Foto: Ukrayna prezidentinin Ofisi
Çin Rusiyaya Ukraynanın zərbələrinə cavab olaraq nüvə silahından istifadə etməməsi barədə xəbərdarlıq edib.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı “WhatsApp” platformasında keçirdiyi onlayn brifinqdə deyib.
“Yəqin ki, Rusiya mediasında belə fikirlər səsləndiyini eşitmisiniz: “Bəs Ukraynanın zərbələrinə nüvə silahıyla cavab versək, necə olar?” Məncə, ilk dəfədir ki, Çin buna açıq şəkildə, ultimativ formada cavab verib, bildirib ki, nüvə silahından istifadə barədə heç düşünmək belə olmaz” deyə, Zelenski əlavə edib.
Ukrayna prezidenti qeyd edib ki, Pekinin bu mövqeyi barədə ona NATO-nun Ankara sammitində iştirak edən bir neçə Avropa lideri məlumat verib. Zelenskinin sözlərinə görə, həmin sammitdə ” Ukraynadakı müharibənin dayandırılmasında Çinin rolu” mövzusu da müzakirə olunub.
UNIAN-ın müxbirinin verdiyi məlumata görə, Zelenski həmçinin bunları deyib:
“Biz ABŞ Prezidenti Donald Trampla Çini, onun bu müharibədəki rolunu, iştirakını və ya potensial iştirakını, eləcə də imkanlarını müzakirə etdik”.
“The Hill” nəşri yazıb ki, Rusiya ordusunun Ukraynadakı müharibədə uğur qazana bilməməsi fonunda Rusiya Prezidenti Vladimir Putin yenidən nüvə silahından istifadə məsələsini gündəmə gətirib. Məqalədə qeyd olunur ki, vaxtilə Ukraynanın etdiyi kimi, Avropa da Rusiyanın nüvə şantajına boyun əyməməlidir.
May ayında Rusiya Belarusda nüvə qüvvələrinin iştirakıyla hərbi təlimlər keçirsə də, Putin birbaşa Kiyevin ünvanına nüvə təhdidləri səsləndirməyib. Komanda üzvlərinin təkidlərinə baxmayaraq Putin bildirib ki, Ukraynanın zərbələri Rusiyaya nüvə silahıyla cavab verməyi vacib edəcək qədər ciddi zərər vurmayıb.
Sankt-Peterburqdan seçilmiş deputat Viktor Perov keçən ay parlamentdəki həmkarlarını Ukraynaya nüvə zərbəsi endirilməsi xahişiylə Putinə müraciət etməyə çağırıb.
“Prezidentimiz xüsusi hərbi əməliyyata başlamağa məcbur oldu, amma təəssüf ki, hər şey planlaşdırıldığı kimi getmədi. Buna görə hesab edirəm ki, siz deputatlar prezidentə nüvə silahından istifadəyə başlamaq xahişiylə müraciət etməlisiniz… Bu, Ukrayna rəhbərliyini sülh sazişi imzalamağa məcbur edəcək” – Perov belə deyib.
Daha əvvəl Rusiya prezidentinin köməkçisi Dmitri Peskov “Rusiya dövlətinin mövcudluğuna təhlükə yaranacağı təqdirdə” nüvə silahından istifadə ehtimalından danışmışdı.
“Politfm”



