Foto: Oleksandr Pivnenko/”Facebook”
Bu ilin əvvəlindən etibarən Rusiya ordusunun Ukraynada irəliləmə tempi kəskin şəkildə zəifləyib, itkilərin miqyası isə əvvəlki səviyyədə qalır. Son dövrlərdə Rusiya ələ keçirdiyi hər kvadrat kilometrə görə orta hesabla 290 nəfər itki verdiyi təxmin edilir – ötən illə müqayisədə 3,5 dəfə çox.
Bu barədə “Radio Svoboda” məlumat yayıb.
Nəşr həmçinin qeyd edir ki, belə vəziyyətdə müharibənin Rusiya üçün həddindən artıq baha başa gəldiyi, Ukraynanın ən azı Donetsk vilayətini tam nəzarətə götürmək perspektivinin isə getdikcə uzaqlaşdığı görünür.
İrəliləmə tempi
Ukraynanın cəbhə xəttini izləyən “DeepState” layihəsinin ehtiyatlı qiymətləndirmələrinə görə, Rusiyanın Ukrayna ərazilərini işğal etmə sürəti ciddi şəkildə azalıb.
“DeepState” məlumatlarına əsasən, 2025-ci ildə Rusiyanın ərazi ələ keçirmə tempi ən yüksək həddə çataraq ayda 450–550 kvadrat kilometr təşkil edib. Lakin 2025-ci ilin dekabrından 2026-cı ilin iyulunadək bu göstərici davamlı şəkildə aşağı düşüb. Dekabrda 445 kvadrat kilometr olan aylıq irəliləyiş iyulda cəmi 27 kvadrat kilometrə enib.
Məsələn, Rusiya ordusunun mövqelərini daha geniş göstərən və Rusiya hərbçilərinin göründüyü istənilən ərazini faktiki nəzarət altında hesab edən “Sliivoçnıy kapriz” layihəsinin məlumatlarına görə də irəliləmə tempi azalıb. Bu layihənin yanaşması real nəzarət xəttini dəqiq əks etdirməsə də, onun məlumatlarında belə Rusiya qüvvələrinin irəliləmə sürəti ötən il ayda 550–600 kvadrat kilometrdən bu ilin iyununda 112 kvadrat kilometrə qədər geriləyib.
Bu templə Rusiya ordusunun hazırda əsas hədəfi hesab olunan Ukraynanın Donetsk vilayətinin tam işğalını yalnız bu il deyil, gələn il də başa çatdırması çətin görünür.
Rusiyanın itkilərii: hər kvadrat kilometrə görə 85 nəfər
Ötən ilin sonuna olan məlumata görə, Ukraynanın nəzarətində Donbasın şimal hissəsində təxminən 5 min kvadrat kilometr ərazi qalırdı. Buraya Pokrovskdan daha böyük şəhərlərdən ibarət “qala xətti” – Konstantinovka, Kramatorsk və Slavyansk da daxildir.
Hətta Rusiya ordusunun imkanlarını maksimum göstərən “Sliivoçnıy kapriz” layihəsinin qiymətləndirmələrinə əsasən belə, bu ərazilərin ələ keçirilməsi ən azı bir il yarım vaxt tələb edə bilər.
Rusiyanın irəliləmə tempi kəskin zəifləsədə də, Ukrayna hərbçiləri bildirirlər ki, Rusiya ordusunun itkilərinin miqyası azalmayıb və 2025-ci ilin ikinci yarısındakı səviyyəyə yaxın olaraq qalır.
2026-cı ildə Rusiyanın itkiləri ilə bağlı rəsmi qiymətləndirmələri həm Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı, həm də Müdafiə Nazirliyi açıqlayır.
Ukrayna Baş Qərargahının məlumatına görə, 2026-cı ilin fevral-iyun ayları arasında, yəni beş ay ərzində Rusiya ordusu təxminən 164 min nəfər itki verib. Bu, ayda orta hesabla 32,8 min nəfər deməkdir.
Ukraynanın Müdafiə Nazirliyinin məlumatına görəsə, eyni dövrdə Rusiyanın ölən və yaralanan hərbçilərinin sayı 157 min nəfər təşkil edib. Bu da aylıq orta hesabla 31,5 min nəfərə bərabərdir.
Rəqəmlər niyə fərqlənir?
Ukrayna və Qərbin itkilərlə bağlı qiymətləndirmələri
USQ Baş Qərargahının məlumatına görə, Rusiya Ukrayna ərazisinə genişmiqyaslı hücuma başlayandan bəri bu ölkənin ümumi itkiləri 1,4 milyon nəfərə çatıb.
