İşçi emalatxanada noutbuklar üçün litium batareyaları yığır, Nantun şəhəri, Tszyansu əyaləti, Çin (“Costfoto”/”NurPhoto”/”Reuters”)
İstehsal və texnologiya kimi strateji əhəmiyyətli sahələrdə Çindən asılılığa son qoymaq üçün Avropa və ABŞ növbəti 25 il ərzində əlavə 23,6 trilyon dollar investisiya yatırmalı olacaq.
Bu barədə “EY-Parthenon” konsaltinq şirkətinin iqtisadi təhlilində bildirilir.
Şirkətin hesablamalarına görə, hazırda Çindən asılı olan infrastrukturun, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin, proqram təminatının, istehsal güclərinin və təchizat zəncirlərinin alternativlərini yaratmaq 2050-ci ilədək ABŞ-yə 13,7 trilyon dollara, Avrozonaya 9,1 trilyon dollara, Böyük Britaniyaya isə 800 milyard dollara başa gələcək (“Financel Times”).
Qeyd olunur ki, ABŞ hökuməti və Amerika şirkətləri Çindən iqtisadi asılılığı azaltmaq üçün hər il bu sahəyə təxminən 550 milyard dollar əlavə investisiya qoymalıdırlar. Bu, ABŞ-nin iri texnologiya şirkətlərinin 2025-ci ildə məlumat mərkəzlərinə xərclədiyi məbləğə – təxminən 600 milyard dollara yaxın bir göstəricidir.
Avropa İttifaqı üçün tələb olunan illik xərclərsə birliyin illik büdcəsinin, demək olar, iki mislinə bərabər olacaq.
İnkişaf etmiş iqtisadiyyatların Çin resursları və materiallarına alternativlər yaratmaq üçün tələb olunan nəhəng investisiyalar onun dominantlığını azaltmaq cəhdlərinin nə qədər mürəkkəb olduğunu göstərir.
“Vergi ödəyiciləri və istehlakçılar üçün həddindən artıq xərc yaratmadan təchizat zəncirlərinin lokallaşdırılması yaxın illərdə həm biznes, həm də hökumətlər üçün ən çətin vəzifələrdən biri olacaq” – əvvəllər Britaniya hökumətində müşavir olmuş, hazırda “EY-Parthenon”-da çalışan Mats Persson belə deyir.
Onun sözlərinə görə, ilkin mərhələdə illik xərclər daha aşağı olacaq, lakin proses genişləndikcə tədricən artacaq.
Avropa və ABŞ iqtisadiyyatlarının Çinin təzyiqi qarşısında həssaslığı ötən il daha aydın şəkildə üzə çıxdı. Onda Pekin ABŞ Prezidenti Donald Trampın Çin idxalına 145 faizlik tariflər tətbiq etmək təhdidinə cavab olaraq kritik əhəmiyyətli nadir torpaq elementlərinin ixracına nəzarəti sərtləşdirmiş və “atəşkəs” razılaşması əldə olunanadək hər iki iqtisadiyyatda avtomobil sənayesinin istehsal xətləri, demək olar ki, dayanma həddinə çatmışdı.
Bu hadisə ABŞ və Avropanın Çinlə bağlı riskləri azaltmaq səylərinə əlavə təkan verdi. Həmin tədbirlər sırasına Aİ-nin nadir torpaq elementlərinin strateji ehtiyatlarını yaratmaq planı da daxildir.
Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, 2035-ci ilədək Çin daha təmiz enerji mənbələrinə keçid üçün zəruri olan emal edilmiş litium və kobaltın 60 faizindən çoxunu, həmçinin akkumulyator istehsalında istifadə olunan qrafitin və nadir torpaq elementlərinin təxminən 80 faizini təmin edəcək.
“Natixis” investisiya bankının Asiya-Sakit okean regionu üzrə baş iqtisadçısı Alisiya Qarsiya-Errero bildirir ki, hətta genişmiqyaslı investisiyalar həyata keçirilsə belə, Pekinin bir sıra kritik sənaye materialları üzərində dominant mövqeyi səbəbindən Qərb qısa müddətdə Çinlə iqtisadi əlaqələrini tam şəkildə kəsə bilməz.
“Problem təkcə bunun nə qədər baha başa gələcəyində deyil. Çin nadir torpaq elementlərinin emalından tutmuş, aktiv əczaçılıq inqrediyentlərinə qədər müxtəlif sahələrdəki təchizatda aparıcı rola malikdir. Bu baxımdan əsas problemlərdən biri Pekinin prosesə müdaxilə edərək ayrılmanın qarşısını almaq imkanlarıdır” deyə, o əlavə edir.
“EY-Parthenon”-un təhlilinə görə, Çin istehsalı olan malların zavod qiyməti Qərbdəki analoqların qiymətiylə müqayisədə 20–100 faiz üstünlüyə malikdir. Buna görə də Çin istehsalından asılılığın azaldılması qiymətlərin və inflyasiyanın yüksəlməsinə səbəb ola bilər.
Hesabatda Avropa Mərkəzi Bankının təhlilinə istinadən bildirilir ki, Avropanın Çindən asılılığının azaldılması kritik sektorlarda qiymətləri 1–2,5 faiz artıra, eyni zamanda Avropa Mərkəzi Bankı və İngiltərə Bankının inflyasiyanı 2 faizlik hədəf səviyyəsində saxlamaq imkanlarını davamlı şəkildə çətinləşdirə bilər.
Hesabatda həmçinin vurğulanır ki, Çindən asılılığı əhəmiyyətli dərəcədə azaltmaq istəyən Qərb iqtisadiyyatları zavodlara və fiziki infrastruktura investisiya qoymaqla kifayətlənməməli, işçi qüvvəsinin hazırlanmasına və istehsal proseslərinin avtomatlaşdırılmasına böyük həcmdə sərmayə yatırmalıdırlar.
Perssonun fikrincə, Çinlə iqtisadi əlaqələrin tam kəsilməsindən daha çox, “qismən ayrılma” ssenarisi real görünür. Şirkətlər öz maliyyə resurslarını seçici şəkildə yönəltməli və Çinin nəzarətində olan potensial təchizat məhdudluğuna qarşı dayanıqlılığı artırmalıdırlar.
“Politfm”



