Foto: AP
İsveçrənin UBS bankının tərtib etdiyi “Qlobal Sərvət Hesabatı 2025” hesabatına görə, son bir ildə dünya üzrə 1 milyona yaxın yeni dollar milyonçusu yaranıb.
Bu barədə “Euronews” məlumat yayıb.
Şərqi Avropada lider Litvadır
Nisbi artım tempinə görə Şərqi Avropa regionu dünyada birinci sıraya yüksəlib. Ən yüksək faiz artımı göstərən ölkə 8,0% artımla (921 yeni milyonçu) Litva, ikinci yerdə isə 6.4 % artımla Türkiyədir (5 600 yeni milyonçu). Sonrakl yerləri 5,7% artımla Latviya, 5.3% artımla Macarıstan, 5,2% artımla İrlandiya tutur.
Polşa və Yunanıstan da ən yüksək artım tempinə malik ölkələr sırasındadırlar.
ABŞ mütləq liderliyini qoruyur
Faiz artımında Şərqi Avropa öndə olsa da, mütləq rəqəmlərdə ABŞ əlçatmazdır.
İl ərzində 441 000-dən çox insanın sərvəti 1 milyon dollarlıq həddi keçib. Bu, qlobal artımın demək olar ki, yarısıdır. Dünyadakı bütün dollar milyonçularının 40%-dən çoxu (23,6 milyon nəfər) ABŞ-də yaşayır.
Avropada neçə yeni milyonçu yaranıb?
Avropanın aparıcı iqtisadiyyatlarında faiz artımı az olsa da, say baxımından böyük artım qeydə alınıb. Qərbi Avropada ümumilikdə 15 milyon milyonçu (qlobal payın dörddə biri) məskunlaşıb.
Böyük Britaniyada 43 000, Fransada 32 000, İspaniyada 32 000-dən çox, Almaniyada və İtaliyada 24 000-dən çox yeni milyonçu yaranıb.
Diqqət çəkən məqamlardan biri də budur ki, tədqiqata daxil edilən 56 ölkə və ərazinin heç birində 2025-ci ildə dollar milyonçularının sayında azalma qeydə alınmayıb.
Milyonçuların sayı ölkə iqtisadiyyatının güclü olduğunu göstərirmi?
UBS analitikləri qeyd edirlər ki, milyonçuların sayı təkcə iqtisadiyyatın ümumi gücündən asılı deyil. Bu göstəriciyə daşınmaz əmlakın qiyməti, fərdi pensiya yığımları, vergi siyasəti və investisiya imkanları da təsir edir.
“Politfm”



