Foto: internet
Bu gün, iyulun 23-də “Azeri Light” markalı neftinin bir barelin qiyməti son həftələrdə ilk dəfə olaraq 100 dolları keçib.
Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsində bu neftin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Büdcənin bu ilə proqnozlaşdırılan gəlirlərinin (38 milyard 423 milyon manat) 42.5 faizi neft-qaz sektorunun hesabına formalaşmalıdır.
Dünya bazarlarında neftin qiyməti ardıcıl beşinci gündür ki, yüksəlməkdə davam edir. Çünki Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə neft tankerlərinə hücumlar edir, ABŞ və İranın qarşılıqlı zərbələri isə yenidən Hörmüzdə hərəkəti, demək olar, iflic edib.
“Brent” markalı neftin fyuçersləri 2.42 dollar (2.6 faiz) bahalaşaraq 96.49 dollara çatıb. Bu, iyunun 8-dən bəri ən yüksək göstəricidir.
ABŞ-nin “West Texas Intermediate” (WTI) markalı nefti isə bir gün öncə 3 faiz bahalaşmışdı. Bu gün isə daha 1.59 dollar (1.8 faiz) artaraq 88.42 dollara yüksəlib.
“Politfm”



