Foto: “Getty İmages”
7-8 iyul tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən NATO sammitindən sonra Avropanın müttəfiq ölkələri ABŞ Prezidenti Donald Trampın Ukraynaya münasibətində mümkün dəyişikliklə bağlı ehtiyatlı nikbinlik nümayiş etdirirlər.
Bu barədə “Financial Times” qəzeti yazıb.
Nəşrin məlumatına görə, ən böyük təəccübə Trampın Ukrayna Prezidenti Volodimir Zelenski haqqında söylədiyi müsbət fikirlər səbəb olub. İndiki vəziyyət 2025-ci ilin fevralında Ağ Evdə onlar arasında baş vermiş gərgin qarşıdurmadan kəskin fərqlənir.
“Buna inanmaq çətindir, elə deyilmi? Oval kabinetdəki görüşdən bu günə qədər… Düşünürəm ki, aramızda çox yaxşı münasibətlər formalaşıb” – Tramp Zelenskiyə belə deyib.
O həmçinin qeyd edib ki, Ukraynanın “böyük gələcəyi var” və hazırkı görüş “yalnız başlanğıcdır”.
NATO-dakı diplomatlardan birinin sözlərinə görə, “Tramp qalibləri sevir. Ukrayna isə son vaxtlar qalib gəlməyə başlayıb”.
“Financial Times” yazır ki, sammitdən sonra Vaşinqtonun Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket-tutucuların istehsalına lisenziya verməsi də gündəmdədir. Bu raketlər Ukrayna HH sisteminin əsas elementlərindən biri hesab olunur.
Amma ekspertlər xəbərdarlıq edirlər ki, bu qərar qəbul olunsa belə, Ukraynada həmin raketlərin istehsalına başlamaq üçün bir neçə il lazım gələ bilər. “Bloomberg” yazır ki, “Patriot” raketlərinin istehsalı mürəkkəb və uzunmüddətli prosesdir. Buna görə də Ukraynanın istehsal gücü yaxın perspektivdə cəbhənin ehtiyaclarını operativ şəkildə ödəyə bilməyəcək.
“Politfm”