Ukrayna komandanlığının təqdim etdiyi bu rəqəmlərə yalnız həlak olan hərbçilər yox, itkin düşənlər, yaralananlar və tibbi səbəblərlə sıradan çıxan hərbçilər də daxildir. Yəni söhbət yalnız geri qaytarılması mümkün olmayan itkilərdən getmir.
Qərb ölkələrinin rəsmi şəxsləri də oxşar qiymətləndirmələr təqdim edirlər. Bununla belə, onların hesablamalarının müəyyən hissəsinin Ukrayna hərbi məlumatlarına əsaslandığı ehtimal olunur.
2026-cı ilin mayında Böyük Britaniya kəşfiyyatının rəhbəri Enn Kist-Batler bildirib ki, Rusiya ordusunun həlak olan hərbçilərinin sayı 500 min nəfərdir.
Hər həlak olan hərbçiyə iki və ya üç yaralı hərbçi nisbətilə hesablama aparan Britaniya kəşfiyyatının qiymətləndirməsinə əsasən, Rusiyanın ümumi itkiləri 1,5–2 milyon nəfər arasında ola bilər.
ABŞ Dövlət katibi Marko Rubio isə altı ay əvvəl Rusiyanın həftədə təxminən 7 min hərbçi itirdiyini açıqlamışdı. Bu göstərici USQ-nin təqdim etdiyi rəqəmlərlə təxminən uyğun gəlir.
2024-cü ildə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) hesablamışdı ki, həmin ilin sentyabr-noyabr aylarında Rusiya 125,8 min nəfər itki verərək 2 356 kvadrat kilometr ərazi ələ keçirib. Bu isə Ukrayna ərazisinin hər kvadrat kilometrinin Rusiya üçün “qiymətinin” 53 nəfər olduğunu göstərirdi.
“Radio Svoboda”nın 2025-ci ildə Ukrayna Baş Qərargahının və “DeepState” layihəsinin məlumatları əsasında apardığı hesablamalara görə, Rusiya Silahlı Qüvvələri ələ keçirilən hər kvadrat kilometr əraziyə görə orta hesabla 85 nəfər itki verib.
2026-cı ilin son qiymətləndirmələrinə əsasənsə, bu göstərici daha da artaraq hər kvadrat kilometr üçün orta hesabla 290 nəfərə yüksəlib. Bu, ötən illə müqayisədə 3,5 dəfə çoxdur.
Rusiyanın hücum tempinin zəifləməsinin əsas səbəblərindən biri kimi hazırda Ukraynanın pilotsuz uçuş aparatları sahəsində əldə etdiyi üstünlük göstərilir.
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff ABŞ kəşfiyyatının məlumatlarına istinadən bildirib ki, Rusiya hərbçisinin Ukraynadakı döyüş meydanında orta ömrü 20–30 dəqiqə olur.
Onun sözlərinə görə, Rusiyanın hücum tempinin zəifləməsinin əsas səbəblərindən biri Ukraynanın pilotsuz uçuş aparatlarından və asimmetrik müharibə üsullarından istifadə sahəsində ciddi irəliləyiş əldə etməsidir. Bu amil döyüş meydanında tərəflərin imkanlarını müəyyən qədər tarazlaşdırır.
“Süni intellektlə təchiz edilmiş dronlar ölüm üçün nəzərdə tutulmuş ixtisaslaşmış və ucuz vasitələrə çevrilib” – Retkliff belə deyib.
“Radio Svoboda” digər bir nəşrə – “Nastoyaşeye Vremya”ya iastinadən yazır ki, Ukrayna ordusunun irəliləməsindəki yavaşlama da müharibənin xarakteri ilə bağlıdır. Dronlar sürətli hücumla və böyük sıçrayışlarla ərazi ələ keçirmə imkanlarını faktiki olaraq məhdudlaşdırıb.
Ukrayna ordusunun dron operatorunun sözlərinə görə, Rusiyanın irəliləmə tempinin azalmasının səbəblərindən biri hərbçilərin hazırlıq səviyyəsinin aşağı düşməsidir. Onun sözlərinə görə, bu səviyyəsi ötən illə müqayisədə daha zəifdir:
“Əslində hazırlıq, demək olar ki, yoxdur. Qarajlardan adamları toplayıb, əllərinə avtomat veririb “İrəli!” deyirlər”.
