Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bu quruma  üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra Avropa Şurasının binasında mətbuat konfransı keçirir; Strasburq, Fransa, 13 iyul 2026 (foto: “Getty Images”)

 



Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri iyulun 13-də blokun 21-ci sanksiyalar paketi üzrə razılığa gələ bilməyiblər. Əgər növbəti iki gün ərzində son anda razılaşma əldə olunmasa, Rusiya neftinin ixracına tətbiq edilən qiymət məhdudiyyətinin qüvvədən düşməsi riski var.

21-ci sanksiyalar paketinə əvvəllər müzakirəyə çıxarılmayan bir sıra yeni və iddialı tədbirlər daxil edilib. Buna səbəb Macarıstanın keçmiş baş naziri Viktor Orbanın veto hüququna malik olması və Aİ nazirlərinin belə təşəbbüslərin əvvəllər perspektivsiz olduğunu düşünməsi idi (“The Kyiv İndependet”).

Yeni tədbirlər arasında Rusiyadan balıq idxalına məhdudiyyətlər, rusiyalı hərbçilərin Aİ-yə girişinin qadağan edilməsi, eləcə də Moskvanın neft qiymətlərində son kəskin artımdan faydalanmasının qarşısını almaq üçün Rusiya neftinə tətbiq edilən qiymət tavanının mövcud səviyyədə saxlanılması yer alırdı. Amma bu təkliflərə əsasən Aİ-nin cənubundakı ölkələr etiraz edib.

Qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas mətbuat konfransında “Kyiv Independent” nəşrinin iyulun 15-də başa çatan hazırkı qiymət məhdudiyyətinin qüvvədə qalacağına zəmanət verə bilib-bilməyəcəyi barədə sualına belə cavab verib:
“Mən heç bir zəmanət verə bilmərəm”.

“Ümid edirəm ki, xüsusilə Ukrayna əhalisinin sıx yaşadığı ərazilərdə dinc sakinlərə hücumlar davam etdiyi bir vaxtda bu tədbirlər paketi təsirli olacaq. Əgər razılığa gələ bilməsək, B planı üzərində işləməyə başlayacağıq. Amma hazırda çərşənbə günü üçün A planı üzərində işləyirik” deyə, o əlavə edib.

Qiymət məhdudiyyəti iyulun 15-də qüvvədən düşərsə, hazırda bir bareli üçün 44,10 dollar qiymət tavanı müəyyən edilmiş Rusiya nefti bu həddən xeyli yüksək olan bazar qiymətləriylə satıla bilər.
Bu isə Rusiya hökumətinə Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsinə yönəldilə biləcək əlavə gəlirlər qazandıra bilər.

Danışıqların gedişindən məlumatlı olan yüksək vəzifəli Aİ rəsmisi mətbuat konfransından dərhal sonra anonimlik şərtilə bildirib ki, ən pis ssenaridən yayınmaq şansı hələ də kifayət qədər yüksəkdir.
“Paketdəki bəndlərin böyük əksəriyyəti razılaşdırılıb” deyən vəzifəli şəxs əlavə edib ki, qiymət tavanının oktyabra qədər, yəni üç ay müddətində hazırkı səviyyədə saxlanılması barədə razılıq əldə əldə olunması ehtimalı realdır.

Bu addım ABŞ Prezidenti Donald Trampın İrana zərbələri bərpa etmək qərarından sonra neft qiymətlərində baş vermiş kəskin artımdan Rusiyanın faydalanmasının qarşısını ala bilər. Təklif olunan digər tədbirlərin taleyi isə hələlik qeyri-müəyyəndir.

Rusiya balıqlarıyla bağlı məhdudiyyətlərə toxunan Kallas zarafatla deyib:
“Mən bu vəzifəyə gələnədək balığın bu qədər böyük geosiyasi əhəmiyyət daşıdığını bilmirdim”.
O qeyd edib ki, adətən, bütün sanksiya paketlərində bəzi təkliflər sonda siyahıdan çıxarılır.

Rusiyalı hərbçilərin Aİ-yə girişinin qadağan edilməsi təklifinə isə Kallas belə münasibət bildirib:
“Bu istiqamətdə iş davam etdiriləcək. Çünki həmin şəxslər bizim öz təhlükəsizliyimiz üçün təhdid yaradır və biz onları Avropaya buraxmamalıyıq”.

Mətbuat konfransından sonra açıqlama verən yüksək vəzifəli Aİ rəsmisi deyib ki, 2022-ci ildən etibarən Rusiya ordusunda xidmət etmiş döyüşçülərin Aİ-yə girişinin qadağan olunması prinsipi üzrə razılıq əldə edilib. Amma bu qadağanın hansı mexanizmlə həyata keçiriləcəyi hələ müzakirə olunur.

Müzakirələr iyulun 14-də Aİ ölkələrinin səfirləri səviyyəsində davam etdiriləcək. Məqsəd 21-ci sanksiyalar paketi üzrə konsensus əldə etmək və bundan sonra paketi nazirlərin səsverməsinə çıxarmaqdır.

“21-ci paket üzrə razılaşmanın hələ ki əldə olunmamasına təəssüflənirəm. Amma onu da deməliyəm ki, razılaşmaya kifayət qədər yaxınıq” – Kallas belə deyib.

“Politfm”