Foto: EPA

 

 

Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə konsensus əldə ediblər.

Bu barədə “Reuters” agentliyi iyulun 23-də, dörd Aİ diplomatına istinadən məlumat yayıb.
Diplomatlardan ikisinin sözlərinə görə, məhdudiyyətlər sırasına Rusiya neftinin qiymət tavanının 12 aylıq dondurulması da daxildir. Bu ölkənin mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə ötürülməsinə icazə verən və avtomatik uzadılacaq birillik istisna da nəzərdə tutulur.

“Üzv dövlətlər Yunanıstana həmrəylik nümayiş etdirdilər. Gələcəkdə Yunanıstanın da digər ölkələrə eyni dəstəyi verəcəyi gözlənilir” – Aİ diplomatlarından biri belə deyib.
Yunanıstan Rusiyanın LNG daşımalarına tətbiq ediləcək məhdudiyyətlərin öz gəmiçilik sektoruna və bəzi enerji şirkətlərinə zərər vura biləcəyindən narahat olaraq paketə etirazını bildirmişdi.

Hazırda sanksiyalar paketi üzrə texniki işlər yekunlaşmaq üzrədir. Sənədin rəsmən qəbulu üçün bu gün, iyulun 23-də günortadan sonra yazılı prosedura start veriləcək.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyib ki, Rusiya neftinin qiymət tavanına edilən düzəlişlərin bir il müddətinə dondurulması bu ölkənin “müharibə maşınının bazar şoklarından faydalanmasının qarşısını alacaq”.

Onun sözlərinə görə, yeni paket çərçivəsində daha 32 Rusiya bankı, kriptovalyuta şirkəti və neft ticarəti platforması Aİ-nin əməliyyat qadağası siyahısına salınır.

Fon der Lyayen əlavə edib ki, bu paket həmçinin Rusiyanın kölgə donanmasını dəstəkləyən gəmiləri hədəf alır və Rusiya hərbçilərinin Aİ-yə girişinin rəsmən qadağan olunması istiqamətində də mühüm addımdır.

“Politfm”