ABŞ Prezidenti Donald Tramp Fransanın Orli hava limanında, 17 iyun 2026 (foto: Mandel Ngan/AFP)




Çərçivə sazişi imzalanandan və növbəti danışıqlar başlayandan sonra ABŞ-nin İranla müharibəsi müvəqqəti də olsa, dayandırılıb və Prezident Donald Tramp amerikalılara bu müharibədə qalib gəldiklərini deyir.

“Əla! Neft sel kimi axır, İran heç vaxt nüvə silahına sahib ola bilməyəcək (dünya təhlükəsiz olacaq!), fond bazarları çiçəklənir, məşğulluq rekord səviyyədədir, qiymətlər isə enir (əlçatanlıq artır!). Ölkəmiz heç vaxt olmadığı qədər güclü, təhlükəsiz və hörmətlidir” – Tramp cümə axşamı sosial şəbəkədəki paylaşımında belə yazıb.

Amma 13 amerikalı hərbçinin və regionda 7500-dən çox mülki şəxsin həyatına son qoyan, 100 gündən artıq davam edən münaqişənin nəticələrinin obyektiv təhlili Trampın təqdim etdiyi mənzərədən daha mürəkkəb tablo ortaya qoyur. 

Müharibənin birbaşa xərci təxminən 40 milyard dollar olub, amma ümumi hesab daha böyükdür

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hazırladığı ilkin hesablamalara görə, münaqişə ABŞ Müdafiə Nazirliyinə təxminən 40 milyard dollara başa gəlib.

Mərkəzin baş müşaviri Mark Kansian CNN-ə bildirib ki, bu məbləğə sursatların, məhv edilmiş texnikanın və bazalara dəyən ziyanın dəyəri daxildir. Lakin 2026-cı maliyyə ili üçün 1 trilyon dolları aşan müdafiə büdcəsində artıq nəzərdə tutulmuş əməliyyat xərcləri bu hesablamaya daxil edilməyib.

CNN-in məlumatına görə, Pentaqon əlavə 80 milyard dollarlıq maliyyələşdirmə tələbi irəli sürüb. ABŞ hökumətindəki iki mənbənin sözlərinə görə, bunun 20 milyard dollardan bir qədər az hissəsi İranla müharibəylə bağlı təcili ehtiyaclar üçündür. Bu rəqəmə obyektlərin bərpası və regiondakı ABŞ bazalarının saxlanılması kimi xərclər daxil deyil.

Təkcə sursatlara 26 milyard dollar xərclənib

Kansianın sözlərinə görə, xərclərin ən böyük hissəsini sursatlar təşkil edib. Müharibə zamanı uzaqmənzilli, yüksək texnologiyalı və bahalı silahlardan geniş istifadə olunub.
Məsələn, bir “Tomahawk” raketinin qiyməti təxminən 2,5 milyon dollardır və ABŞ müharibə ərzində bu raketlərdən təxminən min ədəd istifadə edib.

Müharibə ABŞ-nin silah ehtiyatlarını azaldıb

Ekspertlər və rəsmilər CNN-ə bildiriblər ki, müharibədə əsas raket sistemlərinin əhəmiyyətli hissəsi istifadə olunub.
İyunun əvvəlində Tramp Müdafiə İstehsalı Aktını işə salaraq müdafiə sənayesi şirkətlərini daha çox silah istehsal etməyə məcbur edib.
CSIS-in hesablamalarına görə, müharibənin ilk 100 saatı 3,7 milyard dollara başa gəlib. Sonrakı günlərdə zərbələrin intensivliyinin azalması və bahalı silahlardan istifadənin məhdudlaşdırılması nəticəsində gündəlik xərclər aşağı düşüb. Müharibənin 12-ci günündə ümumi xərc təxminən 16,5 milyard dollara çatıb.