USQ-nin məlumatına görə, Rusiya komandanlığı əsgərləri irəliləməyə məcbur etmək üçün mövcud bütün vasitələrdən istifadə edir.
“Konstantinovka istiqamətində onlar əsgərləri hissə-hissə mövqelərə sızdırırlar. İndi hətta ərzağı da olduqları yerdən daha uzaq məhəllələrə atırlar ki, heç olmasa, müəyyən irəliləmə olunsun. Bu, absurd görünür, amma təəssüf ki, reallıq belədir” deyə, Ukrayna hərbçisi əlavə edib.
Onun sözlərinə görə, belə taktika Rusiya ordusunun müəyyən qədər irəliləməsinə kömək edir, lakin bunun bədəli çox ağır olur: bu variantda hər 15 əsgərdən yalnız biri sağ qala bilir.
O həmçinin qeyd edib ki, Rusiyanın 2–6 nəfərlik sızma qrupları mövqelərə çatmaq üçün piyada 15–20 kilometr məsafə qət edirlər, həm də “sağ qalmaq üçün lazım olan hər şeyi” özləri daşıyaraq:
“Təbii ki, belələri bizim üçün çox asan hədəfdir”.
Bununla belə, bəzən Rusiya hərbçiləri Ukraynanın “dron xəttini” keçməyə nail olurlar.
“Bu yaxınlarda yaşayış məntəqələrindən birinin yaxınlığında Rusiya texnikasını aşkarlayıb məhv etməyə çalışarkən motosikletlə hərəkət edən qruplara nəzarəti itirdik. Onlar indi hansısa meşə zolaqlarında gizlənmiş ola bilərlər” – Ukrayna hərbçisi belə deyib.
Onun sözlərinə görə, Rusiya ordusunun irəliləməsini tam dayandırmaq mümkün deyil:
“Biz daim taktikanı dəyişirik. Onlar da bunu edirlər. Texnologiyalar bizə kömək edir, amma onların yanaşması, həmişə olduğu kimi, daha kobuddur”.
Səfərbərlik
Ukrayna Prezidenti Volodimir Zelenski yaxın günlərdə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına sentyabr ayında keçiriləcək seçkilərdən sonra yeni səfərbərlik elan etməyi planlaşdırır.
Zelenskinin sözlərinə görə, Rusiya hakimiyyəti müharibəyə əlavə olaraq 300–500 min nəfər cəlb etmək niyyətindədir.
Kreml isə yeni səfərbərlik keçirmək planlarının olmadığını bildirir. Bununla belə, Müharibənin Öyrənilməsi İnstitutu (ISW) qeyd edir ki, Rusiyada bəzi biznes strukturları genişmiqyaslı çağırışa hazırlıq kimi qiymətləndirilə biləcək addımlar atırlar.
2026-cı il iyulun 22-də Rusiya Dövlət Duması birdən qanun layihəsini eyni gündə üç oxunuşdan keçirərək qəbul edib. Bu qanun səfərbərlik və hərbi vəziyyət dövründə hərbi xidmət müqaviləsi bağlaya biləcək məhkumların və barəsində istintaq araşdırması aparılan şəxslərin dairəsini genişləndirir.
Bundan bir gün əvvəlsə mülki müdafiənin təşkili qaydalarınınilməsi ilə bağlı Rusiya Milli Qvardiyasının düzəliş layihəsi dərc olunub. Yeni qaydalarda səfərbərlik və hərbi vəziyyət anlayışlarına ilk dəfə istinad edilir.
Bu layihədə Milli Qvardiyanın vəzifəli şəxsləri, yüksək rütbəli əməkdaşları və onların ailə üzvləri ilə bağlı işlərin əvvəlcədən təşkilinə hazırlıq məsələləri nəzərdə tutulur.
Düzəliş müəllifləri mülki müdafiənin “səfərbərlik dövründə, hərbi vəziyyət zamanı və müharibə şəraitində yaranan təhlükələrdən” qorunmanı təmin etməli olduğunu da qeyd edirlər.
“Radio Svoboda” “Meduza”ya istinadən yazır ki, dəyişikliklərin məqsədi bu məsələlər üzrə hüquqi çərçivəni dəqiqləşdirməkdir.
Ukrayna ordusunun dron operatorunun sözlərinə görə, yeni səfərbərlik Rusiyanın hücum tempini artıra bilər:
“Çünki hamını izləmək mümkün deyil”.
“Politfm”



