranın nüvə proqramı, insan hüquqlarının pozulması və silahlı qruplaşmalara dəstəyi ilə əlaqədar bu ölkəyə qarşı müxtəlif sanksiyalar tətbiq edib, ticarət embarqoları qoyub və İranın aktivlərini dondurub.
Fevral ayında İranla müharibənin başlamasından sonra Vaşinqton əlavə dəniz, enerji və maliyyə sanksiyaları tətbiq edib, həmçinin dəniz blokadasına başlayıb.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) məlumatlarına görə, Donald Trampın ikinci prezidentlik müddətinin əvvəlindən etibarən qurum 1000-dən çox fiziki şəxs, gəmi və təyyarəyə qarşı sanksiya tətbiq edib.
Son tədbirlər əsasən İranın kölgə neft donanmasına, dəniz daşımalarını sığortalayan şirkətlərə, İranın silah əldə etməsinə kömək edən təşkilat və şəxslərə, həmçinin rəqəmsal valyuta birjalarına qarşı yönəlib. Bu tədbirlər nəticəsində İranla əlaqəli təxminən 500 milyard dollar dəyərində kriptovalyutanın dondurulduğu bildirilir.
Ekspertlərin fikrincə, Tramp administrasiyası bundan sonra aşağıdakı variantlara da əl ata bilər.
Çinin “çaynik”-zavodlarına qarşı sanksiyalar
Çinin “çayniklər” (teapots) adlandırılan özəl neft emalı zavodlarının payına ölkənin ümumi neft emalı gücünün təxminən dörddə biri düşür. Bu müəssisələr adətən aşağı, bəzi hallarda isə mənfi mənfəət marjası ilə fəaliyyət göstərirlər.
“Kpler”in 2025-ci il üzrə məlumatlarına görə, Çin İranın ixrac etdiyi neftin 80 faizindən çoxunu alır. Bu ticarətin əhəmiyyətli hissəsi müstəqil neft emalı zavodlarının payına düşür. Bu isə həmin şirkətləri ilkin sanksiya tətbiq edilən tərəflərə yardım göstərən qurumları hədəf alan ikinci dərəcəli sanksiyaların təsiri altına sala bilər.
ABŞ-nin əvvəlki sanksiyaları iri müstəqil neft emalı zavodlarını İrandan neft almaqdan çəkindirib. Lakin sanksiyalar üzrə ekspertlərin sözlərinə görə, kiçik və müstəqil emal müəssisələri Amerika maliyyə sisteminə bağlılıqları zəif olduğundan bu təzyiqlərə müəyyən qədər davamlıdırlar.
Çin banklarına qarşı sanksiyalar
OFAC Çində və Honq Konqda fəaliyyət göstərən, İran neftinin satışından əldə olunan milyardlarla dolları dövriyyədən keçirməkdə və silah alışının maliyyələşdirməyə kömək etməkdə ittiham olunan daha kiçik qurumlara qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyi iki iri Çin bankına xəbərdarlıq edib ki, İran vəsaitlərinin onların sistemləri vasitəsilə hərəkət etdiyi müəyyən olunarsa, bu banklar da ikinci dərəcəli sanksiyalarla üzləşə bilər. Lakin nazirlik hələlik həmin bankları sanksiya siyahısına daxil etməyib.
Sanksiyalar üzrə ekspertlərin fikrincə, ABŞ-nin həmin iki banka qarşı tədbir görməsi və ya digər sanksiyalar tətbiq etməsi iri maliyyə institutlarını İranla əməliyyatlardan çəkindirə bilər. Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, belə addım Pekinin cavab tədbirlərinə də səbəb ola bilər.
Tramp administrasiyasının nümayəndələri bu ilin sonunda Donald Trampla Çin Prezidenti Si Tzsinpin arasında gözlənilən görüş ərəfəsində Vaşinqtonla Pekin arasındakı gərginliyin əhəmiyyətini azaltmağa çalışıblar. ABŞ rəsmiləri Çinin qabaqcıl texnologiyaların istehsalı üçün zəruri olan kritik mineralların ixracını məhdudlaşdıra biləcəyindən narahatdırlar. Bu narahatlıq onunla bağlıdır ki, ABŞ və Qərb müttəfiqləri hələ də həmin xammal üzrə öz təchizat zəncirlərini formalaşdırmağa çalışırlar.
“Köstəbək zərbəsi”
ABŞ İrana qarşı sanksiyalardan yayınmağa və hərbi ehtiyaclar üçün gəlir əldə etməyə kömək edən İran vətəndaşlarını və təşkilatlarını, həmçinin Çində və Fars körfəzi ölkələrində fəaliyyət göstərən digər qurumları hədəf almaqda davam edə bilər.
