İki gün davam edən intensiv yağışlar Zaqatalada selə səbəb olub. Talaçay və Muxaxçay çaylarının daşması nəticəsində rayonun bir sıra kəndləri və şəhərin bəzi əraziləri su altında qalıb.

Sel Yuxarı Tala, Aşağı Tala, Vöhtala, Meşleş, Bəhmədli, Lahıc və Aşağı Çardaxlar kəndlərində evlərə, həyətyanı sahələrə, əkin və bağ təsərrüfatlarına ziyan vurub. Hadisə nəticəsində yollar, körpülər, su və elektrik xətləri zədələnib, bəzi yaşayış məntəqələriylə əlaqə çətinləşib.

Zaqatala rayonu üzrə insan tələfatı qeydə alınmayıb.
Ən çox zərər çəkən ərazilərdən biri Vöhtala kəndi olub. Sel kəndə gedən avtomobil yollarının və körpülərin bir hissəsini dağıdıb. Meşleş kəndində də vəziyyətin ağır olduğu, yol və əlaqə problemləri səbəbindən bəzi sakinlərin təhlükəsiz ərazilərə təxliyə edildiyi bildirilir.

Yuxarı Tala kəndinin Qırğıllı ərazisində sel sahilbərkitmə qurğularına ziyan vurub. İlkin məlumatlara görə, burada təxminən 50 metr uzunluğunda mühafizə bəndi dağılıb.
Sel Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli suyla təmin edən magistral xətləri də zədələyib, Zaqatala şəhərində və İkinci Tala kəndində minlərlə sakinin su təminatında problem yaranıb. Əhaliyə su maşınları vasitəsilə içməli su çatdırıldığı bildirilir.

Bəhmədli, Lahıc, Aşağı Çardaxlar və Yolayrıc kəndlərində də sel sularının fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, taxıl, qarğıdalı sahələrinə və fındıq bağlarına ziyan vurduğu deyilir.
Sel Zaqatala şəhərinin bəzi ərazilərinə də zərər vurub. Sakinlərin məlumatına görə, şəhərin “Qaqarin” adlanan hissəsində, Anar Həmidov, Nəriman Nərimanov və Zeynalabdin Tağıyev küçələri ətrafında elektrik dirəkləri aşıb, kommunikasiya xətləri zədələnib.

Həmin ərazidə yerləşən 1 saylı poçt binasının dağıldığı bildirilir. Kommunikasiya xətlərinin zədələnməsi səbəbindən şəhərin bəzi hissələrində su təminatında problemlər yaranıb.
Zaqatala rayonu üzrə insan ölümü barədə rəsmi məlumat yoxdur. Sakinlərin vaxtında təhlükəsiz ərazilərə köçürülməsi daha ağır nəticələrin qarşısını alıb.

Balakən rayonunun Katex kəndində isə 1983-cü il təvəllüdlü Aslan Rzayev sel sularının gətirdiyi odun parçalarını toplamaq istəyərkən suya düşərək boğulub.

Fövqaladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin əməkdaşları Zaqatalayla yanaşı, Balakən və Ağstafa rayonlarında da seldən zərər çəkmiş ərazilərdə iş aparırlar. Fərdi evlərin həyətlərindən suyun çəkilməsi, təhlükəli ərazilərdə sakinlərin təhlükəsizliyinin təmin olunması və fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Zaqatala Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda ən ciddi problemlərdən biri şəhərin içməli su çatışmazlığıdır.
“Sel nəticəsində yaranan fəsadlar səbəbindən Zaqatala şəhərinin bəzi ərazilərinə suyun verilməsi təxminən 10 gün müddətində mümkün olmaya bilər. Eyni zamanda, İkinci Tala kəndində də içməli su təchizatının bərpasının 10-15 gün çəkəcəyi ehtimal edilir” – qurumun açıqlamasında belə deyilir.
Milli Hidrometeorologiya Xidməti isə bölgədə qeyri-sabit hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıq edib.

 

“Politfm”