Foto: süni intellekt
ABŞ Senatında demokrat və respublikaçı senatorlardan ibarət ikipartiyalı koalisiya Rusiya və İrana qarşı genişmiqyaslı sanksiyalar paketinin qəbulu üzərində işləyir.
Bu barədə “AzadlıqRadiosu” məlumat yayıb.
Qurumun əməkdaşı Aleks Rəşidoğluna müsahibə verən senatorlar hesab edirlər ki, bu sənəd ABŞ-nin avtoritar dövlətlərə qarşı qətiyyətli mövqeyinin mühüm göstəricisi olacaq.
“Uğursuzluq mümkün deyil”
Senatın Beynəlxalq Əlaqələr Komitəsinin üzvü, respublikaçı senator Con Körtisin sözlərinə görə, qanun layihəsinə göstərilən bu qeyri-adi geniş ikipartiyalı dəstək Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin Konqresdə təkcə regional münaqişə yox, beynəlxalq nizam üçün sınaq olduğu barədə anlayışın gücləndiyini göstərir.
Ötən həftə Senatın iclasına sədrlik edən Con Körtisin rəhbərliyi ilə keçirilən mühüm prosedur səsverməsində “Rusiyaya və İrana qarşı sanksiyalar haqqında” qanun layihəsi növbəti mərhələyə keçib. Senator “AzadlıqRadiosu”na müsahibəsində bildirib ki, sənəd hər iki partiyanın ciddi dəstəyini qazanıb.
“Senatda bu qədər geniş ikipartiyalı dəstəyə tez-tez rast gəlinmir. Həm demokrat, həm də respublikaçı həmkarlarımın bu məsələdə eyni mövqedən çıxış etməsi göstərir ki, biz qərarlıyıq və bu istiqamətdə mütləq konkret addım atılacaq” deyə, Körtis bildirib.
Qanun layihəsində Rusiyanın maliyyə və enerji sektorlarına geniş sanksiyaların tətbiqi, Moskvanın mövcud sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması”na qarşı məhdudiyyətlərin sərtləşdirilməsi, həmçinin İrana qarşı sanksiya mexanizmlərinin genişləndirilməsi nəzərdə tutulur. Bundan başqa, sənəddə ABŞ prezidentinə Rusiyadan neft və qaz almağa davam edən ölkələrə qarşı əlavə gömrük rüsumları tətbiq etmək səlahiyyəti verən müddəalar da yer alıb.
Körtis bildirib ki, Senatın iş qrafikinin dəyişkən olmasına baxmayaraq qanun layihəsinin tezliklə qəbul ediləcəyinə inanır.
“Ümid edirik ki, bu, elə bu həftə baş verəcək. Açığı, bunun bu həftə və ya bir qədər sonra qəbul olunacağı mənim üçün o qədər də prinsipial deyil. Senatın öz iş dinamikası var və prosesləri süni şəkildə sürətləndirmək mümkün deyil. Ancaq hesab edirəm ki, qanun layihəsi qəbul olunacaq” – senator belə deyib.
Körtisin fikrincə, Rusiyanın Ukrayna üzərində üstünlük qazanmasına imkan verilməsi təkcə region üçün yox, daha geniş geosiyasi nəticələr doğura bilər. Onun sözlərinə görə, bu, xüsusilə Çinin Tayvanla bağlı hesablamalarına təsir göstərə bilər.
“Mənim mövqeyimə görə, bu, Rusiyanın qalib gəlməsinə əvvəldən yol verilməməli olan müharibə idi. Allaha şükür ki, belə olmadı. Biz göstərmək istəyirik ki, azadlığın tərəfindəyik. Biz Ukraynanın yanındayıq və diktatorun dost ölkəyə hücum etməsi ilə barışa bilmərik” deyə, senator vurğulayıb.
