Foto: APA

 

 

 

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov AzTV-yə və APA agentliyinə geniş müsahibə verib.

O, bank sektorunun əsas problemlərindən danışsa da, rəhbəri olduğu qurumun  məsuliyyətini ikinci planda saxlamağa çalışıb. AMB sədri bazarın problemlərini etiraf edib, amma onların yaranmasında tənzimləmə siyasətinin roluna, demək olar ki, toxunmayıb.

Müsahibədə dörd məqam xüsusilə diqqət çəkir.

1. Girov tələbi: mövcud hüquqi norma praktikada işləmir

Taleh Kazımov bildirir ki, AMB-nin tənzimləmələri Bazel standartlarından daha liberaldır və 10%-dən aşağı kreditlər üçün girov tələb edilmir.

Bu, hüquqi baxımdan doğru qeyddir Amma iqtisadi mexanizm fərqli işləyir. AMB-nin tətbiq etdiyi sərt proviziya (ehtiyat yaratma) tələbləri və yüksək risk çəkiləri bankları məcbur edir ki, riskli və ya girovsuz kreditlər verərkən mənfəətin əhəmiyyətli hissəsini ehtiyatlara yönəltsinlər. Nəticədə qanunvericilikdə belə bir qadağa olmasa da, mövcud tənzimləmə bankları sərt girov siyasəti tətbiq etməyə sövq edir.

2. Kredit bazarı: məsələ təkcə faiz dərəcəsində deyil

AMB sədri qeyd edir ki, “Pulun banka gəliş dəyəri orta hesabla 9%-dir. Əməliyyat xərcləri, kredit riski və marja əlavə olunanda, faizlərin ikirəqəmli (15-20%) olması təbiidir. Faizlər düşsə belə, tələb kəskin dəyişmir”.

Bankların 8-10% illik faizlə depozit cəlb edib kreditləri 14-18% aralığında verməsi bazar iqtisadiyyatının məntiqinə uyğundur. Amma faizlərin azalmasının kredit tələblərini ciddi dərəcədə artırmamasının əsas səbəblərindən biri kölgə iqtisadiyyatının geniş olması və şəffaf biznes modellərinin kifayət qədər inkişaf etməməsidir. Sahibkar maliyyə fəaliyyətini şəffaf şəkildə göstərə bilməyəndə, faiz dərəcəsi aşağı düşsə belə, onun bank kreditinə çıxışı məhdud qalır.

3. Təmərküzləşmə probleminin etirafı

Taleh Kazımov müsahibədə bildirib ki, “Bank sektorunda ən böyük çağırış təmərküzləşmədir. Dominant bankların qiymət siyasəti bütün bazara təsir edir”.
Bu, bank sektorundakı təmərküzləşmə faktının MB rəhbərliyi səviyyədə ən açıq etirafıdır. Sektorun aktivlərinin və mənfəətinin böyük hissəsi ilk üç bankın payına düşür. Belə oliqopolik bazarda iri banklar faiz siyasətini dəyişmədikləri müddətcə kiçik bankların rəqabət aparmaq üçün nə kifayət qədər resursu, nə də iqtisadi motivasiyası olacaq.

4. Maaş kartları bazarında dəyişiklik yeni mexanizmlər vədi

Taleh Kazımovun sözlərinə görə, sentyabr-oktyabr aylarında maaş və pensiya kartları bazarında rəqabəti artıracaq yeni mexanizmlər tətbiq ediləcək.

Bu, sədrin müsahibədə dediyi ən konkret yeniliklərdən biridir. Hazırda dövlət qurumlarının və iri müəssisələrin əməkhaqqı layihələri əsasən bir neçə böyük bankda cəmləşdiyindən həmin banklar çox aşağı maya dəyəri ilə iri həcmdə likvid resurs əldə edirlər. Vətəndaşlara maaş aldıqları bankı sərbəst seçmək imkanı yaradılarsa, kiçik və orta banklar da daha ucuz maliyyə resursları cəlb etmək imkanı qazana bilər.

Müsahibədən aydın olur ki, Mərkəzi Bank mövcud problemlərin əsas səbəbini daha çox bazar iştirakçılarının davranışında görür. Ona görə də Kazımov inzibati müdaxilələrin məhdud olduğunu vurğulayır.

Amma bank sektorundakı yüksək təmərküzləşmə uzun illər ərzində tətbiq olunmuş tənzimləmə siyasətindən ayrı da qiymətləndirilə bilməz.

Düzdür, maaş kartları bazarında planlaşdırılan dəyişiklik rəqabətin güclənməsi baxımından müsbət addımdır. Amma davamlı nəticələr əldə etmək üçün kiçik və orta bankların kapital, likvidlik və ehtiyat yükünün optimallaşdırılması istiqamətində də əlavə islahatlara ehtiyac var.

“Politfm”