Foto: AFP

 

 

ABŞ-nin dövlət katibi Marko Rubio iyulun 23-də Tehrana sərt xəbərdarlıq edib. Bir gün əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın İranın infrastrukturunu bombalamaq təhdidinə cavab olaraq “gözə göz” prinsipiylə hərəkət edəcəklərini demişdi.

“Prezidentin siyasəti “gözə görə baş” prinsipindən ibarətdir” – Rubio iyulun 23-də Manilada, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində jurnalistlərə açıqlamasında belə deiyb (“Radio Svoboda”).
“Onlar atdıqları addımlara görə çox ağır bədəl ödəyəcəklər, elə indi də ödəyirlər” deyə, o əlavə edib.

ABŞ ardıcıl olaraq 12-ci gündür ki, İrandakı hədəflərə zərbələr endirir. Buna cavab olaraq İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən bir neçə ABŞ hərbi bazasını vurduğunu bəyan edib.

Gərginlik yeni müstəviyə də sıçrayıb. Qırmızı dənizdə Səudiyyə Ərəbistanının bayrağı altında üzən gəmilərdən biri vurulub. Daha əvvəl İranın dəstəklədiyi husilər Səudiyyəyə məxsus iki tankerə raket və dronlarla hücum etdiklərini açıqlamışdılar.

Həftənin əvvəlində husilər Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki limanlarını blokadaya alacaqları və Bab əl-Məndəb boğazından keçidi bağlayacaqları ilə hədələmişdilər.
Tramp isə husilərin təhdidiylə bağlı suala cavab olaraq demişdi ki, “Belə bir addım atılsa, öhdəsindən gələrik”.

O, dünənki açıqlamasında bildirib ki, İranın razılaşmağa hazır olduğuna inanmır, çünki Tehran əldə edilən hər bir kompromisi yenidən müzakirə obyektinə çevirməyə çalışır.
“Onlar hazır deyillər, amma çox tezliklə hazır olacaqlar” deyə, o əlavə edib.

Son həftələrdə Hörmüz boğazı ətrafında yenidən başlamış qarşılıqlı zərbələr iyunun ortalarında əldə olunmuş atəşkəsi faktiki olaraq aradan qaldırıb. “The Wall Street Journal” nəşri ABŞ rəsmilərinə və uçuş məlumatlarına istinadən xəbər verir ki, bölgəyə əlavə Amerika hərbçiləri, hərbi həkimlər və silah-sursat cəlb olunub.

Rubio Maniladakı mətbuat konfransında Rusiyanın İrana ABŞ qüvvələrini hədəfə almaqda kömək etməsi barədə yayılan məlumatlara da münasibət bildirib, kəşfiyyat məsələlərini şərh etməyəcəyini vurğulayıb, əlavə edib ki, belə xəbərlər doğru olsa belə, onları publik müzakirə etməycək. Daha əvvəl o, ASEAN sammiti çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Dövlət katibi bildirib ki, İran uzun illərdir raket və dron potensialını müstəqil şəkildə inkişaf etdirib, bu səbəbdən hazırda xarici aktorların apardığı fəaliyyət Tehranın amerikalıları hədəfə almaq qabiliyyətini artırmır.
Kremlin sözçüsü Dmitri Peskov bu məsələni şərh etməkdən boyun qaçırıb.

“Politfm”