Foto: TASS
Rusiya Dövlət Duması əmək miqrantlarının və onların uşaqlarının ölkədə qalma qaydalarını sərtləşdirən qanunlar paketini qəbul edib.
Bu barədə “Radio Svoboda” məlumat yayıb.
Bildirilir ki, yeni qaydalara görə, patent əsasında işləyən əcnəbi vətəndaşların uşaqları 18 yaşına çatdıqdan sonra ya Rusiyanı tərk etməli, ya da 30 gün ərzində öz adlarına əmək patenti rəsmiləşdirməlidirlər.
Rusiyada işləmək və ölkədə qalmaq üçün müvafiq icazə sənədləri olan əmək miqrantlarının yetkinlik yaşına çatmayan uşaqların ölkədə qalmaq hüququ saxlanılacaq.
Bundan əlavə, əmək miqrantı həm özü, həm də onunla birlikdə yaşayan hər bir uşağı üçün fiziki şəxslərin gəlir vergisi üzrə müəyyən edilmiş sabit məbləği ödəməli olacaq.
Əgər əmək miqrantının gəliri özü və himayəsində olan ailə üzvlərinin hər biri üçün müəyyən edilmiş yaşayış minimumundan aşağı olarsa, onun əmək patenti ləğv ediləcək.
Vergi orqanları əcnəbi vətəndaşların gəlirləri barədə məlumatları təqvim ilinin 3, 6, 9 və 12 ayının yekunlarına əsasən avtomatik olaraq Rusiya Daxili İşlər Nazirliyinə təqdim edəcəklər. Əmək patenti uzadılmadığı halda isə miqrant 15 gün ərzində Rusiyanı tərk etməli olacaq.
Rusiyada son bir neçə ildə miqrasiya qanunvericiliyi əhəmiyyətli dərəcədə sərtləşdirilib. Miqrantların uşaqlarının rus dili imtahanından keçmədən məktəbə qəbul olunması qadağan edilib, onların valideynləri isə ölkədə qanuni əsaslarla qaldıqlarını təsdiq edən sənədləri təqdim etməyə məcbur ediliblər.
2026-cı ilin yanvarında Rusiyada Daxili İşlər Nazirliyi ilə təhsil sahəsini idarə edən qurumlar arasında miqrant uşaqlarla bağlı məlumat mübadiləsini nəzərdə tutan qanun qüvvəyə minib. Bu qanun da azyaşlı əcnəbi vətəndaşların ölkədə qalmasına nəzarətin gücləndirilməsinə yönəlib. Gələcəkdə həmin məlumatlar əcnəbilərin rəqəmsal profilinə daxil ediləcək.
Rusiya DİN-nin məlumatına görə, 2025-ci ilin əvvəlindən ölkədə yaşayan əcnəbi vətəndaşların sayı 6,3 milyondan 5,7 milyona düşüb, yəni 10 faiz azalıb. Bildirilir ki, bu, əcnəbilərin yetkinlik yaşına çatmayan uşaqlarının sayının təxminən 25 faiz azalmasıyla əlaqədardır.
“Politfm”