Körtis qeyd edib ki, Moskvanın ilkin məqsədi Ukraynanı tam işğal etmək və özünə tabe etdirmək idi:
“Rusiya qələbəni məhz Ukraynanın tam ələ keçirilməsi kimi müəyyən etmişdi. Buna görə də bu məqsədə çatmayan hər nəticə Ukrayna üçün uğur hesab oluna bilər. Ukraynanın dörd il yarımdır davam edən bu təcavüzə tab gətirməsi özü böyük nailiyyətdir”.
Körtis Respublikaçılar Partiyası daxilində ABŞ-nin xarici siyasət öhdəlikləri ilə bağlı fikir ayrılıqlarının olduğunu etiraf etsə də, Ukraynanın Amerikanın təhlükəsizlik maraqları baxımından hələ də mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
“Ukrayna xalqına heyran olmamaq mümkün deyil”
Bir neçə mühüm komitənin üzvü olan nüfuzlu respublikaçı senator Rik Skott Kremlə qarşı təzyiqlərin artırılmasının ən fəal tərəfdarlarından biri hesab olunur.
“Putin quldurdur. Onun Ukrayna xalqına etdikləri, qadınları, uşaqları və yaşlı insanları öldürməsi dəhşətdir. Bizim üçün azadlığı müdafiə etmək vacibdir. Ukrayna xalqına heyran olmamaq mümkün deyil. Ötən həftə iki ukraynalı komandiri Senata dəvət etmişdim. Onlar pilotsuz uçuş aparatlarından necə istifadə etdiklərini və döyüş əməliyyatlarını necə apardıqlarını danışdılar. Onların göstərdiyi müqavimət həqiqətən heyrətamizdir. Əgər kimsə Rusiyanın etdiklərini dəstəkləyirsə, ona qarşı sanksiyalar tətbiq olunmalıdır. Buna heç bir şübhə yoxdur” – Skott belə deyib.
“Dostumuzun, düşmənimizin kim olduğunu anlamalıyıq”
Vaşinqtonda müzakirə olunan əsas mövzulardan biri də Rusiya, Çin, İran və Şimali Koreya arasında güclənən əməkdaşlığa qarşı hansı addımların atılmasıdır.
“Onlar bizim həyat tərzimizi sevmirlər. Kapitalizmə qarşıdırlar. Yəhudi-xristian dəyərlərini qəbul etmirlər. Bizi məhv etmək, dünyaya nəzarət etmək istəyirlər. Bu məqsədə çatmaq üçün əməkdaşlıq edirlər və artıq bunu həyata keçirirlər. Biz anlamalıyıq ki, təhlükə təkcə azadlığımıza və müstəqilliyimizə deyil, həm də azadlıq dəyərlərini bölüşən müttəfiqlərimizə yönəlib”deyə, senator vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin, Çinin rəhbəri Si Tszinpin, İranın ali dini lideri Ayətullah Əli Xamenei, Venesuela Prezidenti Nikolas Maduro, Kubanın keçmiş lideri Raul Kastro və Şimali Koreya lideri Kim Çen In fərdi azadlıqlara inanmırlar.
“Onlar həyat tərzimizi zəiflətmək üçün bundan sonra da birgə hərəkət edəcəklər. Məhz buna görə Ukraynaya dəstək xüsusi əhəmiyyət daşıyır. Məncə, sanksiyalar haqqında qanun layihəsi Putinin məsuliyyətə cəlb olunması istiqamətində atılan addımdır. Mən Ukraynanın qalib gəlməsini, Rusiyanın isə məğlub olmasını istəyirəm. Ukrayna xeyirin, Rusiya hökuməti isə şərin tərəfindədir”, – senator vurğulayıb.
“Aqressorlar oxu” kitabının həmmüəllifi, hərbi ekspert, istefada olan kontr-admiral Mark Montqomeri bildirib ki, Çin, Rusiya, İran və Şimali Koreya arasında 600-dən çox əməkdaşlıq faktı qeydə alınıb. Onun sözlərinə görə, bu əməkdaşlıq hərbi, texnoloji, iqtisadi və kibertəhlükəsizlik sahələrini əhatə edir.
