Foto: “t.me/V_Zelenskiy_official”
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb.Daha sonra “Telegram” hesabında “Prezident Trampla Oval kabinetdə yaxşı görüşümüz oldu” yazan Zelenski onunla fotosunu paylaşıb.
Ukrayna prezidentinin sözlərinə görə, görüşdə əsas diqqət “Patriot” hava hücumundan müdafiə sistemləri üçün ABŞ istehsalı olan raket-tutucuların lisenziya əsasında Ukraynada istehsalı və Rusiya ilə sülh danışıqlarının canlandırılması məsələlərinə yönəlib.
“Dinc əhalinin həyatını qorumaq və sülhə nail olmaq naminə birlikdə gördüyümüz işlərə görə təşəkkür edirəm. Əvvəlcə Prezident Trampa Lindsi Qremin vəfatı ilə əlaqədar başsağlığı verdim. O, Ukraynanın böyük dostu idi” deyə, o əlavə edib.
Zelenski qeyd edib ki, görüşdə faydalı ola biləcək digər təşəbbüslər də müzakirə olunub:
“Diplomatik səylər barədə də fikir mübadiləsi apardıq. Hesab edirik ki, diplomatik prosesə yeni təkan vermək lazımdır. Komandalarımız gələcək təmasların detallarını razılaşdıracaqlar. Qətiyyətli dəstəyinə görə ABŞ-yə minnətdaram”.
Tramp və Zelenskinin görüşü qapalı keçirilib. Məlumata görə, danışıqlar təxminən yarım saat davam edib. Görüşdən nə əvvəl, nə də sonra liderlər jurnalistlərə açıqlama verməyiblər.
Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü də qapalı formatda baş tutub. Netanyahu Ağ Evə Zelenskidən qısa müddət sonra gəlib.
Daha sonra hər üç liderin respublikaçı senator Lindsi Qremin dəfn mərasimində iştirak etməsi nəzərdə tutulub.
“Politfm”



