Qrafik: DSK
Azərbaycan iqtisadiyyatı 2026-cı ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% artıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Bildirilir ki, hesabat dövründə neft-qaz sektoru 0,7% kiçilib, qeyri-neft-qaz sektoru isə 1,5% artıb. Beləliklə, qeyri-neft sektorunda artım tempi ilk beş ayda qeydə alınan 0,4%-dən 1,5%-ə yüksələrək iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olub.
Yanvar-iyun aylarında ölkədə 65 milyard 207,0 milyon manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bunun 19 milyard 610,5 milyon manatı neft-qaz sektorunun, 45 milyard 596,5 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşüb.
Bununla yanaşı, 2026-cı ilin yanvar-iyun aylarında ölkədə 33 milyard 71 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib ki, bu da illik müqayisədə 0,1% artım deməkdir.
Qeyri-neft-qaz sənayesində istehsal 4,1%, kənd təsərrüfatında 2,2%, nəqliyyat və anbar təsərrüfatı xidmətlərində 8,0%, informasiya və rabitə xidmətlərində 7,5%, pərakəndə ticarət dövriyyəsində isə 3,7% artım qeydə alınıb. Hesabat dövründə əsas kapitala 9 milyard 295,2 milyon manat investisiya yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% çoxdur. Qeyri-neft-qaz sektoruna yatırılan investisiyalar isə 6 milyard 131,6 milyon manat təşkil edib və illik müqayisədə 5,5% artıb.
Proqnozlarda hansı dəyişikliklər olub?
Azərbaycanın İqtisadiyyat Nazirliyinin 2025-ci ildə növbəti illər üçün verdiyi proqnoza görə, 2026-cı ildə Azərbaycanda iqtisadi artım 3.2% proqnozlaşdırılıb. Məlumata görə, 2027-2028-ci illərdə ölkədə iqtisadi artım 3.6%, 2029-cu ildə isə 4.1% müəyyən edilirdi (“Banker.az”).
May ayında Mərkəzi Bank bu il və növbəti il üçün Azərbaycanda ÜDM artımını fevraldakı proqnozlarla müqayisədə endirib – 2026-cı il üçün 2,9 %-dən 1,1 %-ə, 2027-ci il üçünsə 4,7 %-dən 3,2 %-ə. AMB-nin sədri Taleh Kazımov qeyd edib ki, iqtisadi artıma daxili tələbin və qeyri-neft sektorundakı aktivliyin dəstək verəcəyi gözlənilir.
Dünya Bankı 2026-cı ildə Azərbaycanda ÜDM-in 2 %, 2027-ci ildə isə 1,8 % artacağını gözləyir. Qurumun proqnozlarına görə, 2026 və 2027-ci illərdə Cənubi Qafqaz dövlətlərinin ÜDM-nin ümumi artımı hər il 3,4 %-ə çatacaq. Hesabatda vurğulanır ki, Azərbaycanda fiskal siyasətin sərtləşdirilməsi nəticəsində investisiya xərclərinin normallaşması, eləcə də neft hasilatı həcmlərinin əhəmiyyətli dərəcədə azalması 2025-ci ildə iqtisadi artım tempinin 1,4 %-ə enməsinə səbəb olub, bu isə 2024-cü ilin göstəricisindən təxminən üç dəfə azdır.
İqtisadçı-ekspert Elman Sadıqov iqtisadi artım tempinin inkişaf etməkdə olan ölkələr üçün yetərsiz olduğunu bildirib. Onun sözlərinə görə, “inkişaf etmiş iqtisadiyyatlar üçün böyümə hədəfi 2% ətrafında olur, inkişaf etməkdə olan iqtisadiyyatlar üçün isə minimum 5% hədəfində”, bu səbəbdən “ölkəmiz üçün 3% ətrafında böyümə hədəfinin müəyyən edilməsi yanlışdır” (“Banker.az”).
Ekspert həmçinin bildirib ki, 2024-cü ilin ortalarından etibarən Azərbaycan iqtisadiyyatında daralma tendensiyası müşahidə olunur. O qeyd edib ki, “iqtisadiyyat ya spiralvari genişlənər, ya daralar” və qarşıdakı dövrlərdə iqtisadiyyata həm daxili, həm də xarici faktorların əlavə təzyiq formalaşdırması ehtimalı yüksəkdir.
Asiya İnkişaf Bankı (ADB) ADB bu il Azərbaycanda iqtisadi artımın 2%, 2027-ci ildə isə 1,8% təşkil edəcəyini proqnozlaşdırıb. Qurum aprel ayında da bu rəqəmləri açıqlamışdı.
“Politfm”



