Foto: “Reuters”
Bazar günü Çexiyanın paytaxtı Praqa şəhərində minlərlə insan etiraz yürüşünə çıxıb. Onlar ictimai medianın onilliklərdir qüvvədə olan maliyyəlişdirilməsi sisteminin dəyişdirilməsi planına etiraz edirlər. Tənqidçilərin fikrincə, nəzərdə tutulan dəyişikliklər maliyyələşməni azaldır və siyasi müdaxiləyə yol açır.
Etiraz aksiyası ictimai yayımçılar olan “Çexiya televiziyası” və “Çexiya radiosu” əməkdaşlarının başladacağı tətildən bir gün əvvəl keçirilib (“Reuters”).
Sədri baş nazir Andrej Babiş olan populist ANO partiyasının formalaşdırdığı, sağ və ifrat sağ partiyaların da daxil olduğu hökumət ötən həftə dövlət televiziya və radio qurumlarının əsas maliyyə mənbəyi olan abunə haqlarının ləğvi barədə qərar qəbul edib.
Hökumətin qərarında bildirilir ki, əhalinin əksəriyyəti ev təsərrüfatlarından və müəssisələrdən tutulan bu ödənişləri ödəmək istəmir və ictimai yayımçılar bundan sonra dövlət büdcəsi hesabına maliyyələşdirilməlidir. Tənqidçilər isə bunun həmin qurumların müstəqilliyinə zərbə vuracağını bildirirlər.
Dəyişikliklər maliyyələşmənin 15 faiz azalmasına səbəb olacaq
Etirazı təşkil edən “Milyon məqam” qrupunun nümayəndəsi Mikulaş Minar yürüşün əvvəlində çıxış edərək deyib ki, “Medianın siyasətlə əlaqəsi yoxdur”.
Çexiyanın CTK agentliyinin məlumatına görə, aksiya iştirakçıları “Dövlət mediasından əlinizi çəkin” şüarları yazılmış plakatlarla şəhər küçələrindən keçərək Çex Televiziyasının binasına doğru yürüş ediblər.
Hökumətin təklif etdiyi dəyişikliklər maliyyələşmənin təxminən 15 faiz azalması deməkdir.
Çex Televiziyasının rəhbəri bildirib ki, bu, telekanalın 2 900 əməkdaşından təxminən 300-500 nəfərinin ixtisarıyla nəticələnə bilər.
Babiş hökuməti həm dövlət, həm də müstəqil media qurumlarını dəfələrlə sərt tənqid edib, hakim partiyalar onları qərəzli hesab edirlər. Bununla belə, hökumət bildirir ki, planlaşdırılan dəyişikliklər nə Çexiya televiziyasının, nə də Çexiya radioasunun müstəqilliyinə təhlükə yaradacaq.
“Politfm”



