Foto: “Ferra.ru”



 

Süni intellektin (Sİ) sürətli inkişafı gələcəklə bağlı narahatlıqları artırır. Sorğular göstərir ki, artıq dünya əhalisinin yarıdan çoxu ondan ehtiyat edir. Əvvəlcə “Anthropic”, daha sonra isə “OpenAI” tərəfindən hazırlanmış Sİ modellərinin nəzarətdən çıxması təhlükəsizlik məsələsini əsas müzakirə mövzularından birinə çevirib.

Ekspertlərin fikrincə, nəzarətsiz istifadə zamanı Sİ-nin insanlara qarşı dağıdıcı nəticələr yarada biləcək imkanları “süni intellekt apokalipsisi” ssenarisinin əsas riskini təşkil edir.
Dünyanın aparıcı texniki ali məktəblərindən biri olan Massaçusets Texnologiya İnstitutunun (MIT) laboratoriyasının Sİ üzrə 272 ekspert arasında keçirdiyi sorğunun nəticələrinə görə, bu cür fəlakətli ssenarinin baş vermə ehtimalı müxtəlif şərtlərdən asılı olmayaraq təxminən 10 faiz qiymətləndirilir. Amma süni intellektin inkişafı və istifadəsi heç bir məhdudiyyət və tənzimləmə olmadan davam edərsə, bu ehtimal 20 faizdən də yüksək ola bilər (BBC).

Ekspertlər 24 əsas riskdən ibarət reytinq cədvəli hazırlayıblar və 2030-cu ilə qədər hər bir risk üzrə hadisələrin “fəlakətli nəticələrə” gətirib çıxarma ehtimalını qiymətləndiriblər.
Araşdırmada fəlakətli zərər anlayışına, məsələn, 1 milyondan çox insanın ölümü, 100 milyard dollardan artıq iqtisadi itkilər, eləcə də sivilizasiya miqyasında qeyri-maddi nəticələr – demokratik normaların zəifləməsi və ya şəxsi həyatın toxunulmazlığı hüququnun ciddi şəkildə pozulması kimi hallar daxil edilib.

Sİ-yə görə kütləvi işsizliyin yaranması təhlükəsi ən çox müzakirə olunan risklərdən biri olsa da, bu, ekspertlərin siyahısındakı ilk üçlükdə yer almayıb. Nəticələrinin ağırlığına görə bu risk dördüncü sırada qərarlaşıb.

Ən böyük təhlükə isə “Terminator” filmlərindəki ssenariləri xatırladan vəziyyətlərlə – insanların nəzarətindən çıxıb müstəqil şəkildə inkişaf edərək bəşəriyyətə genişmiqyaslı zərər vura bilən süni intellekt sistemlərinin yaranması ilə əlaqələndirilir.

MIT bu əsas riski bir neçə mümkün səbəblə izah edir: texniki nasazlıqlar, kibercinayətkarların müdaxiləsi və ya süni intellekt sistemlərinin məqsədlərinin insanların maraqlarıyla üst-üstə düşməməsi.

Belə sistemlər hansı təhlükələri yarada bilərlər? Ekspertlərin fikrincə, süni intellekt insanları aldatmaq, silahların hazırlanmasına kömək etmək, ictimai rəyi manipulyasiya etmək, siyasi proseslərə müdaxilə etmək və kiberhücumlar həyata keçirmək kimi məqsədlər üçün istifadə oluna bilər. Bundan başqa, fəaliyyət göstərdiyi mühiti dərk edən, öz imkanlarını təkmilləşdirən və özünü yaymaq qabiliyyətinə malik daha mürəkkəb süni intellekt sistemlərinin yaradılması da əsas risklərdən biri hesab olunur.

İnsanlığı kim xilas edəcək?

Reytinqin ikinci və üçüncü yerlərindəki risklər də birinciylə əlaqəlidir.
İkinci risk süni intellektdən istifadə etməklə silah hazırlanmasıdır. Bura həm kiberhücum imkanlarının genişlənməsi, həm də kütləvi qırğın vasitələrinin yaradılması daxildir.
Üçüncü risk isə “süni intellekt üzərində hakimiyyətin cəmləşməsi” ssenarisidir. Bu halda qabaqcıl texnologiyalara çıxışı olan məhdud sayda şəxslər böyük resurslara nəzarət edə bilər və nəticədə sosial-iqtisadi bərabərsizlik daha da dərinləşər.

