Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan




Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib ki, TRIPP (“Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”) layihəsi Rusiyayla ikitərəfli gündəliyə daxil deyil.

O bu fikri parlamentdə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib (“Jam.news”).

Daha əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI telekanalına müsahibəsində deyib ki, Ermənistan və ABŞ-nin birgə həyata keçirdiyi layihə “Rusiyanın iştirakından yalnız fayda götürə bilər”. O, həmçinin vurğulayıb ki, Moskvanın mövqeyi nəzərə alınmalıdır.

Qaluzin TRIPP layihəsinin həyata keçirilməsi perspektivinə skeptik yanaşdığını bildirib. O, bunu Rusiyanın deyil, İran və Çinin maraqları ilə əsaslandırıb. Nazir müavini ekspert rəylərinə istinadən deyib ki, Çin Mərkəzi Asiyadan Avropaya uzanan nəqliyyat-logistika marşrutunun bir hissəsinə ABŞ-nin nəzarət etməsini arzuolunan saymayacaq.

Qaluzin həmçinin qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı son hərbi əməliyyatlarından sonra Tehran ölkənin şimal sərhəddində ABŞ-nin mövcudluğunu müsbət qarşılamayacaq

.Ermənistan hakimiyyəti isə İran rəhbərliyinin narahatlıqlarını aradan qaldırdığını bəyan edir. Son vaxtlar Tehrandan layihənin əleyhinə hər hansı rəsmi açıqlama verilməyib.

Safaryan jurnalistlərə deyib ki, “TRIPP layihəsi hazırda Ermənistan və ABŞ formatında icra olunur. Müvafiq saziş imzalanıb və hazırda həyata keçirilmə mərhələsindədir”. Rusiyanın layihədə sonrakı dövrdə iştirakı ehtimalıyla bağlı suala isə o, belə cavab verib:
“Bu barədə fərziyyələr irəli sürmək istəmirəm. Düşünürəm ki, gələcək barədə indi nəsə demək düzgün olmaz”.

TRIPP üzrə tranzit daşımalarının Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqına (Aİİ) Ermənistanın üzvlüyü nəzərə alınmaqla necə həyata keçiriləcəyi barədə suala cavabında Safaryan bunları deyib:
“Aİİ-nin gömrük qaydaları bizim gömrük orqanlarımız tərəfindən icra olunur. Buna görə də burada heç bir problem görmürük”.
O, layihənin yerüstü icrasının, o cümlədən dəmir yolunun tikintisinin nə vaxt başlayacağı barədə suallara konkret cavab verməyib.

Ermənistan və ABŞ TRIPP layihəsinin həyata keçirilməsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişi imzalayıblar. Razılaşmaya əsasən, birgə Ermənistan-ABŞ şirkəti yaradılacaq. Şirkətin səhmlərinin 74%-i ABŞ tərəfinə, 26%-i isə Ermənistan hökumətinə məxsus olacaq. İlk 49 illik dövr başa çatdıqdan sonra Ermənistan hökumətinin payı 49%-ə yüksələcək.

“Politfm”