Foto: internet

 

 

Hesablama Palatası Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) borc öhdəlikləri və pul bazarları alt portfeli üzrə likvidlik və kredit risklərinin yenidən qiymətləndirilməsini tövsiyə edib.

Bu barədə qurumun Neft Fondunda vəsaitlərin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinə dair hesabatında qeyd olunub.

Hesabata əsasən, 2025-ci ilin sonuna Fondun investisiya portfelində istiqraz, depozit və nağd pul alt portfelinin ümumi məbləği 21 milyard 913 milyon 720 min 469 ABŞ dolları təşkil edib. 2024-cü ilin sonunda isə bu göstərici 28 milyard 156 milyon 520 min 848 ABŞ dolları olub. 2025-ci il ərzində borc öhdəlikləri və pul bazarları alt portfelinin gəlirlilik dərəcəsi 4,7 faiz, investisiya portfelində xüsusi çəkisi isə 29,8 faiz təşkil edib.

Hesablama Palatası qeyd edib ki, borc öhdəlikləri və pul bazarları alt portfelində yüksək reytinqli və yüksək likvid aktivlərin nisbətinin azalması fonunda Fondun likvidlik və kredit riskləri yenidən qiymətləndirilməlidir. Palata həmçinin strateji likvidlik ehtiyatlarının optimal həddinin müəyyən edilməsini və risk limitlərinə yenidən baxılmasını məqsədəuyğun hesab edib.

Yüksək reytinqli və likvid aktivlərin payının azalması investisiya portfelinin əvvəlki dövrlə müqayisədə daha fərqli risk strukturuna malik olması anlamına gələ bilər. Belə vəziyyətdə əsas məsələ yalnız aktivlərin gəlirliliyi deyil, həm də onların təhlükəsizliyi və zəruri hallarda sürətlə pula çevrilə bilməsidir.

Neft Fondu üçün bu məsələ xüsusilə əhəmiyyətlidir. Çünki Fond bir tərəfdən uzunmüddətli investisiya gəliri əldə etməyə çalışır, digər tərəfdən isə dövlət büdcəsinə transfertlər və digər öhdəliklər üçün kifayət qədər likvid vəsait saxlamalıdır.

Məsələn, maliyyə bazarlarında kəskin dəyişikliklər, faiz dərəcələrinin yüksəlməsi, Fondun vəsait yerləşdirdiyi emitentlərin maliyyə vəziyyətinin pisləşməsi və ya qısamüddətli böyük həcmdə vəsait ehtiyacı yarandığı hallarda portfeldə likvid və etibarlı aktivlərin kifayət qədər olması mühüm rol oynayır.

Risk limitlərinin yenidən nəzərdən keçirilməsi isə Fondun hansı reytinqə malik emitentlərə nə qədər vəsait yerləşdirə bilməsi, ayrı-ayrı bank və ya şirkətlər üzrə investisiya hədləri, eləcə də portfeldə saxlanılan minimum likvid vəsait səviyyəsinin mövcud bazar şərtlərinə uyğunlaşdırılması deməkdir.

“Politfm”