Foto-illüstrasiya: “Getty İmages”
“Reuters” agentliyinin əldə etdiyi məxfi sənədlər Rusiya və Çin arasında hərbi əməkdaşlığın qorxulu miqyasını üzə çıxarıb. Sənədləri Rusiyanın müdafiə naziri şəxsən özü təsdiqləyib.
Çinin ötən il Rusiya hərbçilərinə gizli şəkildə hərbi təlim keçməsi barədə sensasiyalı sənədlər yayılıb. “Reuters” agentliyinin əldə etdiyi məxfi sənədlərə və avropalı iki rəsminin verdiyi məlumata görə, bu gizli proqram şəxsən Rusiyanın müdafiə naziri Andrey Belousovun sərəncamıyla icra olunub və prosesə hər iki tərəfdən azı dörd yüksək rütbəli general rəhbərlik edib.
Pekinin Ukrayna müharibəsində “neytral vasitəçi” imicini qorumağa çalışdığı bir vaxtda ortaya çıxan bu faktlar Qərb paytaxtlarında ciddi narahatlığa səbəb olub.
Pekində üç həftəlik “kritik” kurs
Sənədlərə əsasən, ötən ilin noyabr ayında Pekindəki Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) xüsusi obyektində rus əsgərləri üçün üç həftəlik xüsusi kurs təşkil edilib. Təlimlər radioloji, bioloji və kimyəvi mühafizə hazırlıqlarına aid olub.
Hesabatlarda rus əsgərlərinin çinli təlimatçılardan mühazirə dinlədiyini, nüvə reaktorunun modelini araşdırdığını və “kimyəvi-radiasiya kəşfiyyatı” üzrə dərslər keçdiyini əks etdirən fotoşəkillər yer alıb. Avropalı rəsmilər bildirirlər ki, bu spesifik sahənin seçilməsi təlimlərin adi təcrübə mübadiləsi yox, “yüksək səviyyəli strateji tərəfdaşlıq” olduğunu sübut edir.
Siyahıda kimlərin adı var?
Məxfi sənədlərdə təlimdə iştirak etmiş hərbçilərin adları, rütbələri və doğum tarixləri bir-bir qeyd olunub. Sənədlərə görə, Rusiya nümayəndə heyətinə general-polkovnik Rüstəm Muradov (Rusiya Quru Qoşunları komandanının müavini) rəhbərlik edib.
General-mayor Li Cinsun (ÇXAO Radioloji, Kimyəvi və Bioloji Müdafiə Akademiyasının rəhbəri) kursların açılışını edib.
General-mayor Vitali Gerasimov və general-mayor Rüstəm Hüseynov da prosesə cəlb olunmuş yüksək rütbəli zabitlər sırasındadır.
Rusiya hərbçilərinin daxili hesabatlarında Çin ordusunun texnoloji təchizatı, simulyatorları və təlimatçıların nəzəri bilikləri yüksək qiymətləndirilsə də, bir detal xüsusi vurğulanıb: Çinin real döyüş təcrübəsinin olmaması. Ukraynada dörd ildən artıqdır aktiv müharibə aparan Rusiya ordusunun yanında Çin ordusunun onilliklərdir döyüş meydanından uzaq qalması sənədlərdə zəif tərəf kimi qeyd olunub.
Avropa İttifaqı cavab tədbirlərinə hazırlaşır
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, rəsmi Brüssel bu təlimlərin keçirildiyini öz kanalları vasitəsilə təsdiqləyib və mümkün cavab tədbirlərini qiymətləndirir.
Brüsseldəki diplomatik mənbələr Aİ-nin artıq Çinə sadəcə “ticarət tərəfdaşı” kimi baxmağı dayandırmalı olduğunu və onu “Rusiya müharibəsinin həlledici təminatçısı” kimi qəbul etmək vaxtının çatdığını vurğulayırlar.
Pekin ittihamları rədd edərək yazılanların böhtan olduğunu bildirib. Moskva isə Qərbin yaydığı məlumatı “növbəti dezinformasiya” adlandırmaqla kifayətlənib.
“Politfm”



