Foto: internet

 

 

Prezident İlham Əliyev məcburi köçkünlərlə bağlı sosial müdafiə mexanizmlərinin mərhələli şəkildə yeni modelə keçirilməsini nəzərdə tutan qanun dəyişikliklərini təsdiqləyib.

Əsas dəyişikliklər bunlardır:

– İndiyədək sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şərait yarandıqdan sonra 3 il qüvvədə qalırdı. Yeni qaydaya əsasən isə bu müddət məcburi köçkün statusunun itirildiyi gündən hesablanacaq və 3 il davam edəcək. Bu isə o deməkdir ki, əvvəl 3 illik müddət qayıdış üçün şərait yaradıldığı andan hesablanırdı. İndi isə həmin müddət yalnız məcburi köçkün yaşayış sahəsi ilə təmin olunub statusunu itirdikdən sonra başlayacaq.

– Əvvəllər məcburi köçkünlərin köçürüldüyü yaşayış məntəqəsində problem yarandıqda, onlara həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsi verilməsi nəzərdə tutulurdu. Dəyişiklikdən sonra bu məhdudiyyət aradan qaldırılır. Artıq onlara istənilən uyğun başqa yaşayış sahəsi təklif edilə biləcək.

– Qanun qüvvəyə minənədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə yeni mənzillə təmin olunan məcburi köçkünlər üçün sosial müdafiə tədbirlərinin 3 illik müddəti həmin mənzillə təmin olunduqları tarixdən hesablanacaq.

– Qanun qüvvəyə minənədək dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan və təhsil haqqı dövlət tərəfindən ödənilən məcburi köçkün tələbələrin təhsil haqları təhsillərini başa vurana qədər dövlət büdcəsi hesabına ödənilməyə davam edəcək.

“Politfm”