“Biz onların koordinasiyasının miqyasını olduğundan xeyli dərəcədə az qiymətləndiririk. Nəticədə cavab tədbirlərimiz də bəzən kifayət qədər təsirli olmur. ABŞ-də bunu Ukrayna nümunəsindən aydın görmək mümkündür. Ukrayna təkcə Rusiya ilə deyil, həm də İran, Şimali Koreya və Çinlə üz-üzədir. İran Rusiyaya ‘Şahed’ pilotsuz uçuş aparatları verməklə kifayətlənməyib, onların Rusiyada istehsalı üçün texnologiya da ötürüb. Hazırda Rusiya bu tip pilotsuz aparatları özü istehsal edir” deyə, Montqomeri bildirib.
Ekspert əlavə edib ki, Şimali Koreya Rusiyaya 12 min hərbçi göndərməklə yanaşı, 5–6 milyon minaatan və artilleriya mərmisi də verib:
“Bu, NATO ölkələrinin son onilliklər ərzində istehsal etdiyi sursatın ümumi həcmindən çoxdur. Çin isə Rusiyanı ballistik, hipersəs və qanadlı raketlərin istehsalında istifadə olunan mikroelektronika ilə təmin edir. Hazırda Kiyevə endirilən raketlərdə həmin komponentlərdən istifadə olunur”.
“Putinin Ukraynada qələbəsi başqa regionlara da təsir edəcək”
Senator Con Körtis də bu fikirdədir. Onun sözlərinə görə, ABŞ-nin Ukraynaya dəstəyinin zəifləməsi Amerikanın və Qərbin digər rəqiblərinə də təsir göstərə bilər:
“Əgər Putinin Ukraynada qələbə qazanmasına imkan verilsə, bunun nəticələri dünyanın bir çox bölgəsində hiss olunacaq. Məsələn, Çin və Tayvan məsələsini götürək. Biz yaxşı bilirik ki, Si Tszinpin Ukraynada baş verənləri diqqətlə izləyir. Əgər biz geri çəkilsək, o, Tayvan məsələsində də geri çəkiləcəyimizi düşünəcək. Ona görə də bu müharibənin nəticələri təkcə Ukrayna ilə məhdudlaşmır”.
Körtis əlavə edib ki, bu münaqişədə yalnız İranın yox, Çinin də rolunu diqqətə almaq lazımdır:
“Çin və İranın bu münaqişəyə cəlb olunduqlarını görməzdən gəlməməliyik. Baş verənlər həm də kimin dostumuz, kiminsə düşmənimiz olduğunu anlamaq üçün ciddi imkandır”.
“Trampın mövqeyi daha çox Reyqanın və ya Çörçillin mövqeyinə bənzəməlidir”
ABŞ-də Ukraynaya yardım ətrafında gedən müzakirələrin əsas mövzularından biri də Kiyevə yeni hava hücumundan müdafiə sistemlərinin, o cümlədən “Patriot” zenit-raket komplekslərinin verilməsidir.
Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 28-də Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampla görüşdə ölkəsinin enerji infrastrukturunu Rusiyanın hücumlarından qorumaq üçün “Patriot” sistemləri üçün istehsal olunmuş 300 raketdən ibarət “qış paketi”nin təcili şəkildə Ukraynaya verilməsini xahiş edib. Zelenski bu barədə “Axios” nəşrinə müsahibəsində danışıb.
“Financial Times” qəzetinin anonim mənbələrə istinadən yazdığına görə, Donald Tramp Ağ Evdə keçirilən görüşdə bu xahişi ABŞ-nin öz ehtiyatlarının məhdud olması səbəbindən rədd edib. Bildirilir ki, Tramp İranla mümkün qarşıdurma şəraitində həmin raketlərin ABŞ ordusuna Yaxın Şərqdəki, ilk növbədə isə Fars körfəzi ölkələrindəki hərbi obyektlərin müdafiəsi üçün lazım olduğunu deyib.
Bu məlumat hələ ki rəsmən təsdiqlənməyib.
Bir sıra hesablamalara görə, İranla beş aydan artıq davam edən müharibə nəticəsində ABŞ ordusunun arsenalında “Patriot” sistemləri üçün 759–827 ədəd raket-qırıcı qalıb.
