Hörmüz boğazındakı Bəndər Abbas çimərliyi, İran, 30 iyun 2026 (foto: Amirhossein Khorgooi/ISNA/via WANA via “REUTERS”)
İran və ABŞ arasında Qətərin paytaxtı Dohada keçirilən növbəti dolayı danışıqlar davamlı sülhə dair hər hansı irəliləyiş qeydə alınmadan başa çatıb. Mənbələrin verdiyi məlumata görə, tərəflər yeni və daha çətin mövzuları müzakirə etmək əvəzinə, iki həftə əvvəl həll olunduğu güman edilən möövzulara – Hörmüz boğazında gəmiçiliyin bərpası və İranın dondurulmuş maliyyə vəsaitləri məsələlərinə qayıtmalı olublar.
Tramp “irəliləyiş var” deyir, nümayəndə heyəti təsdiqləmir
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında İranın nüvə proqramının məhdudlaşdırılması istiqamətində “yaxşı irəliləyiş” olduğunu bəyan edib: “İranın nüvəsizləşdirilməsi prosesi yaxşı gedir. Çox yaxşı görüşlər keçiriblər” (“Reuters”).
Amma danışıqlar barədə məlumatlı mənbələr bildirirlər ki, texniki xarakter daşıyan Doha görüşlərində nüvə proqramı ümumiyyətlə gündəmə gəlməyib. ABŞ vitse-prezidenti Cey Di Vens də bu ziddiyyəti qismən təsdiqləyərək nüvə məsələsinin yalnız növbəti mərhələlərdə müzakirə olunacağını qeyd edib.
Digər diqqətçəkən məqamsa Ağ Evin “yüksək səviyyəli” adlandırdığı bu danışıqlara Trampın kürəkəni Cared Kuşner və xüsusi nümayəndəsi Stiv Vitkoffun qatılmaması olub. İran tərəfini təmsil edən xarici işlər nazirinin müavini Kazım Qaribabadi isə yalnız danışıqların bitdiyini elan etməklə kifayətlənib, tərəflər arasında fikir ayrılıqları qalıb-qalmadığı barədə məlumat verməyib.
Hörmüz boğazında gərginlik davam edir: Tehran rüsum tələb edir
Müharibədən əvvəl qlobal neft və maye qaz daşımalarının 20%-ni təmin edən Hörmüz boğazında vəziyyət kritik olaraq qalır. İyun ayında imzalanan ilkin razılaşmaya əsasən gəmilərin hərəkəti qismən bərpa olunsa da, bu su yolunun statusu qeyri-müəyyəndir. Keçən həftəsonu İranın bir yük gəmisinə hücumundan sonra tərəflər qarşılıqlı zərbələr endiriblər.
Tehran boğaza nəzarətinin beynəlxalq səviyyədə tanınmasını tələb edir və avqustun ortalarından etibarən gəmilərdən rüsum yığmağa başlayacağını bildirir.
Trampın irimiqyaslı müharibə ehtimalını azaltmağa çalışan şərhlərindən sonra neft qiymətləri son dörd ayın ən aşağı səviyyə düşüb.
“Vanda Insights” şirkətinin təsisçisi Vandana Hari boğazdakı vəziyyəti belə xarakterizə edib: “Bərpa prosesi nizamsızdır, proqnozlaşdırılması mümkünsüzdür və tam şəffaf deyil”.
Avropa ölkələri boğazın minalardan təmizlənməsinə kömək təklif etsə də, Almaniyanın müdafiə naziri Boris Pistorius İranın qeyri-konstruktiv mövqeyinə görə Berlinin bu missiyada iştirak etməyəcəyini açıqlayıb.
“Politfm”



