Foto: TASS



“Forbes” nəşrinin siyahısında 20 milyard dollarlıq sərvətiylə Rusiyanın ən zəngin şəxsləri arasında səkkizinci olan milyarder Andrey Melniçenko ölkəsiylə Qərb arasındakı qarşıdurmanın daimi olmayacağını düşünür.

O, “The Economist” jurnalı üçün yazdığı geniş köşə yazısında Rusiyanın gələcəyinə dair beş mümkün ssenarini analiz edib: dövlətin süqutu, ölkənin mühasirəyə alınmış qalaya çevrilməsi, Qərb sisteminin periferiyasına qayıdış, Çindən asılılıq və suveren Rusiyanın yaradılması.

Ən təhlükəli ssenarilər: parçalanma və “mühasirəyə alınmış qala”

Melniçenko hesab edir ki, Rusiya üçün ən böyük təhlükə daxili münaqişə və ölkənin parçalanmasıdır. Onun qənaətinə görə, belə vəziyyətdə ölkə resurslar, nüfuz və bu nüvə dövlətinin ərazilərinə nəzarət uğrunda müxtəlif qüvvələrin amansız mübarizə meydanına çevrilə bilər. Biznesmen bu barədə xəbərdarlıq edərək yazır:
“Parçalanmış Rusiya siyasi çıxışlarda cəlbedici bir obraz ola bilər, amma risklərin idarə edilməsi baxımından bu, daha az cəlbedicidir”.

Digər qorxulu ssenari isə Rusiyanın “mühasirəyə alınmış dövlətə” – Şimali Koreya modelində qapalı və hərbiləşdirilmiş bir ölkəyə çevrilməsidir. Melniçenko qeyd edir ki, bu model reallaşacağı təqdirdə ölkəni total təcrid, repressiyalar, məhdud inkişaf imkanları və daimi səfərbərlik gözləyir:
“Əbədi qala təfəkküründə işilib qalan Rusiya xarici qarşıdurmanı daxili siyasətin daimi alətinə çevirəcək”.

O, Ukraynadakı müharibənin digər ölkələrə də yayılma ehtimalının artdığını vurğulayır, münaqişənin daha da gərginləşməsi və nüvə silahından istifadə riskləri barədə xəbərdarlıq edir.

İnteqrasiya ssenariləri: Qərbin periferiyası və ya Çinin vassalı

Melniçenko Rusiyanın yenidən Qərb dünyasına qayıtmasını da bir ehtimal kimi nəzərdən keçirir. Bu ssenari reallaşarsa, ölkə yenidən xarici təcriddən çıxaraq Qərbin iqtisadi sisteminə inteqrasiya edəcək, amma orda yalnız periferiya (kənar) statusu ilə kifayətlənməli olacaq. Nəticədə Rusiya xarici güc mərkəzlərinin təsiri altına düşə bilər. Bu isə cəmiyyətdə müstəqilliyin itirilməsi hissini formalaşdırar və gələcəkdə yeni bir revanşizm dalğasına zəmin hazırlayar.

Dördüncü ssenari isə Rusiyanın tamamilə Çinin təsir dairəsinə keçməsidir. Bu modeldə Moskva sadəcə təbii resursların tədarükçüsü, Çin mallarının satış bazarı və Çinlə Qərb arasında strateji bir bufer zonası rolunu oynayacaq. Amma Melniçenko hesab edir ki, bu model nə Rusiyanın, nə də Çinin maraqlarına cavab verir. Çünki Rusiya öz müstəqilliyini itirəcək, Pekinsə asılı tərəfdaşın daxili problemləri və rusiyalıların artan narazılığı səbəbindən əlavə iqtisadi və siyasi problemlərlə üzləşəcək.

Sahibkarın fikrincə, Rusiyanın Qərbin periferiyasına çevrilməsiylə Çindən asılı vəziyyətə düşməsi arasında mahiyyət etibarilə çox az fərq var: hər iki halda aqressiv millətçiliyi alovlandıra biləcək asılılıq hissi yaranar.

Alternativsiz yol: “suveren Rusiya” və davamlı sülh

Melniçenkonun qeyd etdiyi sonuncu ssenari suveren Rusiyanın yaradılmasıdır. Bu ssenari prezident Vladimir Putinin ölkənin müstəqil inkişafı və xarici təsirlərdən imtina zərurəti barədə arqumentləriylə səsləşir, amma iş adamı bu variantda proqnozlaşdırıla bilmənin vacibliyini ön plana çıxarır:
“Bu Rusiya Qərb və ya Çin üçün rahat ölkə olmamalıdır. O, Qərb üçün çətin tərəfdaş ola bilər, amma ‘qara dəlik’ olmayacaq. Peyk-dövlətdən fərqli olaraq Çinə daha az güzəştə gedən ölkə ola bilər, amma bu variant böyük və qeyri-sabit vassaldan daha təhlükəsizdir”.

Sahibkar vurğulayır ki, SSRİ-nin dağılmasından sonra ölkənin yenidən qurulmasına kömək edən Rusiya biznesi, elmi və mədəniyyətinin bir çox nümayəndələri özlərini qlobal birliyin ayrılmaz hissəsi hesab edirdilər. Lakin tətbiq edilən sanksiyalar Rusiyanı xarici əlaqələrdən olan asılılığını yenidən nəzərdən keçirməyə məcbur etdi.

Melniçenkonun fikrincə, bu məhdudiyyətlər yerli istehsalın, eləcə də texnoloji və iqtisadi suverenliyin gücləndirilməsi üçün bir stimul rolunu oynayıb.
O inanır ki, Rusiyanın öz suverenliyindən necə istifadə edəcəyinə yalnız ölkənin daxilində qərar verilə bilər. Bu prosesə kənardan nəzarət etmək cəhdləri uğursuzluğa məhkumdur və əks-effekt verir, çünki onlar suverenliyi sarsıdır — onsuz isə regionda davamlı sülh qeyri-mümkündür.

Milyarder öz analitik yazısını bu qəti sözlərlə yekunlaşdırır:
“Biz bunu Rusiyaya rəğbət bəslədiyimiz üçün yox, başqa alternativinin olmadığını anladığımız üçün qəbul etməliyik”.

 

“Politfm”