Foto: “AZƏRTAC”



Bu ilin 6 ayında Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aidiyyəti dövlət qurumlarına 67 təqdimat göndərib, 34 halda vətəndaşlara və vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilib, əməliyyat qurumları 38 cinayət işi başladıb. 13 şəxs tutulub, axtarışda olan şəxslərdən 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə idarədə 2026-cı ilin birinci yarımili ərzində görülmüş işlərlə bağlı iyulun 16-da keçirilmiş müşavirədə məlumat verilib.

Qeyd olunub ki, hesabat dövründə Baş İdarənin İstintaq idarəsi 108 şəxs barəsində 78 cinayət işinin ibtidai istintaqını tamamlayıb, 102 şəxs barəsində 54 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərib.

Hesabat dövründə ibtidai istintaqı başa çatdırılmış və maddi ziyanla əlaqəli cinayət işləri üzrə özgə əmlakına vurulmuş 3 milyon 836 min 191 manat ziyanın ödənilməsi təmin olunub.

“Bundan başqa, 4 cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus ümumilikdə 1 milyon 412 min 345 manat dəyərində əmlak üzərinə həbs qoyulub” – Baş prokurorluğun Mətbuat xidmətinin məlumatında belə deyilir.

Qurumun ilin əvvəlində açıqladığı statistikaya görəsə, 2025-ci ildə Baş İdarə 27 milyon 439 min 745 manat məbləğində əmlaka həbs qoyub, 174 şəxs barəsində 104 cinayət işini məhkəmələrə göndərib, özgə əmlakına vurulmuş 35 milyon 391 min 465 manat məbləğində maddi ziyanın 11 milyon 634 min 316 manatının ödənilməsi təmin olunub.

“Politfm”