Bununla belə, Ukrayna barədə müzakirələr yalnız ABŞ-nin mövcud raket ehtiyatlarının Kiyevə verilməsi ilə məhdudlaşmır. Gündəmdə Ukraynaya bu raketlərin ölkə daxilində istehsalı üçün lisenziyanın verilməsi məsələsi də var. Lakin bu barədə də hələ yekun qərar qəbul edilməyib.
“Çoxları Ukraynanın tab gətirə biləcəyinə inanmırdı “
Konqresmen Don Beykon Ukraynaya “Patriot” raketləri verilməsiniin gecikdirilməsini ən sərt tənqid edən respublikaçılardan biridir.
Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin aparıcı respublikaçı üzvlərindən olan Beykon iyulun 31-də “AzadlıqRadiosu”na müsahibəsində bildirib ki, Rusiya raket hücumlarını gücləndirdiyi, Ukraynanın isə raket çatışmazlığı ilə üzləşdiyi bir vaxtda Ağ Ev ziddiyyətli siqnallar verir.
“Amerikalıların 70 faizi Ukraynanı dəstəkləsə də, Ağ Evin siyasəti sanki qalan 30 faizin mövqeyinə uyğun qurulur. Ukraynaya “Patriot” raketlərini istehsal etmək imkanı verilməsi hazırda üzləşdiyimiz raket çatışmazlığını müəyyən qədər aradan qaldıra bilər” – Beykon belə deyib.
Konqresmen əlavə edib ki, Rusiyaya münasibətdə ABŞ prezidentinin mövqeyi daha qətiyyətli olmalıdır.
“İstərdim ki, Rusiyaya münasibətdə president daha çox Ronald Reyqanı və ya Uinston Çörçilli xatırlatsın” deyə, o vurğulayıb.
Adlarının açıqlanmasını istəməyən yüksək vəzifəli ABŞ rəsmiləri “AzadlıqRadiosu”na bildiriblər ki, Donald Trampın mövqeyi lisenziya məsələsindən tam imtina kimi qiymətləndirilməməlidir. Onların sözlərinə görə, prezident sadəcə danışıqların hazırkı vəziyyətini əks etdirib. Rəsmilər qeyd ediblər ki, Kiyevlə danışıqlar davam edir.
Bu məlumatı avqustun 6-da Ukraynanın xarici işlər naziri Andriy Sibiqa da təsdiqləyib. O, Kiyevdə keçirdiyi mətbuat konfransında deyib ki, “Biz Amerika tərəfi ilə əməkdaşlığı davam etdiririk. Artıq istehsalçılarla lisenziyalar məsələsinə dair məsləhətləşmələr aparılıb və bundan sonra da aparılacaq. Bu prosesdə bir neçə maraqlı tərəf iştirak edir. Ukrayna Prezidenti ilə ABŞ Prezidenti arasında prinsipial müzakirələr keçirilib. İndi isə bütün maraqlı tərəflərlə bu məsələlərin ətraflı müzakirəsi lazımdır. Danışıqlar davam edir”.
Senator Skott isə bildirib ki, prosesin müsbət nəticələnəcəyinə ümid edir.
“Mən Müdafiə Nazirliyinin nümayəndələri ilə danışmışam. Ukraynalılarla əməkdaşlığın vacibliyini prezidentlə də müzakirə etmişəm. Çünki onların nail olduqlarına hörmət etməmək və heyran qalmamaq mümkün deyil. Düşünmürəm ki, çoxları Ukraynanın bu müharibəyə ümumiyyətlə tab gətirəcəyinə inanırdı. Daha da önəmlisi odur ki, onlar müharibəni Rusiya ərazisinə keçirə biliblər. Mən Ağ Ev rəsmiləri ilə görüşlərimdə Ukraynaya tam dəstək nümayiş etdirildiyini görürəm və əminəm ki, ehtiyac yarananda Ukraynaya lazım olan silahlar veriləcək” – Skott belə deyib.
“Politfm”



