Foto: “Business Media”
Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti bu ölkəni Azərbaycan və Ermənistanla birləşdirən avtomagistralların yeni dördzolaqlı yollarla əvəzlənməsi üzrə beynəlxalq tender elan edib.
Ümumi dəyəri 250 milyon avro təşkil edən layihə Avropa İnvestisiya Bankının krediti hesabına maliyyələşdiriləcək (“Business Media”).
Layihəylə bağlı tender ilk dəfə 2024-cü ilin avqustunda elan olunub. Tenderin qalibi müəyyən edilsə də, tikinti işlərinə 2025-ci ildə başlanması planlaşdırılıb. Amma tender iştirakçılar arasında rəqabətin zəif olması əsas gətirilərək 2025-ci ilin mart ayında rəsmi şəkildə ləğv edilib. Bu ilin martında isə yolun tikintisinə texniki nəzarət xidmətlərinin satın alınması üçün dəyəri 19 milyon avro olan yeni tender elan edilib.
Bununla paralel olaraq Gürcüstan hökuməti yolun tikintisi üçün tələb olunan torpaq sahələrinin alınması prosesini davam etdirib.
Yeni avtomagistrallar Rustavi şəhərində başlayacaq, Qırmızı körpü və Sadaxlı istiqamətlərində inşa olunacaq. Layihə üzrə elan edilmiş tenderlə ümumi uzunluğu 61,3 kilometr olan dördzolaqlı yolların tikintisi nəzərdə tutulur.
Hazırda Gürcüstanı Azərbaycan və Ermənistanla birləşdirən avtomagistrallar ikizolaqlıdır və əsasən sıx məskunlaşmanın olduğu ərazilərdən keçir. Yeni yolların ötürücülük qabiliyyəti yüksək olacaq və sıx məskunlaşmış ərazilərdən yan ötəcək.
Şirkətlərin lotlar üzrə tender təklifləri bu ilin avqustun 14-dək qəbul ediləcək.
“Politfm”



