Hörmüz boğazındakı Bəndər-Abbas limanı, 8 iyul 2026 (foto: “eororadio.fm”)

 


ABŞ qüvvələri İran ərazisinə yeni hava zərbələri endirib. Prezident Donald Tramp bunu bir gün əvvəl – çərşənbə axşamı tərəflər arasında baş vermiş qarşılıqlı hücumlardan sonra anons etmişdi.


İranın dövlət KİV-ləri ölkənin cənubunda, o cümlədən Hörmüz boğazı sahilində yerləşən Bəndər-Abbas və Sirik liman şəhərlərində, həmçinin Konarak, Çabahar və Caskda partlayışların baş verdiyini bildirib. Məlumatlara görə, Bəndər-Abbasda səkkiz partlayış qeydə alınıb, Sirik və Caska iki raket düşüb. Əbu Musa adasına da iki mərminin düşdüyü bildirilir.

ABŞ-nin zərbələri nəticəsində dəymiş ziyanın miqyası hələlik dəqiqləşməyib (BBC). Bununla belə, İran KİV-ləri Çabaharda elektrik enerjisinin kəsildiyini, Buşehrdə isə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kazarmasında yanğın baş verdiyini xəbər verib. İran Tələbə Xəbər Agentliyinin məlumatına görə, Çabaharda sıradan çıxan üç elektrik ötürmə xəttindən ikisinin fəaliyyəti qısa müddətdə bərpa olunub, üçüncü xəttin də tezliklə yenidən istifadəyə veriləcəyi gözlənilir.

ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, son əməliyyatlar İranın Hörmüz boğazında kommersiya gəmiçiliyinə və mülki dənizçilərə hücum imkanlarını daha da zəiflətmək məqsədi daşıyıb. Komandanlığın açıqlamasına görə, İran sahilləri boyunca yerləşən hava hücumundan müdafiə sistemləri və hərbi logistika obyektləri də daxil olmaqla, ümumilikdə 90 hərbi hədəfə zərbə endirilib.

CENTCOM İranı “strateji əhəmiyyət daşıyan beynəlxalq su yolunda sərbəst hərəkət edən ticarət gəmilərinə və mülki ekipajlara qarşı son əsassız hücumlara” görə məsuliyyət daşımaqda ittiham edib.

İran isə cavab tədbirləri reallaşdırdığını açıqlayıb. SEPAH Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarına gecə saatlarında raket zərbələri endirdiyini təsdiqləyərək bunu “Amerika öhdəliklərini pozduğuna görə həyata keçirilən cəza tədbirlərinin ilk mərhələsi” adlandırıb.

ABŞ zərbələrindən sonra Fars körfəzi ölkələri də təhlükəsizlik tədbirlərini gücləndiriblər. Bəhreynin paytaxtı Manamada partlayışlar qeydə alınıb, Küveyt raket və dron hüzumlarını dəf etdiyini açıqlayıb, Qətər isə təhlükəsizlik təhdidiylə bağlı xəbərdarlıq edib.
Tramp “Air Force One” təyyarəsində jurnalistlərə bildirib ki, İran “bu yaxınlarda bizimlə əlaqə saxlayıb” və razılığa gəlmək istəyir:

“Sadəcə bilmirəm ki, onlar razılaşmaya layiqdirlərmi. Əmin deyiləm ki, razılaşmanın şərtlərinə əməl edəcəklər. Problem də bundadır”.

O əlavə edib ki, ötən ay İranla əldə olunmuş atəşkəs razılaşması artıq qüvvədə deyil:
“Biz ötən gecə onlara çox ağır zərbə endirdik və çox güman ki, bu axşam da yenidən güclü zərbə endirəcəyik”.
Son zərbələrdən sonra isə Tramp “Truth Social” platformasında belə yazıb:
“Bu, İranın gəmilərə dünənki hücumuna cavabdır. Təkrarlanarsa, nəticələri daha ağır olacaq!”
ABŞ prezidenti daha sonra İran rəhbərliyini sərt ifadələrlə tənqid edib:
“Artıq onlarla heç bir işim olmasını istəmirəm. Onlar cəmiyyətin tör-töküntüsüdür. Bilirsiniz, tör-töküntü kimlərdir? Elə onlardır. Onlar xəstə insanlardır”.

İran parlamentinin sədri, ABŞ ilə danışıqlarda ölkənin əsas nümayəndələrindən biri olan Məhəmməd Baqir Qalibaf isə “X” platformasında ona cavab verərək yazıb:
“ABŞ hələ də anlamayıb ki, hədə-qorxu və vədlərin pozulması artıq cavabsız qalmır”.
“Qoy bunu açıq deyim: siz zərbə endirsəniz, cavab zərbəsi alacaqsınız” deyə, o əlavə edib.

Qalibafın sözlərinə görə, Hörmüz boğazı yalnız İranla əldə olunacaq razılaşma əsasında açıq qala bilər, “ABŞ-nin təhdidləriylə yox”.
İranın xarici işlər naziri Abbas Əraqçi də “X” platformasında paylaşım edib:
“Biz kobudluğa kobudluqla deyil, qətiyyətli və cəsarətli addımlarla cavab veririk”.

ABŞ və İran arasında iyunun 17-də imzalanmış qarşılıqlı anlaşma memorandumu 14 bənddən ibarət idi. Sənəddə 60 günlük atəşkəs rejimi, bu müddətdə danışıqların davam etdirilməsi, Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsi və ABŞ-nin İrana qarşı sanksiyalarının ləğvi nəzərdə tutulurdu.

Danışıqlar üçün ayrılmış 60 günlük müddət hələ başa çatmasa da, Tram onların davam etdirilməsini “vaxt itkisi” adlandırıb.

Bu, memorandum imzalandıqdan sonra tərəflər arasında baş verən ilk silahlı qarşıdurma deyil. İyunun 26-da Hörmüz boğazında İran yük gəmisini vurandan sonra ABŞ İrana silsilə zərbələr endirmiş, iyunun 27-də tankerə hücumun ardınca yeni əməliyyatlar həyata keçirmişdi. Həmin ayın sonlarında isə tərəflər hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəlmişdilər.

 

“Politfm”