Əsas yük Müdafiə Nazirliyinin üzərində olsa da, ilkin hesablamalara görə, Daxili Təhlükəsizlik Nazirliyi və Veteranlarla İş Nazirliyi kimi qurumlar da təxminən 1 milyard dollar əlavə xərc çəkib. Bunun 165 milyon dolları yanacaq qiymətlərinin artmasıyla bağlı olub.

Benzin hələ də bahadır

Müharibə benzinin qiymətini yüksəldib və bu, iqtisadi siyasətinin əsas elementlərindən biri neft və qaz hasilatı olan Tramp üçün ciddi problemə çevrilib.
ABŞ uzun illərdir dünyanın ən böyük neft-qaz istehsalçılarından biri olsa da, enerji bazarı qlobal xarakter daşıyır. Müharibə dövründə benzinin orta qiyməti ölkə üzrə bir qallon üçün 3 dollardan 4 dolların üzərinə qalxıb.

Gözlənilir ki, Hörmüz boğazında neft nəqlinin bərpası qiymətləri aşağı salacaq. Amma bunun vaxt aparacağı bildirilir. Cümə günü ABŞ üzrə orta qiymət 3,97 dollar olub, cümə axşamı isə martın 30-dan bəri ilk dəfə 4 dollardan aşağı düşüb.
Braun Universitetinin enerji xərcləriylə bağlı araşdırmasına görə, müharibə ABŞ ailələrinin orta hesabla 253 dollar artıq vəsait xərcləməsinə səbəb olub.

Dizel yanacağı daha da bahalaşıb

Benzinin bahalaşması adi vətəndaşların xərclərini artırıb, dizel qiymətlərinin artması fermerlərə və yükdaşıma sektoruna daha ağır təsir edib.
Müharibədən əvvəl dizelin orta qiyməti təxminən 3,80 dollar idi. İyunun 15-nə olan məlumata görə isə bu göstərici 5 dolları keçib.
Braun Universitetinin hesablamalarına görə, qiymət artımı nəticəsində amerikalılar dizel yanacağına əlavə olaraq təxminən 27,1 milyard dollar xərcləyiblər.
Müharibə həmçinin gübrə qiymətlərini artırıb və bunun kənd təsərrüfatına uzunmüddətli nəticələri ola bilər.

Strateji neft ehtiyatları 1983-cü ildən bəri ən aşağı səviyyədədir

ABŞ-nin Meksika körfəzi sahillərindəki duz mağaralarında saxlanılan strateji neft ehtiyatları Bayden dövründə Ukrayna müharibəsinə görə, Tramp dövründə isə İranla müharibəyə görə ciddi şəkildə azalıb.

CNN-in iqtisadiyyat müxbiri Mett İqanın hesablamalarına görə, bu ehtiyatların səviyyəsi hazırda 1983-cü ildən – Ronald Reyqan administrasiyası onları formalaşdırılmağa başladığı dövrdən bəri ən aşağı həddədir.

Dünya 1,15 milyard barel neft itirib

Yaxın Şərqdə hasil olunan neft təxminən dörd aya yaxındır bazara çıxarılmır.
“Kpler” şirkətinin məlumatına görə, müharibə dövründə qlobal bazar ümumilikdə 1,15 milyard barel neftdən məhrum olub.
Nəticədə dünya bazarı mümkün olan bütün mənbələrdən neft cəlb etməyə başlayıb.
Venesuela və Braziliya hasilatı artırıb. ABŞ Avropaya böyük həcmdə aviasiya yanacağı, Avstraliyaya isə dizel yanacağı göndərib. Tramp administrasiyası yüz milyonlarla barel Rusiya və İran neftinin ixracına tətbiq edilən sanksiyaları yumşaldıb. Bundan əlavə, 32 ölkə tarixdə ən böyük fövqəladə neft ehtiyatı buraxılışını koordinasiya edib.

Amma bu addımlar da kifayət etməyib. Nəticədə neft şirkətləri müştərilərinin tələbatını ödəmək üçün öz kommersiya ehtiyatlarından istifadə etməyə başlayıblar.

