Foto: “Reuters”
Qlobal neft daşımalarının əsas arteriyası hesab olunan Hörmüz boğazı növbəti dəfə ABŞ və İran arasında hərbi və diplomatik qarşıdurmanın mərkəzinə çevrilib. Tərəflərin qarşılıqlı və ağır hava zərbələri regionda vəziyyəti kritik həddə çatdırıb.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar günü yaydığı bəyanatda ABŞ-nin Fras körfəzindəki hərbi obyektlərini hədəf aldığını və Hörmüz boğazını bağladığını elan edib. Rəsmi Tehran bu addımı təsdiqlənməmiş marşrutla hərəkət edən bir gəmiyə xəbərdarlıq atəşi açandan sonra atdığını bildirib və xəbərdarlıq edib ki, hər hansı qisas cəhdinə “sərt cavab” veriləcək.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə boğazın bütün gəmilər üçün açıq olduğunu bəyan edib və Tehrana qarşı kəskin ittihamlar irəli sürüb. Vaşinqton İranı bölgədəki daha bir mülki gəmiyə hücum etməkdə təqsirləndirir.
ABŞ Prezidenti Donald Tramp NBC-nin “Meet the Press” verilişinə verdiyi müsahibədə boğazın kommersiya daşımaları üçün açıq olduğunu təsdiqləyib. “Kpler” gəmi izləmə sisteminin məlumatlarına görəsə, bazar günü boğazdan cəmi altı gəmi keçib.
ABŞ və İran arasında hərbi əməliyyatların yenidən başlaması bu gün neftin 3 faizdən çox bahalaşmasına səbəb olub. Bu, noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində Tramp üçün siyasi baxımdan həssas məsələdir.
Sülh danışıqları iflasa uğrayır?
Yenidən alovlanan hərbi əməliyyatlar ötən ay uzunmüddətli diplomatik səylər nəticəsində əldə olunmuş müvəqqəti ABŞ-İran razılaşmasının gələcəyini ciddi sual altında qoyub. 60 günlük gərgin danışıqlardan sonra əldə edilən və boğazın yenidən açılmasını, eləcə də müharibənin dayandırılmasını nəzərdə tutan saziş son zərbələrdən sonra iflasın astanasındadır.
Tramp “Reuters” agentliyinə verdiyi eksklüziv telefon müsahibəsində “Biz onları darmadağın edirik” deyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə bildirib ki, İranla ABŞ arasında müvəqqəti razılaşma böhran mərhələsinə daxil olub. O qeyd edib ki, Omanda keçirilən son danışıqlar yalnız və yalnız Hörmüz boğazının idarə olunmasına həsr edilib.
Bəqainin sözlərinə görə, İran Hörmüz boğazına nəzarət üzrə birgə mexanizmin yaradılması üçün Omanla razılığa gəlməyə çalışır, amma ABŞ-nin Omana təzyiqi bu səylərə mane olur.
O həmçinin bildirib ki, ABŞ öz öhdəliklərini yerinə yetirməyənədək Tehran Vaşinqtonla müvəqqəti razılaşmanın şərtlərinə əməl etməyəcək.
Ötən həftə Tramp demişdi ki, atəşkəs artıq pozulub və İran danışıqları davam etdirmək istəyir.
İran rəsmiləri bu iddianı təkzib ediblər, qeyd ediblər ki, onlar Qətərdən olan vasitəçisini Tehranda qəbul etməyə razılaşıblar. Bu barədə dövlət televiziyası İran Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
“Politfm”



