Ukrayna Prezidenti Volodimir Zelensk,i senatorlar Riçard Blumental, Rocer Uiker və Ceyms Riş: Vaşinqton, 28 iyul 2026 (foto: Frensis Çanq / “Politico”


 

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 28-də ABŞ-yə səfəri zamanı əsl qəhrəmanlıq edərək bir il əvvəl mümkünsüz görünən nəticəyə nail olub – Vaşinqtonu Ukraynanın müharibədə qalib gələ biləcəyinə inandıra bilib.

“Politico” nəşri dünənki məqaləsində belə yazır.

Nəşr qeyd edir kimi, Donald Trampla Ağ Evdə 2025-ci ilin fevral ayındakı gərgin görüşdən fərqli olaraq bu dəfə Zelenski ABŞ prezidentindən ruh yüksəkliyi ilə ayrılıb.
Həmin gün Senat Rusiya neftini alan ölkələrə qarşı yeni sanksiyaları böyük səs çoxluğu ilə dəstəkləyib.

“Politico” bunu Zelenskinin əvvəlki uğursuz Vaşinqton səfərindən sonra mühüm dönüş nöqtəsi kimi qiymətləndirir. Nəşrin qənaətinə görə, səsvermə Konqresi Kiyev üçün prioritet sayılan qərara bir addım da yaxınlaşdırmaqla yanaşı, Ukraynanın mövqeyinin təkcə döyüş meydanında yox, siyasi müstəvidə də gücləndiyini göstərir.

Zelenskiylə Senatdakı görüşdən sonra keçirilən mətbuat konfransında senator Mayk Rauns bildirib ki, sanksiyaların məqsədi Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına gətirməkdir. Onun sözlərinə görə, Zelenski hesab edir ki, bu məhdudiyyətlər Rusiyada müharibə ilə bağlı narazılığı artıraraq Kremlə əlavə təzyiq göstərə bilər.

Ukrayna prezidenti isə vurğulayıb ki, sanksiyalar cəbhədə əldə olunan uğurları möhkəmləndirməyə və Putini sülh danışıqlarına yönləndirməyə kömək edə bilər. Bununla yanaşı, o, ABŞ-dən “Patriot” sistemləri üçün sursat dəstəyinin genişləndirilməsini də istəyib.

Respublikaçı senator Mayk Raunsun sözlərinə görə, Zelenskinin hərbi texnika yardımı, hədəflərin müəyyənləşdirilməsi üçün dəstək və Rusiyaya qarşı sanksiyalarla bağlı müraciətləri üç həftə əvvəl NATO sammiti çərçivəsində amerikalı qanunvericilərlə keçirdiyi görüşlərdə də səsləndirilib.

Respublikaçı senator Cim Riş bildirib ki, Zelenski və Finlandiya Prezidenti Aleksandr Stubb Konqres üzvlərinə sanksiyalar haqqında qanunun müharibənin gedişinə hərbi əməliyyatlardan daha böyük təsir göstərə biləcəyini deyiblər.

“Hər ikisi hesab edir ki, bu qanun müharibəni başa çatdırmaq baxımından ən azı döyüş əməliyyatları qədər, hətta onlardan da daha təsirli ola bilər” – Riş  mətbuat konfransında belə deyib.

Bununla yanaşı, “Politico” qeyd edir ki, sanksiyalarla bağlı qanun layihəsinin qəbulu hələ təmin olunmayıb. Senatdakı respublikaçı çoxluğun lideri Con Tun sənədin bu həftə qəbulunu sürətləndirməyə çalışsa da, həm Senatda, həm də Nümayəndələr Palatasında hələ də ciddi prosedur maneələri qalmaqdadır.

Nəşrin yazdığına görə, Ağ Ev indiyə kimi bu qanun layihəsinə məhdud dəstək verib, respublikaçıların liderlərisə Trampın mövqeyini nəzərə alaraq uzun müddət sənədi gündəmə gətirməkdən çəkiniblər. Amma senator Lindsi Qremin vəfatı, Zelenskinin Vaşinqtona səfəri və döyüş meydanındakı son dəyişikliklər təşəbbüsə yeni impuls verib.

Qanun layihəsi qəbul olunacağı təqdirdə Tramp Rusiyaya qarşı geniş iqtisadi sanksiyalar tətbiq etmək səlahiyyəti əldə edəcək. Sənədin müəlliflərindən olan demokrat senator Riçard Blumental bildirib ki, layihə ABŞ müttəfiqlərinə zərər vermədən Çin və Hindistanı da əməkdaşlığa cəlb etməyi hədəfləyir.

Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Uiker isə bu qanunu mərhum Lindsi Qremin “ən böyük siyasi nailiyyəti” adlandırıb.

Nümayəndələr Palatası yay fasiləsində olduğundan qanun layihəsinin ən tez sentyabrda qüvvəyə minəcəyi bildirilir. Bəzi demokratlar Rusiya neftini böyük həcmdə alan ölkələrə qarşı 100 faizə qədər tarif tətbiq etmək səlahiyyətinin prezidentə verilməsinə etiraz edir.

Bu layihə bir ildən çox müddətə hazırlanıb. Prosedur səsverməsində 86 senator sənədin lehinə, 12 senator isə əleyhinə səs verib. Səsvermə layihənin əsas müəlliflərindən olan senator Lindsi Qremlə vida mərasimindən cəmi bir neçə saat sonra keçirilib.

Demokrat senator Riçard Blumental bildirib ki, qanun layihəsi Rusiya Prezidenti Vladimir Putinə aydın mesaj verməlidir: “Müharibənizin bitməsinə sayılı günlər qalıb”.

O vurğulayıb ki, Moskva uduzan tərəfdədir və daha çox insan itkisi, daha dərin iqtisadi zərər və daha geniş beynəlxalq təcrid əvəzinə danışıqlara başlamaq daha məqsədəuyğundur.

“Politfm”