Foto: AP
İsrail Vaşinqtona İranın ABŞ Prezidenti Donald Trampa qarşı yeni sui-qəsd planı hazırladığına dair kəşfiyyat məlumatları təqdim edib.
Bu barədə CNN iki məlumatlı mənbəyə istinadən xəbər verir.
Mənbələrdən birinin sözlərinə görə, Təl-Əviv məlumatı ABŞ-yə bu həftə ötürüb. Digər mənbənin sözlərinə görə, son həftələrdə ABŞ kəşfiyyatı Trampa qarşı mümkün sui-qəsd planları barədə davamlı məlumatlar alıb. Amma İsrailin təqdim etdiyi məlumat yenidir və konkret bir planla bağlı xəbərdarlıq xarakteri daşıyır.
Bildirilir ki, iddia olunan planın təfərrüatları məlum deyil. Hələ ki ABŞ tərəfi İsrailin təqdim etdiyi kəşfiyyat məlumatları müstəqil şəkildə araşdırmayıb.
Daha əvvəl ABŞ-nin zərbəsi nəticəsində həlak olduğu bildirilən ayətullah Əli Xameneinin dəfn mərasiminə toplaşan iranlılar Trampdan qisas almaq və onu öldürmək tələbli şüarlar səsləndirmişdilər.
Tramp özü çərşənbə günü demişdi ki, İran “Amerika liderini – məni aradan götürmək istəyir” və onun adı “hədəflər siyahısındadır”.
İsrailin Amerika prezidentinə qarşı sui-qəsd planı barədə məlumatları ABŞ-yə ötürdüyünü bundan əvvəl “The Wall Street Journal” nəşri də yazmışdı.
“Politfm”



