Foto: Sİ

 

 


İyul ayında Azərbaycanda əlilliyə görə sosial ödəniş alanların sayı 550 min nəfəri ötüb. Dövlət Sosial Müdafiə Fondunun açıqladığı göstəricilərə əsasən, iyul ayında bu kateqoriyada 243,1 min nəfər əlilliyə görə əmək pensiyası, 221,5 min nəfər aylıq müavinət, 91,8 min nəfər isə Prezident təqaüdü alıb. Bu ödənişlərin ümumi əhatə dairəsi 556,4 min nəfər təşkil edib.

Beləliklə, əlilliyə görə sosial ödəniş alanların təxminən 43,7 faizi pensiya, 39,8 faizi müavinət, 16,5 faizi isə prezident təqaüdü alır. Başqa sözlə, sosial ödəniş alanların böyük hissəsinin təminatı pensiya və müavinət mexanizmləri üzərindən formalaşır.

Əlilliyin təyinində hansı dinamika var?

Əlillik statistikası yalnız sosial ödəniş alanların sayından ibarət deyil. Əlilliyin ilkin və təkrar təyinatlarının nisbəti də sistemdəki proseslərin miqyasını göstərən mühüm göstəricilərdən biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏHSMN) məlumatına görə, 2025-ci ildə 54,5 min şəxsə əlillik təyin edilib. Onlardan 25,3 min nəfərə ilkin, 29,2 min nəfərə isə təkrar əlillik təyinatı aparılıb. Beləliklə, il ərzində təyinatların 46,4 faizi ilkin, 53,6 faizi təkrar olub.

2026-cı ilin ilk yarısında isə 25,3 min şəxsə əlillik təyin edilib. Onlardan 10,9 min nəfər ilkin, 14,4 min nəfər isə təkrar təyinatdan keçib. Bu halda ilkin təyinatların payı 43,1 faiz, təkrar təyinatların payı isə 56,9 faiz olub.

Əsas məsələ – ödənişlərin məbləği

Əlilliyi olan şəxslərin sosial təminatında digər mühüm məsələ ödənişlərin məbləğidir. 2026-cı ildə ümumi səbəblərdən əlilliyə görə aylıq müavinət orqanizmin funksiyalarının 81–100 faiz pozulması halında 300 manat, 61–80 faiz pozulması halında 250 manat, 31–60 faiz pozulması halında isə 180 manat müəyyən edilib.

Bu məbləğləri ölkədə müəyyən edilmiş sosial göstəricilərlə müqayisə etdikdə fərq daha aydın görünür. 2026-cı ildə ölkə üzrə yaşayış minimumu 300 manat, əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 317 manat, minimum əməkhaqqı isə 400 manatdır.

Deməli, funksional pozuntusu 31–60 faiz olan şəxslər üçün aylıq 180 manatlıq müavinət ölkə üzrə 300 manatlıq yaşayış minimumunun 60 faizinə, 61–80 faiz pozuntu üzrə 250 manatlıq müavinət 83,3 faizinə, 81–100 faiz pozuntu üzrə 300 manatlıq müavinət isə yaşayış minimumuna bərabərdir.

Bu müqayisə ödəniş məbləğlərinin sosial təminat baxımından yetərliliyinin ayrıca qiymətləndirilməsini tələb edir. Əlilliyi olan şəxslərin reabilitasiya, tibbi xidmət, dərman və digər əlavə xərcləri nəzərə alındıqda, hazırkı məbləğlərin adekvat olmadığı görünür.

Reabilitasiya və məşğulluq statistikası

Əlilliyi olan şəxslərlə bağlı sosial siyasətdə digər mühüm istiqamət onların əmək bazarına və cəmiyyətə inteqrasiyasıdır.

ƏƏSMN-in məlumatına görə, 2026-cı ilin ilk yarısında əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib, 2 100 nəfərsə işlə təmin olunub.

Bu rəqəmlər əlilliklə bağlı sosial siyasətin yalnız müavinət və pensiya ödənişləri ilə məhdudlaşmadığını göstərir. Amma sosial ödəniş alanların sayı 556,4 min nəfərdir və deməli, məşğulluq və özünüməşğulluq proqramlarının əhatə dairəsi bu şəxslərin çox az hissəsini əhatə edir.

“Politfm”