Ekspertlərin fikrincə, bu proseslər sosial gərginliklərə və siyasi böhranlara səbəb ola bilər. Dünya üzrə keçirilən sorğular da göstərir ki, süni intellektin mümkün mənfi nəticələri ilə bağlı narahatlıq ildən-ilə artır.

Məsələn, Stanford Süni İntellekt İndeksinin son qlobal hesabatına görə, Sİ-nin onları “narahat etdiyini” bildirən respondentlərin sayı 2025-ci ildə 52 faizə çatıb. Halbuki 2022-ci ildə bu göstərici 39 faiz idi. Sİ-nin inkişafının onları ruhlandırdığını deyənlərin sayı isə, demək olar ki, dəyişməyib və 53-54 faiz səviyyəsində qalıb.

Amma MIT araşdırmasının müəllifləri qeyd edirlər ki, insanların narahatlığının artması bu sahədə hər hansı ciddi məhdudiyyətlərin tətbiqi ilə nəticələnmir. Ekspertlərin fikrincə, bunun əsas səbəbi ondan ibarətdir ki, süni intellektin inkişafının yaratdığı imkanlardan faydalanan şəxslər bu prosesə nəzarət edən tərəflərdir. Halbuki bu texnologiyanın ən çox təsir edə biləcəyi və risklər yaradacağı insanlar həmin qərarların qəbulunda, demək olar ki, heç bir təsir imkanına malik deyillər.

Ekspertlər yazırlar ki, “Həssas vəziyyətdə olanlarla məsuliyyət daşıyanlar arasındakı bu fərq yeni hadisə deyil. Məsələn, aviasiya qəzalarından və texnoloji fəlakətlərdən, yaxud keyfiyyətsiz dərmanlardan ilk növbədə əhali zərər çəkir. Lakin bu risklərin qarşısının alınmasına görə məsuliyyət həmin sahələrin yaradıcıları, istehsalçıları və tənzimləyici qurumlarının üzərinə düşür”.

Onlar qeyd edirlər ki, bu sahələrdə ciddi təhlükəsizlik standartları, nəzarət mexanizmləri və hüquqi məsuliyyət sistemi mövcuddur. Süni intellekt sahəsində isə analoji mexanizmlər hələ ya formalaşma mərhələsindədir, ya da ümumiyyətlə yoxdur.

Ekspertlər belə nəticəyə gəlirlər ki, “Nəticə etibarilə ən həssas qruplar faktiki olaraq müdafiəsiz vəziyyətdə qalır, onları qorumağa cavabdeh olan tərəflərsə riskləri məhdudlaşdırmaq üçün kifayət qədər təşviq edilmirlər”.

Bəs gələcəkdə hansı sahələrdə işləmək daha təhlükəsiz olacaq? Mütəxəssislər bildirirlər ki, süni intellekt bütün iqtisadi sahələr üçün eyni səviyyədə təhlükə yaratmır.

MIT araşdırmasının müəllifləri iqtisadiyyatın 14 sahəsinin Sİ-nin yaratdığı 24 riskə nə dərəcədə həssas olduğunu qiymətləndiriblər. Ən yüksək risk səviyyəsi informasiya texnologiyaları sektoru və milli təhlükəsizlik sahəsində qeydə alınıb.

Dezinformasiya, ictimai rəyin manipulyasiyası və şəxsi həyatın toxunulmazlığına müdaxilə kimi risklərə daha çox informasiya sektoru açıqdır. Milli təhlükəsizlik sahəsi isə kibertəhlükələr və yeni silah növlərinin hazırlanması ilə bağlı risklərlə üzləşir.

Maliyyə sektoru üçün də oxşar risklər var. Burda süni intellekt bir tərəfdən maliyyə fırıldaqları və bazar manipulyasiyalarına qarşı mübarizəni daha mürəkkəb mərhələyə yüksəldə bili, digər tərəfdənsə maliyyə sisteminin bütün səviyyələrində getdikcə daha geniş tətbiq olunur. Bu isə həmin sistemlərdə nasazlıq baş verdiyi hallarda nəticələrin miqyasını böyüdür.

MIT-in araşdırmasına görə, süni intellektdən hələ məhdud səviyyədə istifadə edən sahələr ən az riskli istiqamətlər hesab olunub. Bunlara mehmanxana və restoran biznesi, kənd təsərrüfatı, emal sənayesi, eləcə də mədəniyyət və əyləncə sahəsi daxildir.

“Politfm”