Foto: internet

 

 

Bu gündən etibarən Azərbaycanda qadınlar üçün də pensiya yaşı 65 oldu. Belə yanaşma zahirən Qərb ölkələrinin təcrübəsinə uyğun görünə bilər. Amma məsələ təkcə yaş həddində deyil; əsas fərq orta ömür uzunluğu, sağlam həyat illəri, əmək şəraiti və sosial təminat sisteminin gücündədir.

Qərb ölkələrinin çoxunda pensiya yaşı uzunömürlülük göstəriciləri, daha inkişaf etmiş səhiyyə sistemi və yaşlılara verilən əlavə dəstək mexanizmləri ilə uzlaşdırılır. Azərbaycanda isə orta ömür uzunluğu daha aşağı olduğundan, 65 yaş çoxları üçün pensiya dövrünün rahat və uzun mərhələsi deyil, əksinə, iş həyatının ağır yükündən sonra gələn qısa bir mərhələ kimi qalır.

Aşağıdakı rəqəmlər bunun bariz sübutudur:

                                       Ölkə pensiya yaşı            Orta ömür uzunluğu (təxminən)
Azərbaycan                            65                                          74 il
Danimarka                             67                                          82 il
Niderland                               67                                          82 il
Almaniya                                67                                          81 il
Böyük Britaniya                       66                                          81 il

Bu statistikadan da göründüyü kimi, Qərbi Avropa ölkələrində pensiya yaşı yüksək olsa da, pensiyaya çıxandan sonra insanlar daha uzun müddət yaşaya bilirlər. Amma orta ömrün daha aşağı olduğu ölkədə 65 yaş həddi insanın pensiyadan real faydalanma müddətini xeyli daraldır. Buna görə də digər ölkələrdəki rəqəmi tətbiq etmək eyni ədaləti yaratmır, formal bərabərlik sosial bərabərlik gətirmir.

Məşğulluq problem

Pensiya yaşının artırılması yalnız o halda səmərəli hesab edilir ki, insanlar həqiqətən həmin yaşadək işləyə bilsinlər.
Avropanın bir çox ölkəsində 60 yaşdan yuxarı şəxslərin məşğulluğunu artıran proqramlar mövcuddur, yaşa görə ayrı-seçkiliklə mübarizə aparılır, yarımştat və uyğun iş imkanları geniş yayılıb.

Bundan başqa, inkişaf etmiş ölkələrdə yüksək pensiya yaşı aşağıdakı amillərlə müşayiət olunur:
– daha uzun və sağlam ömür;
– yüksək əməkhaqqı və nəticədə daha yüksək pensiyalar;
– yaşlı insanlar üçün əlçatan əmək bazarı;
– güclü səhiyyə və sosial müdafiə sistemi.

Azərbaycanda bunların heç biri istənilən səviyyədə deyil. Maaşların az, sosial müdafiə sisteminin zəif olması keyfiyyətli səhiyyə xidmətlərinə çıxışı əlçatmaz edir. Nəticədə uzun və sağlam ömür imkanları da azalır. Ölkədə nəinki 60, hətta 50 yaşdan yuxarı şəxslərin də yeni iş tapmaq şansı olduqca məhduddur.

İnkişaf etmiş ölkələrdə pensiya yaşının yüksəldilməsi, adətən, mərhələli şəkildə aparılır və bu proses elastik mexanizmlərlə müşayiət olunur. Orada erkən pensiya, hissə-hissə pensiya, işdən sonra qismən məşğulluq və əlavə sosial ödənişlər kimi imkanlar mövcuddur. Bu cür yanaşma insanın həm əmək bazarında qalmasına, həm də yaşlandıqca həyat keyfiyyətini qorumasına şərait yaradır. Azərbaycanda isə belə yumşaldıcı alətlər kifayət qədər güclü olmadığı üçün pensiya yaşının artırılması daha çox büdcə sabitliyi məqsədi daşıyan inzibati qərar təsiri bağışlayır.

Xüsusilə ağır fiziki əməkdə çalışanlar, qeyri-rəsmi sektorda işləyənlər, sağlamlıq imkanları məhdud olanlar və aşağı gəlirli təbəqələr üçün bu məsələ daha kəskin hiss olunur. Qərb ölkələrində məhz bu qruplar üçün əlavə kompensasiya mexanizmləri, pensiya kreditləri və çevik çıxış variantları nəzərdə tutulur. Azərbaycanda bu dəstək mexanizmləri olmadığı üçün pensiya yaşının 65-ə qaldırılması sosial ədalətdən çox, fiskal zərurət kimi görünür.

Nəticə etibarilə  pensiya yaşı baxımından Azərbaycanın Qərb modelinə uyğunlaşması yalnız rəqəm səviyyəsində baş verir, məzmun səviyyəsində isə fərqlidir. İnkişaf etmiş ölkələrdə bu yaş həddi daha uzun ömür, daha sağlam yaşlanma və daha güclü sosial müdafiəylə dəstəklənir. Azərbaycanda orta ömür uzunluğu və sosial təminat imkanları eyni səviyyədə olmadığına görə pensiya yaşı daha aşağı həddə olmalıdır. 

Yeri gəlmişkən, Özbəkistanda bu hədd 55, Türkiyədə 58, Qazaxıstanda isə 61 yaşdır.
Qadınların orta ömür yaşı isə müvafiq olaraq 76, 81 və 80-dir və hər üçündə də Azərbaycandakından çoxdur

Nəzərə almaq lazımdır ki, pensiya yaşı dövlətin insan ömrünə verdiyi dəyərin göstəricisidir – məsələnin əsas mahiyyəti budur.

“Politfm”