Foto: Allison Robbert/CNP
ABŞ Senatı prezident Donald Trampı ya İrana qarşı hərbi əməliyyatları dayandırmağa, ya da güc tətbiqi üçün Konqresdən ayrıca icazə almağa məcbur edən qətnaməni qəbul edib.
Bu barədə CNN məlumat yayıb.
Dünən baş tutmuş səsvermənin yekun nəticəsi 50 lehinə, 48 əleyhinə olub.
Telekanal qeyd edir ki, nəticəyə respublikaçı senatorlar Rand Pol, Syuzan Kollinz, Liza Murkovski və Bill Kessidinin qətnamənin lehinə səs verməsi təsir göstərib. Demokrat senator Con Fetterman isə sənədin əleyhinə çıxış edib.
CNN-in məlumatına görə, Senatdakı bəzi demokratlar, o cümlədən Tim Keyn hesab edirlər ki, ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu imzalansa və yekun sülh sazişi üzrə danışıqlara başlanılsa belə, hərbi səlahiyyətlərlə bağlı qətnamənin qəbulu vacibdir.
Senat mayın 20-də qətnamənin növbəti mərhələyə keçirilməsinə səs vermişdi. Həmin vaxt sənədi 50 senator dəstəkləmiş, 47 senator isə əleyhinə çıxmışdı. İyunun 17-də keçirilən növbəti səsvermədə isə sənəd bir səs fərqi ilə rədd edilmişdi — 47 lehinə, 48 əleyhinə.
ABŞ Prezidenti Donald Tramp bu gün – iyunun 24-də “Truth Social” sosial şəbəkəsində yazıb ki, prezidentin hərbi səlahiyyətlərini məhdudlaşdıran qətnamənin qəbulu vaxtsız və mənasız addımdır, sənədi dəstəkləyən senatorlar bununla Vaşinqtonun rəqiblərinə kömək etmiş olurlar.
“Bu senatorlar mənim işimi çətinləşdirdilər. Amma mən istənilən halda məqsədimə çatacam, çünki başladığım işi həmişə sona çatdırıram” – Tramp belə yazıb.
ABŞ lideri həmçinin iddia edib ki, İranı “çıxılmaz vəziyyətə” salıb və Tehran “demək olar ki, hər şeydən imtina etməyə hazırdır”. Onun fikrincə, “onilliklər ərzində ilk dəfədir ki, İran ABŞ-yə və onun prezidentinə hörmət göstərir”.
“Belə bir vaxtda ABŞ Senatı hərbi səlahiyyətlər haqqında qanunla bağlı bu yersiz və mənasız səsverməni keçirir, əslində isə dünyanın terrora ən böyük dəstək verən dövlətinə ABŞ-nin mənim addımlarımı dəstəkləmədiyini və dayanmalı olduğumu bildirir. Bu isə düşmənə yardım etmək və dəstək vermək deməkdir” deyə, o əlavə edib.
Prezident demokratlarla birlikdə səs verən dörd respublikaçı senatoru da xatırladaraq onları “uğursuzlar” adlandırıb.
ABŞ Konstitusiyasına əsasən, müharibə elan etmək səlahiyyəti yalnız Konqresə məxsusdur. Amma bir çox Amerika siyasətçisi hesab edir ki, bu norma qısamüddətli hərbi əməliyyatlara və ya ölkənin birbaşa təhlükəylə üzləşdiyi hallara şamil edilmir.
Demokratlar bu qətnaməni Senatda dəfələrlə səsverməyə çıxarsalar da, əvvəlki cəhdlərin hamısı rədd edilmişdi.
“Politfm”



