Foto: internet



Bu ilin ilk 5 ayında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 1.2 milyard dollar və ya 10.4% artaraq 12.7 milyard dollara çatıb.

Bu barədə AMB məlumat yayıb.

Bildirilir ki, valyuta hərraclarında bankların dollara olan tələbinin əhəmiyyətli dərəcədə azalması fonunda qurum prosesə alış yönlü müdaxilə edərək məzənnənin sabitliyini qorumaq üçün bazardan xarici valyuta satın alıb. 

Rəsmi statistikaya görə, 2025-ci ilin yanvar–may aylarında Azərbaycanın ixracı idxalı üstələyib və ölkədə 339,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb – ixrac 10,3 milyard dollar, idxal isə 9,96 milyard dollar olub. Başqa sözlə, ölkəyə gələn valyuta çıxandan daha çox olub.

Bu,  bazarda xarici valyuta təklifinin artmasına və Mərkəzi Bankın alış yönlü müdaxiləsinə ehtiyac yaratmış amillərdən biri kimi qiymətləndirilə bilər.

Adətən, Mərkəzi Bank manat məzənnəsini sabit saxlamaq üçün bazara mütəmadi olaraq dollar çıxarır. Bu dəfə isə əksinə, bazarda təklif çox olduğu üçün manatın həddindən artıq güclənməsinin qarşısını almaq və sabitliyi saxlamaq üçün bu dəfə alıcı kimi çıxış edib.

“Politfm”