ABŞ Maliyyə Nazirliyi yaxın keçmişdə İranın neft gəlirlərindən istifadə etməklə idxal əməliyyatlarını asanlaşdırdığı bildirilən şirkətlərə qarşı sanksiyalar tətbiq edib.
Lakin “Obsidian Risk Advisors” şirkətinin idarəedici direktoru Bret Eriksonun sözlərinə görə, bu tədbirlər “köstəbək zərbəsi” yanaşmasını xatırladır. Onun fikrincə, belə tədbirlər İranın davranışını dəyişməyib. Tehran sanksiyaya məruz qalan strukturların yerinə yeni şirkət və qurumlar yaradır.
Demokratiyaların Müdafiəsi Fondunun sanksiyalar üzrə eksperti Miad Maleki bildirib ki, Bessentin açıqlaması, böyük ehtimalla, İrana idxalın maliyyələşdirilməsinə kömək edən neft daşıyıcıları, neft alıcıları və valyuta mübadiləsi ilə məşğul olan şirkətlər üzərində nəzarətin gücləndiriləcəyinə işarədir.
Onun sözlərinə görə, aviasiya sektoruna qarşı əlavə sanksiyaların tətbiqi də mümkündür. Bu tədbirlər İranın ticarət əməliyyatlarını idarə etmək imkanlarını zəiflətməyə yönələ bilər. Xüsusilə də ABŞ-nin Hörmüz boğazından gəmiçiliyin qarşısını alması fonunda İranın ticarət imkanlarının məhdudlaşdırılması Vaşinqton üçün əsas hədəflərdən biri ola bilər.
Quru sərhədlərin blokadası
Bəzi ABŞ və İsrail rəsmiləri İranın quru sərhədlərinin blokadaya alınması ehtimalını da gündəmə gətiriblər. Bunun üçün İranın qonşuları – İraq, Türkiyə, Pakistan, Əfqanıstan, Türkmənistan, Azərbaycan və Ermənistanın dəstəyi tələb oluna bilər.
Əfqanıstan istisna olmaqla, Tramp administrasiyasının bu ölkələrin hamısı ilə müxtəlif səviyyələrdə münasibətləri var. Lakin İranın Əfqanıstanla sərhədi dağlıq ərazidən keçir və həmin ərazidə sərhəd nəzarətinin həyata keçirilməsi son dərəcə çətindir.
Trampın Pakistan və Türkiyəyə münasibətdə müəyyən təsir imkanları ola bilər. Pakistan yaxın vaxtlarda ABŞ Maliyyə Nazirliyindən 10 milyard dollar həcmində valyuta xətti almağa çalışıb. Türkiyə isə yenidən ABŞ-nin F-35 hərbi təyyarələri proqramına qayıtmağa çalışır.
Quru blokadası ərzaq, enerji və tekstil məhsullarının idxalını dayandırmaqla İran əhalisinə qarşı təzyiqi artıra bilər. Lakin ekspertlərin fikrincə, belə bir tədbirin həyata keçirilməsi olduqca çətin olacaq və onun İran daxilində etirazlara və ya hakimiyyətə qarşı daxili təzyiqin artmasına səbəb olacağına da zəmanət vermək olmaz.
İkinci dərəcəli gömrük rüsumları
Donald Tramp İranla biznes əlaqələri saxlayan ölkələri mallarına gömrük rüsumları tətbiq etməklə bağlı dəfələrlə hədələyib. Lakin ABŞ Ali Məhkəməsi bu cür rüsumların tətbiqi üçün hüquqi əsasları ləğv edib.
Ötən həftə ABŞ Senatı Rusiyaya qarşı genişmiqyaslı sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib. Sənədə İrana qarşı yeni sanksiyalar da daxil edilib. Bundan əlavə, qanun layihəsi Trampa yeni gömrük rüsumları tətbiq etmək səlahiyyəti verəcək. Bu səlahiyyətlərdən İranla ticarət aparan və onun silah alışlarına kömək edən ölkələrə qarşı istifadə edilə bilər.
Lakin qanun layihəsinin qüvvəyə minməsi üçün onun ABŞ Nümayəndələr Palatası tərəfindən də qəbul edilməsi tələb olunur. Bu isə asan olmaya bilər. Çünki həm demokratlar, həm də bəzi respublikaçılar gömrük rüsumlarının tətbiqi ilə bağlı ciddi narahatlıqlarını ifadə edirlər.
“Politfm”



