Foto: “74.RU”
Rusiyanın Çelyabinsk şəhərindəki yanacaqdoldurma məntəqəsində sürücülərdən biri digərinə travmatik tapançadan atəş açıb.
“Radio Svoboda” bu barədə “74.RU” “Telegram” kanalına istinadən məlumat yayıb.
Şahidin sözlərinə görə, sürücülərdən biri növbə gözləmədən yanacaq doldurmaq istəyib. Ona irad bildirildikdə isə silahını çıxararaq atəş açıb.
“Həmin şəxsə deyildi ki, yanacaq doldurmaq üçün növbəyə durmalıdır. Amma o bunu etmək istəmədi. Hamı belə reaksiya versə, necə olar? Bizim avtomobilimizdə uşaqlar vardı, güllə onlara da dəyə bilərdi. Zərərçəkmişin qarnına dəydi, yarasından xeyli qan axdı” – hadisənin şahidi belə deyib.
Atəş açan şəxs hadisə yerindən qaçıb, amma bir müddət sonra polis əməkdaşları onu saxlayıblar, faktla bağlı cinayət işi açılıb. Zərərçəkənin xəstəxanaya çatdırıldığı bildirilir.
• Neft emalı zavodlarına və digər neft infrastrukturuna Ukraynanın zərbələri nəticəsində Rusiyanın, demək olar ki, bütün regionlarında, ilhaq edilmiş Krımda və Ukraynanın işğal olunmuş ərazilərində yanacaq qıtlığı və yanacaqdoldurma məntəqələrində növbələr müşahidə olunur. Rusiya hakimiyyəti benzin, dizel yanacağı və aviasiya kerosininin ixracını qadağan edib.
• Rusiya baş nazirinin müavini Aleksandr Novak idxal tədarükünə başlanıldığını və ekoloji standartları daha aşağı olan neft məhsulları hesabına əlavə istehsal həcmlərinin artırıldığını açıqlayıb. “Reuters” agentliyinin məlumatına görə, hazırda Rusiyada benzin istehsalı mövsümi tələbatın cəmi 65 faizini ödəyir.
“Politfm”



