Foto: internet

 

 

İran parlamenti Hörmüz boğazında və Fars körfəzində təhlükəsizliyin təmin edilməsilə bağlı qanun layihəsi hazırlayır.

Bu barədə “Fars” agentliyinə müsahibəsində parlamentin Rəyasət Heyətinin üzvü; Tehran, Rey, Şemiranat, İslamşəhr və Pərdis dairələrini təmsil edən deputat Höccətülislam Əlirza Səlimi danışıb.

Onun sözlərinə görə, layihə 11 maddədən ibarətdir və hazırda parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasında müzakirə olunur. “Bu, komissiyada müzakirəyə çıxarılan ilkin variantdır. Hələ komissiyanın yekun hesabatı hazırlanmayıb. Ona görə də söhbət layihənin ilkin mətnindən gedir” deyə, deputat bildirib.

Səlimi deyib ki, layihədə İranın Cenevrə və Yamayka konvensiyalarına qoşulmaması, həmçinin ABŞ-nin hərbi fəaliyyəti nəticəsində İranın və Fars körfəzinin təhlükəsizliyinə zərər dəydiyi, öz ərazilərinin bu əməliyyatlarda istifadəsinə icazə vermiş bəzi regional dövlətlərin də ətraf mühitə və bölgəyə ziyan vurduğu qeyd olunub.

Layihəyə əsasən, qanun qüvvəyə mindikdən sonra Tehran ölkənin silahlı qüvvələri ilə birlikdə Fars körfəzində dəniz naviqasiyasının təhlükəsizliyi və ətraf mühitin mühafizəsi istiqamətində tədbirlər görməyə borclu olacaq – gəmilərin naviqasiyasına rəhbərlik, keçid məntəqələrinin yoxlanılması, ekoloji sənədlərin təqdim edilməsi, gəmilərin keçidinə icazə verilməsi və ya qadağan olunması barədə qərarların qəbul edilməsi, eləcə də İranın müəyyən etdiyi koordinatlar üzrə gəmilərin hərəkətinə nəzarət edilməsi funksiyalarını həyata keçirəcək.

Səliminin sözlərinə görə, layihədə ABŞ, İsrail və digər “düşmən dövlətlərə”, habelə onlarla əlaqəli şəxslərə məxsus və ya onların bayrağı altında üzən gəmilərin Hörmüz boğazından keçidinin tam qadağan edilməsi nəzərdə tutulur.

Bundan başqa, Fars körfəzində casusluq, kəşfiyyat fəaliyyəti və ya İran İslam Respublikasının təhlükəsizliyinə zidd hesab edilən digər fəaliyyətlə məşğul olan hərbi və mülki gəmilərin bölgəyə giriş-çıxışı da qadağan olunacaq. Belə fəaliyyətlərin müəyyən edilməsi səlahiyyəti İran Silahlı Qüvvələrinə veriləcək.

Layihədə hərbi və ya mülki təyinatlı olmasından, İsrailə göndərilməsindən və ya oradan daşınmasından asılı olmayaraq bu ölkə ilə əlaqəli bütün yüklərin bölgədən tranzitinə tam qadağa qoyulması da nəzərdə tutulur.

Sənədə əsasən, “Müqavimət oxu”na daxil olan qüvvələrə, o cümlədən “Hizbullah”, “Ənsarullah” və “Həşd əş-Şəbi” birliklərinə qarşı düşmən fəaliyyətində iştirak edən gəmilər və ya yüklər də qadağaya məruz qalacaq.

Səlimi bildirib ki, gəmilərin müşayiəti, monitorinqi, idarə olunması və təhlükəsizliyinin təmin edilməsinə görə İran hökuməti onlardan xidmət haqqı toplayacaq. Layihədə həmin ödənişlərin ilk növbədə İranın milli valyutası ilə həyata keçirilməsi təklif edilir. Bu mexanizmlərin tətbiqi qaydalarını da silahlı qüvvələr müəyyən edəcək.

Deputatın sözlərinə görə, İrana zərər vurmuş dövlətlər, təşkilatlar, rejimlər, şirkətlər və ya digər şəxslər dəymiş ziyanı kompensasiya etməli olacaqlar. Təzminat ödənilməyənədək onların gəmilərinin Hörmüz boğazı və Fars körfəzindən keçidinə icazə verilməyəcək.
Bundan əlavə, İrana qarşı sanksiyalar tətbiq edən və ya İranın dövlət aktivlərini donduran ölkələrə məxsus gəmilərin də boğazdan keçidi məhdudlaşdırıla bilər.

Səlimi qeyd edib ki, qanunun tələblərini pozan şəxslər üçün ciddi sanksiyalar nəzərdə tutulur. Bunlara qanunvericilikdə müəyyən edilmiş digər cəzalarla yanaşı, daşınan yükün dəyərinin 20 faizinə qədər maliyyə cəriməsi də daxildir.

Deputat vurğulayıb ki, layihə hələ müzakirə olunur, parlament üzvləri ona dəyişikliklər təklif edə bilərlər:
“Bu, ilkin mətndir və mütləq təkmilləşdiriləcək. Layihə hələ yekun təsdiqini almayıb. Təklif və rəyi olan bütün mütəxəssisləri öz fikirlərini parlamentə təqdim etməyə çağırırıq ki, sənədin təkmilləşdirilməsində onların ekspert rəylərindən istifadə olunsun”.

“Politfm”