Foto: internet

 


2026-cı ilin yanvar-may aylarında Azərbaycan bank sektorunun xalis mənfəəti 557,1 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 29,35 faiz artıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilir ki, ilin ilk beş ayında bankların əməliyyat gəlirləri 3 milyard 44,3 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 12,7 % çox), əməliyyat xərcləri 2 milyard 172,9 milyon manat (27,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 179,5 milyon manat (9,7 % az), mənfəət vergisi ödəmələri isə 134,7 milyon manat (23,6 % çox) təşkil edib.

Bank sektorunun cəmi öhdəlikləri 51.61 milyard manat, balans kapitalı isə 7.57 milyard manat təşkil edib. Kredit portfeli 276.6 milyon manat və ya 0.9% artaraq 30.89 milyard manata çatıb. Kreditlərin 16.40 milyard manatı biznes, 9.78 milyard manatı istehlak, 4.71 milyard manatı isə ipoteka kreditlərinin payına düşüb.

Bankların öhdəliklərində əsas payı depozitlər təşkil edib. Mayın sonuna depozit portfeli 38.55 milyard manata çataraq ümumi öhdəliklərin 74.7%-ini formalaşdırıb. Bunun 21.12 milyard manatı hüquqi şəxslərin, 17.43 milyard manatı isə fiziki şəxslərin depozitləri olub.
Fiziki şəxslərin əmanətlərinin 12.26 milyard manatı və ya 70.4%-i milli valyutada saxlanılıb. Mayın sonuna bankların 499 filialı, 84 şöbəsi və 3,502 ATM-i fəaliyyət göstərib. Sektorda çalışanların sayı 27,374 nəfər olub.

Bank sektorunda xalis gəlirin artmasının səbəbləri

Bu artım bir neçə qarşılıqlı bağlı faktordan qaynaqlanır: faiz marjasının genişlənməsi, qeyri-faiz əməliyyat gəlirlərinin sürətli yüksəlişi və kredit zərərlərinə ayrılan ehtiyatların azaldılması.
Artımın ən mühüm amillərindən biri faiz marjasıdır. İstehlak kreditləri üzrə nominal faizlər bankdan-banka və məhsul növünə görə dəyişir, amma ümumi mənzərə göstərir ki, kreditlərin orta faizləri depozitlərin orta faiz dərəcələrindən xeyli yüksəkdir.

Nəticədə banklar kreditlərdən əldə etdikləri faiz gəlirləri ilə depozitlərə ödədikləri faizlər arasındakı fərqdən (nominal marja) faydalanırlar. Bu effekt kredit həcminin genişləndiyi dövrdə daha güclü təsir göstərir: həm istehlak, həm də biznes kreditlərinə tələbin artması faiz gəlirlərini artırır və xalis faiz gəlirinin yüksəlməsinə gətirib çıxarır.

Qeyri-faiz gəlirləri də bankların gəlir strukturunda mühüm rol oynayıb. Kart əməliyyatları, köçürmələr, nağdlaşdırma və rəqəmsal bankçılıq xidmətləri üzrə komissiyalar son aylarda sürətlə artıb – AMB-nin statistikasına görə, bu seqment 5 ay ərzində təxminən 3 milyard manatı ötüb.

Xalis mənfəətin artmasında üçüncü mühüm element kredit zərərləri üçün yaradılan ehtiyatların azalmasıdır. AMB-nin məlumatına görə, bankların kredit zərərlərinə ayırdıqları ehtiyatlar ötən ilin eyni dövrüylə müqayisədə təxminən 9,7% azalıb. Bu, qısa müddətdə xalis mənfəəti şişirə bilər, çünki ehtiyat olaraq saxlanmayan vəsaitlər mənfəət hesabına daxil olur.

Nəticə etibarilə, bank sektorunda xalis mənfəətin 29,35%-lik artımı əsasən faiz marjasının genişlənməsi, kredit həcminin böyüməsi, qeyri-faiz əməliyyat gəlirlərinin artması və zərərlər üçün nəzərdə tutulmuş ehtiyatların azaldılmasıyla əlaqəlidir.

“Politfm”