Foto: internet

 


Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 635,4 milyon manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bu, ötən ayın müvafiq dövrüylə müqayisədə 3,45 % çoxdur.
2025-ci ilin sonuna olan statistikaya görə isə problemli kreditlərin həcmi 557.6 milyon manat olub.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 21,15 %, son 1 ildə isə 25 % artıb.
Mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət aprelin sonuna 1,9 %, ötən ilin sonuna 1,6 %, ötən il mayın sonuna isə 1,7 % olub.
Vaxtı keçmiş kreditlərin həcmindəki bu artım ölkənin maliyyə-bank sektorunda risklərin artdığını və borcalanların ödəniş qabiliyyətinin zəiflədiyini göstərir.

Son 1 ildə 25%, ilin əvvəlindən bəri isə 21,15% artım göstərir ki, problemli kreditlərin çoxalması prosesi bu ilin ilk aylarında daha da sürətlənib. Aylıq 3,45%-lik artım da bu mənfi dinamikanın davam etməsinin siqnalıdır.

Problemli kreditlərin həcminin artması əsasən iki amillə əlaqələndirilir.

1) İstehlak kreditləşməsinin genişlənməsi: bankların aqressiv şəkildə nağd pul və ya kredit kartları təklif etməsi və bəzi hallarda risklərin düzgün qiymətləndirilməməsi.

2) İnflyasiya və xərclərin artması: real gəlirlərin inflyasiya qarşısında zəifləməsi və vətəndaşların gündəlik xərclərinin artması səbəbindən kredit öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkməsi.

Dövlət Statistika Kömitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrüylə müqayisədə 5,6% artıb.

Mütəxəssislərin qənaətinə görə, Mərkəzi Bankın problemli kreditlərlə bağlı statistikası kommersiya bankları üçün kredit siyasətinə yenidən baxmaq, borcalanlar üçünsə maliyyə intizamını gücləndirmək üçün xəbərdarlıqdır.

“Politfm”