Foto: internet
Azərbaycanda 2026-cı ildə illik inflyasiyanın 6.1 faiz, 2027-ci ildə isə 5.8 faiz olacağı gözlənilir.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Daha əvvəl qurum illik inflyasiyanın müvafiq olaraq 5.9 faiz və 4.5 faiz səviyyəsində olacağını bəyan etmişdi.
“İllik inflyasiya hədəf daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin iyununda 12 aylıq inflyasiya 5.8 faiz təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.1 faiz, ödənişli xidmətlər üzrə 5.6 faiz, qeyri-qida məhsulları üzrə isə 3.8 faiz olub. İllik baza inflyasiya 5.5 faiz təşkil edib” – açıqlamada belə deyilir.
İllik inflyasiyanın 2027-ci ilin ikinci yarısından etibarən hədəf diapazonuna qayıdacağı gözlənilir.
AMB-yə görə, qlobal geosiyasi gərginliyə görə enerji və ərzaq qiymətlərinin artması səbəbindən Azərbaycana inflyasiya idxalı riski yüksəkdir.
AMB sədri Taleh Kazımov bu həftə bildirib ki, Azərbaycanda inflyasiya əsasən idxal xarakterlidir və son dörd ildə inflyasiyaya artırıcı təsir göstərən əsas faktor məhz təklif amili olub:
“Təklif amillərinə baxdıqda, burada iki əsas kanal var. Birincisi, idxal edilən mal və xidmətlərin qiymətidir, yəni ticarət tərəfdaşlarımızda olan inflyasiya daxili bazara ötürülür. İkincisi isə yerli istehsalçıların xərc amillərinin artmasıdır. Bura dövlət tərəfindən tənzimlənən xidmətlər – məsələn, elektrik enerjisi, təbii qaz, su və yanacaq qiymətləri daxildir”.
Müstəqil iqtisadçılar ölkədə real inflyasiyanın ikirəqəmli səviyyəyə çatdığını iddia edirlər.
“Politfm”