Oklahoma ştatının Kuşinq şəhərində neft ehtiyatları tükənmək üzrədir

ABŞ-nin Oklahoma ştatındakı Kuşinq şəhərində ölkənin ən mühüm neft nəqli və saxlama qovşaqlarından biri yerləşir. ABŞ-nin müxtəlif bölgələrindən gələn neft kəmərləri burada birləşir. Lakin hazırda qovşaq kritik həddə yaxınlaşıb. Vəziyyət kofe aparatındakı qəhvənin səviyyəsinin krandan aşağı düşməsinə və son damcıları tökmək üçün onu əyməyə bənzədilir.
Neft anbarlarının dibində qalan maddənin böyük hissəsi istifadəyə yararsız çöküntülərdən ibarətdir. Bu isə boru kəmərlərində lazımi təzyiqin saxlanılmasını çətinləşdirir.
ABŞ Enerji İnformasiyası Administrasiyası ötən həftə bildirib ki, Kuşinqdəki rezervuarlarda cəmi 20 milyon barel neft qalıb.
ABŞ Prezidenti Donald Tramp da çərşənbə günü Versalda keçirilən G7 sammitində bu problemi etiraf edib.
“Xaosun necə göründüyünü bilmək istəyirsiniz?” deyə, Tramp soruşub və əlavə edib – “Təxminən dörd həftədən sonra bizim ehtiyatlarımız tükənəcək”.

İnflyasiya yüksəlir

Tramp qiymət artımına səbəb olan siyasətini əsaslandırmaq üçün inandırıcı siyasi arqument tapmaqda çətinlik çəkir. Bəzi hallarda o, “əlçatanlıq” anlayışının aldadıcı olduğunu iddia edib. Son olaraq belə deyib: “Mən inflyasiyanı sevirəm”.
Trampın sözlərinə görə, vəziyyət daha pis ola bilərdi və müharibə başa çatdıqdan sonra inflyasiya “daş kimi aşağı düşəcək”.
Amma inflyasiyanın azalmasıyla faktiki ucuzlaşma eyni şey deyil. Azalma qiymətlərin enməsi yox, daha yavaş artması deməkdir.
ABŞ Əmək Statistikası Bürosunun son məlumatlarına görə, illik inflyasiya son üç ildə ilk dəfə 4%-i ötüb. Bunun əsas səbəbi enerji daşıyıcılarının bahalaşmasıdır.
Bu göstərici COVID-19 pandemiyası dövrünün rekord səviyyələrindən uzaq olsa da, Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrini endirməzdən əvvəl məqsədəuyğun hesab etdiyi səviyyədən təxminən iki dəfə yüksəkdir.

Qurumun ötən həftə faiz dərəcələrini aşağı salmamasının bir səbəbi də məhz yüksək inflyasiyadır. Halbuki bu, Trampın tələbiydi və hazırda FES-ə təyin etdiyi Kevin Uorş rəhbərlik edir.
Bu gün ABŞ-də qiymətlər amerikalıların orta əməkhaqqından daha sürətlə artır. Aprel və may aylarındakı əməkhaqqı artımlarını inflyasiya faktiki olaraq neytrallaşdırıb. Bu, 2023-cü ildən bəri ilk belə haldır.

İstehlakçı inamı bir qədər artsa da, hələ də tarixi minimumlara yaxındır

Amerikalılar arasında müəyyən nikbinlik əlamətləri müşahidə olunur. Miçiqan Universitetinin uzun illərdir apardığı sorğunun nəticələrinə görə, istehlakçı əhval-ruhiyyəsi üç aylıq fasiləsiz enişdən sonra iyunda yüksəlib.
Bununla belə, göstəricilər hələ də tarixi orta səviyyələrdən xeyli aşağıdır.
CNN-in əməkdaşı Brayan Mena yazır ki, istehlakçıların zəif inamı yalnız müharibənin nəticəsi deyil.
Son illərdə baş verən qiymət şokları onsuz da mürəkkəb olan yaşayış xərci problemini daha da ağırlaşdırıb. 2020-ci ildən bəri amerikalılar iqtisadiyyata təsir göstərən bir sıra tarixi hadisələrlə üzləşiblər. Bu zaman kəsiyindəki iqtisadi sarsıntılarından uzaqlaşıb tam bərpa olunmağa imkan verən uzunmüddətli sabitlik dövrü yaranmayıb.

