Ukraynanın Baxmut şəhəri yaxınlığında quraşdırılmış “Starlink” peyk internet sistemi, 8 mart 2023 (foto: “Reuters”)
Rusiya 2023-cü ildə “Starlink” peyklərinə qarşı mübarizə və hərbi əməkdaşlıq məsələlərini gizli şəkildə Çinlə müzakirə edib.
“Radio Svoboda” bu barədə “The Insider”, “Der Spiegel” və “Le Monde” nəşrlərinin birgə araşdırmasına istinadən məlumat yayıb.
Araşdırmada 2023-cü ilin payızında Quançjouda keçirilmiş üçüncü Çin-Rusiya Hərbi-Texniki Əməkdaşlıq Forumunun materiallarına, həmçinin həmin ilin iyununda Moskvada aparılan danışıqların yekununda imzalanmış ikitərəfli işçi protokoluna istinad edilir.
Sənədlərə əsasən, Rusiya və Çin kosmik silahlar, peyklərin məhv edilməsi, hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri, hərbi texnika, aviasiya və qoşunların təminatı sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Sənədlərdə “Starlink” sisteminə qarşı mübarizəni mülki istifadəçilərin terminallarından kiberhücumlarla və peykləri ucuz Çin istehsalı olan tutucu vasitələrlə məhv etməklə həyata keçirmək təklif olunur. Bundan başqa, Çin bu məsələdə “marağı” olan digər ölkələrin də qoşula biləcəyi “texniki alyans” yaradılmasının tərəfdarı olub.
“The Insider” qeyd edir ki, Moskvada imzalanmış protokol Rusiya və Çinin ABŞ-yə məxsus hipersəs raketlərini, ballistik raketləri və manevr edən döyüş blokları zərərsizləşdirmək üçün nəzərdə tutulan aşağı hündürlüklü hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sisteminin hazırlanmasına başlamaq barədə razılığa gəldiyini göstərir. Tərəflər həmçinin perspektivli HHM və RƏM sistemlərinin layihələndirilməsinə başlamağı da razılaşdırıblar.
Bundan əlavə, 2023-cü ildə onlar Rusiyanın döyüş təcrübəsinin Çinin süni intellekt texnologiyaları və kütləvi istehsal imkanlarıyla birləşdirilərək yeni nəsil avtonom “sürü” tipli döyüş sursatlarının hazırlanmasını da müzakirə ediblər.
Bu razılaşmaların nəticələrindən biri kimi Rusiya hərbçilərinin Ukraynadakı müharibədə istifadə etdiyi “V2U” dronu göstərilir. Onun bir çox komponenti, o cümlədən süni intellekt modulu Çində istehsal olunub.
“Politfm”



