Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Moskva, 17 iyul 2026 (foto: TASS)

 

“Dünya iqtisadiyyatındakı bütün çətinliklərə baxmayaraq, ölkələrimiz arasında dinamika ümumən müsbətdir”. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüçü zamanı belə deyib (TASS).

Bayramov həmçinin qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin mühüm elementlərdən biri həm də humanitar sahədir.

Sergey Lavrov isə bildirib ki, Rusiya və Azərbaycanın dövlət başçıları müxtəlif səviyyələrdəki müntəzəm təmaslar sayəsində iki ölkə arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin potensialının tam reallaşdırılmasına doğru irəliləyir.

“Bütün bunlar göstərir ki, vaxtaşırı müəyyən çətinliklər yaransa da – həyatda belə şeylər qaçılmazdır, – biz 22 fevral 2022-ci ildə imzalanmış Moskva Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Bəyannaməsinin potensialının tam reallaşdırılmasına doğru irəliləyirik” deyə, o vurğulayıb.
Nazir sənədin imzalandığı tarixə də ayrıca diqqət çəkərək əlavə edib: “Maraqlı rəqəmdir – 22.02.22”.

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyannaməni 2022-ci ilin fevralında Moskvada imzalayıblar. Həmin sənəd iki ölkə arasında siyasi, iqtisadi, ticari və daha bir neçə sahədə əməkdaşlığı nəzərdə tutur.
Bundan iki gün sonra Rusiya Ukraynaya hücum edib.

Açıqlamalından birində Əliyev Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib, bir neçə gün əvvəl keçirilmiş Şuşa Beynəlxalq Media Forumunda bunu təkrarən deyib, Kiyevə işğalla barışmamağı tövsiyə edib.

Kremlin sözçüsü Dmitri Peskov buna cavab olaraq deyib ki, bu mövqe “yanlışdır” və “bütün kanallar vasitəsilə, ardıcıl şəkildə, əsaslandırılmış arqumentlərlə bunun niyə yanlış mövqe olduğunu izah etməyə davam edəcəyik”.

Lavrov: Təyyarə qəzası ilə bağlı bütün məsələləri həll etmişik

Görüşdə Lavrov Azərbaycanın sərnişin təyyarəsinin 2024-cü ilin dekabrında qəzaya uğraması barədə də danışıb; bildirib ki, Moskva və Bakı bununla bağlı bütün məsələləri tam yoluna qoyublar:
“Bu il ən yüksək səviyyədə əldə olunmuş razılaşmalar və hökumətlərimizin, nazirliklərimizin apardığı iş sayəsində 2024-cü il dekabrın 25-də AZAL şirkətinə məxsus sərnişin təyyarəsinin qəzasıyla bağlı bütün məsələləri həll etmişik”.

2024-cü il dekabrın 25-də AZAL-ın Bakıdan Qroznıya uçan “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub.
Azərbaycan rəsmiləri təyyarəyə Rusiya hava məkanında müdaxilə olunduğunu və hadisəyə görə Rusiyanın məsuliyyət daşıdığını bildiriblər.

Bakı rəsmi Moskvadan qəzaya görə məsuliyyəti etiraf etməyi, günahkarların cəzalandırılmasını və kompensasiya ödənilməsini tələb edib. Rusiya tərəfi ilkin mərhələdə üzrxahlıq etsə də, digər tələblər uzun müddət yerinə yetirilməmiş qalırdı. Azərbaycan və Rusiya arasında məsələylə bağlı razılıq əldə olunduğu bu ilin aprel ayında açıqlanıb.

Qəzadan sonra Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaranmış, Rusiyada Azərbaycan dasporunun bəzi təmsilçiləri, Bakıda isə bir neçə Rusiya vətəndaşı müxtəlif ittihamlarla həbs olunmuşdu. Ölkə başçılarının sonrakı birbaşa təmaslarından sonra Azərbaycan rusiyalıların bəzisini, o cümlədən “Sputnik-Azərbaycan”ın əməkdaşlarını sərbəst buraxmışdı.

“Şimal–Cənub Nəqliyyat Dəhlizi layihəsində tezliklə irəliləyiş gözlənilir”

Lavrov ölkələr arasındakı iqtisadi münasibətlərə də toxunub.

“Üçtərəfli layihəmiz – Şimal–Cənub Nəqliyyat Dəhlizi üzrə vəziyyət nikbinlik yaradır. Bu yaxınlarda iranlı həmkarlarımız bildirdilər ki, Rəşt–Astara dəmir yolu hissəsində torpaq sahələrinin ayrılması prosesi başa çatdırılıb. Məhz bu məsələ indiyədək müvafiq işlərə başlamağa imkan vermirdi” deyən nazir bu ay Rusiya, Azərbaycan və İran dəmir yollarının rəhbərləri görüşdüyünü xatırladıb, onların praktiki işlərin başlanmasıyla bağlı məsələləri müzakirə etdiyini bildirib:

“Düşünürəm ki, yaxın vaxtlarda irəliləyişin şahidi olacağıq. Layihəyə hər üç tərəfin – Rusiyanın, Azərbaycanın və İranın marağı var”.

ABŞ və Aİ-yə qarşı “3+3”

Lavrov “3+3” platformasını da yada salıb; deyib ki, bu platforma inkişaf üçün böyük potensiala malikdir.

“Biz kollektiv Qərb ölkələrinin Cənubi Qafqazdan geosiyasi qarşıdurma meydanı kimi istifadə etmək cəhdlərini müzakirə etdik. Bu kontekstdə Cənubi Qafqazın üç ölkəsini – Azərbaycan, Ermənistan və Gürcüstanı, eləcə də onların qonşuları olan Rusiya, İran və Türkiyəni birləşdirən “3+3″ platformasının regional əməkdaşlıq baxımından əhəmiyyətli potensiala malik olduğunu görürük” deyə, Lavrov vurğulayıb.

Onun sözlərinə görə, bu mexanizm region ölkələrinə və onların qonşularına kənardan “dağıdıcı müdaxilə olmadan” bütün regional problemləri öz səyləriylə həll etməyə imkan yaratmaq üçündür.

Lavrov həmçinin bildirib ki, Rusiya Azərbaycan və Ermənistanın münasibətləri tam və hərtərəfli normallaşdırmağa yönəlmiş səylərini ardıcıl şəkildə dəstəkləyir və
əvvəlki kimi “həm Bakıya, həm də Yerevana nəqliyyat və iqtisadi kommunikasiyaların blokadadan çıxarılması və humanitar məsələlərin həlli istiqamətində kömək göstərməyə hazırdır”.

“Politfm”