Səhmlər bahalaşır

Müharibə başlayandan dərhal sonra fond indeksləri geriləsə də, Tramp bazarların rekord nəticələr göstərməsiylə öyünməyə davam edir.
Həm inflyasiyaya, həm də yanacaq qiymətlərinin artmasına görə amerikalılar iqtisadiyyat barədə müəyyən qədər pessimist düşünə bilərlər. Amma investorlar öz yatırımlarına sadiqdirlər.
Buna “SpaceX” şirkətinin və süni intellekt sektorundakı böyük qurumların uğurlu ilkin səhm yerləşdirmələrini (IPO) də əlavə etdikdə, pensiya yığımlarına malik insanlar üçün vəziyyət daha müsbət görünür.

İstiqrazları qiyməti xeyli aşağı düşüb

Müharibə dövründə benzinin bahalaşması inflyasiya narahatlıqlarını artırdığı üçün investorlar istiqrazları kütləvi şəkildə satmağa başlayıblar.
Nəticədə ABŞ-nin etalon hesab olunan 10 illik dövlət istiqrazlarının gəlirliliyi may ayında son bir ildən artıq müddətin ən yüksək səviyyəsinə yüksəlib, daha sonra isə bir qədər geriləyib.
10 illik istiqrazların gəlirliliyi kredit kartları, avtomobil kreditləri və ipoteka daxil olmaqla, istehlak kreditlərinin faizlərinə birbaşa təsir göstərir.

İpoteka faizləri yüksəlib

Federal Ev Krediti İpoteka Korporasiyasının (“Freddie Mac”) məlumatına görə, 30 illik sabit faizli ipoteka kreditləri üzrə orta faiz dərəcəsi ötən həftə 6,52%-dən 6,47%-ə enib – bu, illik maksimuma yaxın göstəricidir.
İstiqraz gəlirliliyinin artması ipoteka faizlərini yüksəldib, daşınmaz əmlak bazarını zəiflədib və bir çox insanın ev sahibi olmaq imkanlarını məhdudlaşdırıb.
Faizlərin daha da artacağı ehtimal olunur. FES-in sədri Kevin Uorş ötən həftə ilk dəfə rəhbər statusunda olduğu iclasda bildirib ki, qiymət artımının qarşısını almaq üçün mərkəzi bank daha sərt addımlar ata bilər.
Bazar iştirakçıları artıq bu ilin sonuna qədər FED-in faiz dərəcələrini artıracağını gözləyirlər. Bu, ipoteka faizlərinin yenidən yüksəlməsinə səbəb ola bilər.

Trampın onsuz da çox aşağıda olan reytinqi bir az da düşüb

Onun ölkədə sadiq bir tərəfdar kütləsi olsa da, ölkə əhalisinin böyük hissəsi onun fəaliyyətindən narazıdır.
Müharibə başlamazdan əvvəl də Trampın reytinqi 40 %-dən aşağı düşmüşdü – fevral ayında amerikalıların yalnız 38%-i onun fəaliyyətini bəyənirdi.
CNN-in sorğusuna əsasən, iyunun 15-ə olan vəziyyətə görə bu göstərici 37% olub.
“Fox News” telekanalının son sorğusuna görəsə, Trampın həm iqtisadi, həm də İran siyasəti seçicilər arasında zəif dəstəklənir. Qeydiyyatdan keçmiş seçicilərin yalnız 31%-i onun iqtisadi, 35%-i isə İran siyasətini dəstəkləyib.

“Politfm”

(CNN-in materialı əsasında)