Foto: “Reuters”


Krım və Sevastopol şəhərlərinə Rusiyanın təyin etdiyi “qubernatorlar” yarımadada fövqəladə vəziyyət rejimi elan ediblər. Krımın “rəhbəri” Sergey Aksyonov bildirib ki, qərar əsasən iqtisadi məsələlərin daha çevik qaydada tənzimlənməsi üçün verilib.

Bu barədə Aksyonov “Telegram”dakı hesabında məlumat verib. 

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi əhalinin təminatıyla bağlı bütün sahələrin sabit işləməsini mümkün qədər operativ şəkildə təşkil etməyə imkan verir.

Sevastopolun “qubernatoru” Mixail Razvojayev də oxşar məzmunda açıqlama verib. O, Krım yarımadasında enerji təminatının hələ də çətin olaraq qaldığını bildirib.

Fövqəladə vəziyyət rejimi 26 iyun Moskva vaxtıyla saat 13:00-da qüvvəyə minib və durum yaxşılaşana qədər davam edəcək. Bu rejim çərçivəsində hakimiyyət hərəkət azadlığını məhdudlaşdıra, müəssisələrin işini dayandıra və məcburi təxliyə həyata keçirə bilər.

Benzin və dizel qıtlığı Rostov vilayətini Ukraynanın işğal olunmuş Krım yarımadasıyla birləşdirən federal R-280 “Novorossiya” magistralına endirilən zərbələrdən sonra yaranıb. İyunun ortalarında vəziyyət daha da pisləşib və yanacaqdoldurma məntəqələrində yanacaq satışı dayandırılıb.

Ayın əvvəlindən etibarən Krım və Sevastopol sakinləri ərzaq tədarükündə fasilələr və satışa məhdudiyyətlər qoyulduğunu bildirməyə başlayıblar. Məsələn, bəzi supermarketlərdə bir nəfərə üç şüşədən artıq bitki yağı və üç paketdən artıq makaron almağa icazə verilmir. Yerli “Telegram” kanallarında insanlar mağazalardan şəkər, qarabaşaq, düyü, un və duz kimi məhsulların yoxa çıxmasından şikayətləniblər.

“Politfm”