Ceyhun Bayramov Rusiyanın Ukraynaya qarşı müharibəsində həlak olmuş döyüşçülərin xatirə memorialına gül dəstəsi qoyub; Kiyev, Ukrayna, 6 avqust 2026 (foto: Azərbaycan XİN)
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya səfər edib. Həmkarı Andriy Sibiqa ilə danışıqlardan sonra açıqlama verən Bayramov görüşdə iki ölkə arasındakı əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu bildirib.
“Ölkələrimiz dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərilə bağlıdır” deyə, nazir vurğulayıb.
Səfər Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan və Ukrayna arasında əməkdaşlığın daha da dərinləşməsinin növbəti nümayişi kimi qiymətləndirilir (“Jam News”).
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Ukrayna Prezidenti Volodimir Zelenskinin Bakıya səfərindən sonra Prezident İlham Əliyevlə Zelenski arasında əldə olunmuş razılaşmaların icrasını müzakirə ediblər. Görüşdə ticarət, energetika, investisiyalar, nəqliyyat, humanitar əməkdaşlıq, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bayramov Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb. O, həmçinin beynəlxalq hüquq normaları əsasında hərbi əməliyyatların diplomatik yolla mümkün qədər tez dayandırılmasının vacibliyini qeyd edib.
Bundan başqa, Bayramov ukraynalı həmkarına Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Ermənistanla münaqişədən sonra Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib.
Sibiqa müharibə nəticəsində Qara və Azov dənizlərinin akvatoriyalarında Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması ilə əlaqədar başsağlığı verib.
Azərbaycan indiyədək Ukraynaya 50 milyon dollardan çox məbləğdə humanitar yardım göstərib. Bu yardımlara İrpen şəhərinin bərpası layihələri və ukraynalı uşaqların reabilitasiyası proqramları daxildir.
“Politfm”



